27 Yanvar, 2024-cü il. Təqvimin bu günü paytaxtın Xətai rayonunda yerləşən “Səadət” şadlıq sarayında filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şairə Qiymət Məhərrəmlinin 60, onun ömür-gün yoldaşı, şair-publisist Gülməmməd İsrafiloğlunun 70 illik yubileyləri keçirildi. Həmçinin, Gülməmməd İsrafiloğlunun yenicə işıq üzü görmüş “Yaşadım bu ömrü” hekayələr kitabı təqdim olundu. Bu sətirlərin müəllifinə də həmin möhtəşəm yubiley gecəsində iştirak etmək xoşbəxtliyi nəsib oldu.

Bəri başdan xatırladım ki, Qiymət xanımın yubileyi dekabr ayına təsadüf edirdi, lakin cütlüyün ortaq qərarı ilə tədbir Gülməmməd müəllimin ad gününə təyin olunmuşdu. Mötədilliklərindən irəli gələn qərardı – dostlara iki dəfə zəhmət vermək istəməmişdilər.

Qonaqları salamlayan Gülməmməd İsrafiloğlu yubiley gecəsinə təşrif buyuran şəxslərə başçılıq etdiyi Məhərrəmlilər ailəsi adından təşəkkür elan etdi. Qiymət Məhərrəmli həyat yoldaşının illərdən bəri yazdığı, ara-sıra mətbuatda dərc olunan hekayələrinin kitab halında çapının müəllifin özündən xəbərsiz, sürpriz kimi ərsəyə gətirildiyini qeyd etdi.

Çıxış edənlər – şairə Səbinə Yusif, bədii qiraətçi, Xalq artisti Eldost Bayram, bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Cavanşir Quliyev, fəal siyasi-ictimai xadim, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Zəlimxan Məmmədli və başqa dəyərli aydınlarımız yubilyarlara xoş arzularını bildirdilər, onların ibrətamiz həyat yolunu alqışladılar, yaradıcılıq fəaliyyətlərindən danışdılar, Məhərrəmlilər ailəsini nümunə kimi göstərdilər: “Nə qədər ki, Azərbaycanda ailə dəyərləri məhz bu cür qorunur, heç bir xarici düşmən bizə güc gələ bilməyəcək!”; “Bu ailədə on yaş böyük olan ər həyat yoldaşına heç vaxt deməyib ki, sən uşaqsan, filan şeyi bilməzsən...”

Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin Qiymət xanımın şeirlərindən birini təcniz üstündə sazın müşayiəti ilə oxuması məclis iştirakçılarını feyziyab etdi.

Nitqlərdə ailənin mərhum dostu, Gürcüstan Aşıqlar Birliyinin sədri olmuş rəhmətlik Osman Əhmədoğlu qədirşünaslıqla xatırlandı.

Məmmədlilər ailəsinin yubilyarlara hədiyyə etdikləri “Bir ömür birlikdə” adlı, üzərində səbəbkar cütlüyün şəkilləri nəfis toxunmuş kiçik xalça hamını valeh etdi. Əlbəttə, gecənin sahibləri onlara bağışlanan digər hədiyyələri də əzizlədilər.

Məhərrəmlilər ailəsi ilə ümumi dostumuz, gürcü əsilli şair-tərcüməçi Giya Paçxataşvili vasitəsilə tanış olmuşam (Yeri gəlmişkən, yubilyarların ailəvi dostu Givi göz əməliyyatına məruz qaldığından, yubiley məclisində iştirak edə bilmədi. Onun və həyat yoldaşı Xatirə xanımın yeri görünürdü. Təsəllimiz odur ki, əməliyyat uğurla keçib. Həkimi sağ olsun!).  Sonradan Qiymət xanımın baş redaktoru olduğu “Elimiz. Günümüz” qəzeti ilə “Azərbaycan” Nəşriyyatında redaksiya  qonşusu olmuşuq. Qiymət xanımın 50 illiyində qələmə aldığım “Qiymət Məhərrəmlinin əlavə dəyəri” adlı oçerkim “Təzadlar” qəzetində işıq üzü görəndən, 55 yaşının tamam olması münasibətilə qələm dostlarının onun haqda yazıları mənim təsisçisi olduğum “Dərkənar” qəzetinin xüsusi buraxılışında nəşr olunduqdan sonra münasibətlərimiz, dostluğumuz daha da möhkəmləndi, ailələrimiz də isinişdi. Məhərrəmlilər xeyirimizdə-şərimizdə ünümüzə ilk yetişən, harayımıza birinci çatan, sevincimizə-kədərimizə dərhal şərik olan məhrəm adamlara çevrildilər. Hətta kirayədə qaldığımız müddətdə bağ evlərində yaşamağı mənə və ailəmə təmənnasız təklif etdilər.

Hələ o vaxt müşahidə edirdim ki, “Elimiz. Günümüz” dərgisi qələm adamlarına təmənnasız, bir növ ana qucağı açmışdı, heç çap xərcləri də qarşılanmırdı. Qiymət xanım zəhmət çəkib, vaxt sərf eləyib redaksiyaya təqdim olunmuş yazıları korrektə edirdi, redaktə edirdi. Bax, katibələrə, sürücülərə mənzil bağışlamaqdansa, məhz o qəzeti maliyyələşdirmək, yaşatmaq bəlkə də dövlətimizin, cəmiyyətimizin ədəbiyyatımıza daha böyük diqqəti sayılardı. Nə isə... sözüm onda deyil. Dərd burasıydı ki, o vaxt çap xərcinin də əsas hissəsini Gülməmməd müəllim çəkirdi. Mən də baxıb fikirləşirdim ki, ər öz həyat yoldaşının geyimi ilə qayğılanar, yeyimi ilə qayğılanar, səhhəti ilə qayğılanar, cəmiyyət içində mövqeyi ilə qayğlanar, xeyirdə-şərdə layiqli səviyyədə iştirakı ilə qayğılanar, təhsili ilə qayğılanar, sərfəli işə düzəlməsi ilə qayğılanar, - bunlar başa düşüləndir. Yoxsa ki, heç bir maddi maraq olmadığı halda, həyat yoldaşının qələm dostlarının yazılarını çap etdirmək!? Bu, gəlin razılaşaq ki, aşırı dərəcədə sevginin təzahürüdür. Sən demə, müşahidə etdiklərim səadətin formulunu tapmış bu cütlüyün sevgi aysberqinin hələ görünən tərəfi imiş!

Gülməmməd müəllim ixtisasca inşaatçı-mühəndisdir. Özü də necə mühəndisdir? - Bunu çox da uzağa getmədən, onun öz əlləriylə tikdiyi evinə baxıb görmək olar. İnanıram ki, başqaları üçün inşa etdiyi evləri də vicdanla tikib. Amma onun şah əsəri,  əlbəttə ki, başçılıq etdiyi nümunəvi ailədir, nümunəvi övladlarıdır. Şadam ki, onlarla da – Nizami, Ceyhun, Vüqar qardaşları ilə də dost olmuşam. Qismətlərinə düşən gəlinləri də necə deyərlər, ocaqlarına çəkiblər. Yetişməkdə olan nəsil – Gülməmməd müəllimlə Qiymət xanımın nəvələri də eyni gözəl tərbiyəni görüb-götürürlər. O mələksimaların adlarını bir-bir çəkmirəm, elə “Allahsaxlamışlar” deyirəm. İnanıram ki, o incilərin, nurilərin də isimləri gələcəkdə böyükləri kimi ucadan çəkiləcək, inşallah.

Qeyd etdiyim kimi,  həmin gün həm də Gülməmməd İsrafiloğlunun “Yaşadım bu ömrü” hekayələr kitabının təqdimatıydı. İnsanlıq həmişə öndədi, ona görə də ilk növbədə yubilyarların insanlıqlarından danışıldı. Yaradıcılıqlarından söz düşəndə isə əlbəttə ki, Qiymət xanımın sözünün çəkisi, qələminin gücü ağır gəlir. Bununla belə, inanıram ki, sıravi oxucular da, müqtədir söz sərrafları da Gülməmməd İsrafiloğlunun hekayələri və kitabda yer alan şeirləri ilə tanış olduqda, dəyərli nəsr və poeziya nümunələrindən zövq alacaqlar. Ayrı - ayrı vaxtlarda həmin hekayələrin bəzisi mətbuatda, Qiymət xanımın sosial şəbəkədəki səhifəsində paylaşılıb, diqqətimi çəkib. Gülməmməd İsrafiloğlunun əsasən bədii publisistik üslubda qələmə aldığı hekayələrdə hadisələr təmtəraqlı villalarda, dəbdəbəli həyat tərzi keçirən varlı ailələrdə cərəyan etmir. Onun qəhrəmanları kirayələrdə yaşayan aztəminatlı ailələr, internatda böyüyən yetimlər, könüllülər dəstəsinə qoşulub düşmənlə döyüşə gedən kişi qeyrətli qadınlar, amansız kapitalist cəmiyyətinin ağır imtahanı ilə üzləşən mənəviyyatlı insanlardır. Onların ümumi cəhətləri qeyrət, namus, comərdlik, saflıq kimi yüksək əxlaqi xüsusiyyətləridir.

Gülməmməd İsrafiloğlunun qınağına tuş gələn personajlar ailə, övlad məsuliyyətini daşımağa gücü çatmayan, zərərli vərdişlərin əsiri olmuş, tamahın boyunduruğuna düşmüş kişilər, müharibə şəraitində düşmən qabağına çıxmaq əvəzinə tərk edilmiş evlərdə çapovulçuluq edən xainlərdir. Müəllif hekayələrində ilahi ədalətin qələbə çalması üçün taledən zərbə almış zavallıların qarşısına gah xeyirxah insanlar çıxarır, gah da günahlıları xəstəliklə, qəfil ölümlə cəzalandırır. Lakin eyni zamanda, qarğışın iki başı olduğu kimi, bu cür sonluqların bədbəxtlər üçün az təsəlli olduğunun, yaralarının qaysağını qopartdığının altını cızır.     

Hamının həmişə və hər yerdə ancaq və ancaq təriflədiyi dahilər hərdən tənqid eşitmədiklərinə, rəqabətlə üzləşmədiklərinə görə passivləşəcəklərindən ehtiyatlanır, hətta o səbəbə qüssələnirlər də. Ona görə də rəngarənglik xatirinə dostcasına kiçicik bir iradımı bildirirəm: Məlum oldu ki, Gülməmməd İsrafiloğlunun “Yaşadım bu ömrü” kitabının adı redaktoru Qiymət Məhərrəmlinin elə bu kitabda da yer verdiyi, özünün eyni adlı şeirindən götürülüb. İlk baxışda şeirlə kitabın adlarının şərikliyi onların müəlliflərinin ortaqlığının növbəti təzahürü kimi görünür. Lakin mənə elə gəlir ki, bu məsələdə bilərəkdən “hərf səhvinə” yol vermək və kitabı “Yaşadıq bu ömrü” adlandırmaq heç də pis olmazdı. Hərçənd, ən doğrusunu özləri bilirlər. Mən isə azından inandım ki, həqiqətən qəfil kitab çıxarmaqla ailə öz başçısına, redaktor da müəllifə sürpriz edib. Əminəm, Gülməmməd müəllimin “bu qəliz, həm də vacib” ad məsələsindən ertədən xəbəri olsaydı, bəlkə də o bir hərfin üzərində redaktorla öz aralarında çox çək-çevir edəcəkdilər.      

Çox vaxt uğur qazanan mahnını dinləyiciyə çatdıran müğənninin şöhrəti sözləri yazan şairin, musiqinin müəllifi bəstəkarın şöhrətini üstələyir. İfaçılıq məharəti şöhrəti ilə düz mütənasib olan Gülyanaq Məmmədovanın oxuduğu çox həzin, kövrək melodiyalı bir mahnı var: “Mən bu ömrü elə-belə yaşadım”. Əziz Gülməmməd müəllim, Qiymət xanım, şükür edin ki, siz bu ömrü elə - belə yaşamamısınız, lap əla (“bax belə!”) yaşamısınız. Belə də yaşamağa davam edin. Növbəti yubileylərinizi, sıradakı yaradığıcılıq uğurlarınızı qeyd edək.

Yadımdaykən, sonda onu da qeyd edim ki, masa qonşularım Zəlimxan Məmmədlinin Türkçülük mövzusunda maraqlı söhbətlərindən, ədəbiyyatşünas alim, professor Rüstəm Kamalın danışdığı mini-öykülərindən xeyli maarifləndim.

Pünhan ŞÜKÜR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN