...XX əsrin sonu, XXI yüzilin başlanğıcı Azərbaycanın çətin və sonu şərəflə bitən 35 illik mübarizə və müharibə dövrünün ictimai-siyasi fikir tarixi, bu müddətdə ziyalılarımızın mövqeyi,

xidmətləri gözdən keçirilərkən adı minnətdarlıqla çə­kilməli olan qələm sahiblərdən biri Azərbaycanın Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Kamran Rüstəmovdur.

Mən Kamran müəllimi keçən yüz-ilin səksəninci illərindən bir alim, ictimai xadim kimi uzaqdan-uzağa tanımışam. Lakin onunla yaxından tanışlığım, ona bö­yük hörmətim, əsasən, internet səhifələ­rindəki müzakirə və mübahisələrimizdən, onun sosial mediadaki yazılarından baş­lanıb. 

Kamran Rüstəmov, hər şeydən öncə, bir alimdir. İnstitutu bitirdikdən sonra qısa müddətdə assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmiş, namizədlik və doktorluq dissertasiyalarını uğurla müda­fiə etmiş, dosent və professor elmi adları almışdır. Böyük Britaniyada elmi təcrübə keçmişdir (1977–1978).

O, elm və texnikanın müxtəlif sahələ­rində dəyərli elmi araşdırmaların müəllifi­dir; neft və qaz yataqlarının istismarı və işlənməsi, qazma hidravlikası, qeyri-Nyu­ton sistemlərinin mexanikası sahəsində gördüyü işlər rəğbətlə qarşılanmışdır.

Kamran müəllim ilk dəfə olaraq anor­mal şəraitdə boru kəməri sistemlərinin iş rejimlərinin qaz-dinamik nəzəriyyəsini, eləcə də borularda ikifazalı axınların təs­nifat modellərini və onların hesablanması üsullarını işləyib hazırlamışdır. 

Eləcə də bina konstruksiyalarını və mikroiqlim sistemlərini birləşdirən üsulları yaratmağa imkan verən bina iqlimologiya­sının riyazi əsaslarının işlənməsində onun özəl xidməti vardır. 

Kamran Rüstəmov 300-dən çox elmi əsərin, monoqrafiyanın, dərs vəsaitinin, məqalənin müəllifidir. Onun yetirmələ­ri olan elmlər doktorları və namizədləri, mütəxəssislər respublikanın hüdudların­dan kənarda da çalışırlar. Elmi araşdırma­ları yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, o, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının xarici üzvü seçilmişdir.

Məni maraqlandıran və bu məqaləni yazdıran səbəb texnika elmləri üzrə alimli­yindən, pedaqoqluğundan əlavə, Kamran Rüstəmovun iti qələm sahibi, istedadlı bir jurnalist olmasıdır. O, siyasi publisistika ustasıdır. Cəbhə xəttində olduğu kimi, açılan atəşi anındaca susdurmağı bacarır. Onun siyasi publisistikasının bir özəlliyi də yüksək elmi biliyə, dəqiq tarixi mənbələrə söykənməsindədir. O, öz yazılarında həm də bir tarixçidir, sosioloqdur, coğrafiya və beynəlxalq hüquq mütəxəssisidir, dünya sivilizasiyasının və mədəniyyətinin keçdiyi yolları dərindən bilən ziyalı və əsl dialoq ustasıdır. 

Əsl ziyalı xalqın dar günüdə öz ixtisa­sı ilə məşğul olmaqla bərabər, əməyi ilə, sözüylə ədalət yolunda, xalqının haqq sə­sini dünyaya çatdırmaq yolunda bir fədai olmağı bacarmalıdır. İnsanın şəxsiyyət və vətəndaş kimi gücü, qabiliyyəti, xarakte­ri, potensialı məhz belə zamanlarda üzə çıxır...

1992-ci ildən Kamran müəllim rus­dilli ictimaiyyəti maraqlandıran bir çox məsələlərlə bağlı məqalələr dərc etdirir. Onun yazıları Azərbaycan, Rusiya və bir sıra ölkələrin mətbuat səhifələrində dərc olunur. 

Aqressiv erməni qüvvələri Azərbaycan torpaqlarına ərazi iddiaları irəli sürəndə Kamran Rüstəmov əsl həqiqəti rusdilli icti­maiyyətə çatdırmaq yolunu tutdu.

Erməni tarixçilərinin Cənubi Qafqazda yaşayan xalqların tarixinə dair yalan və saxtakarlıqla dolu yazılarının ifşası, Rusi­ya–Azərbaycan münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlıq əsasında möhkəmlən­dirilməsi və s.onun əsas mövzuları oldu.

Ötən illər ərzində Kamran Rüstəmo­vun müxtəlif saytlarda, whatsap qrupların­da yaydığı məqalələri izləmişəm və düş­mən mətbuatını susdurmağı bacaran belə hazırlıqlı, yorulmaz, ağıllı bir azərbaycanlı qələm sahibinin olmasına ürəkdən sevin­mişəm. O, erməni mətbatını izləyir və ge­cikdirmədən münasibətini bildirir. 

Azərbaycandan ayrılıb gedənlərin bir hissəsi, təəssüf ki, Vətənin dilindən və qayğılarından da uzaqlaşırlar. Bir çoxu xa­rici informasiya sistemlərinin təsiri altına düşür, başqa ideologiyalara uyur. Amma Kamran Rüstəmov Azərbaycanla nəfəs alır. Ölkəmizdə baş verən olayları, siyası prosesləri diqqətlə izləyir. Haqqımızda ya­zılan böhtanlardan vaxtında xəbər tutur və onlara son dərəcə tutarlı, kəsərli cavablar verməyi bacarır. Onun yazılarını fərqlən­dirən cəhət konkret tarixi faktlara söykən­məsində və beynəlxalq hüququn tələblə­rinə uyğun olmasındadır. 

Kamran Rüstəmov yazılarında çox vaxt bir tarixçi kimi çıxış edir. Bölgəmizdə yaşayan xalqların 3-4 min illik tarixindən gətirdiyi misallarla rəqiblərini susdurmağı bacarır. O, həm də tarixi şərait üzündən xalqların yaşadığı faciələri, miqrasiya proseslərini, işğalçıların gətirdiyi faciələ­ri, özəlliklə Batı dünyasının türk-müsəl­man mühitinə qarşı amansız siyasətinin iç üzünü etibarlı mənbələr əsasında açıb göstərir. 

Ermənistanın işğalçılıq müharibəsi, torpaqlarımızın iyirmi faizinin işğal edil­məsi, 30 il ərzində beynəlxalq aləmin bu işğala biganə qalması, ikili ermənipərəst siyasətin gətirdiyi faciələr Kamran Rüstə­movun məqalələrində ardıcıl şəkildə təhlil edilir. Təbii ki, qonşularımız belə bir sərt və obyektiv mövqeyi görəndə hər cür riyakar­lığa və çılğınlığa əl atırlar. Lakin Kamran Rüstəmov düşmən həyasızlığı qarşısında heç vaxt geri çəkilməyib. O, təkbaşına, heç bir yerdən yardım almadan bütöv bir jurnalist dəstəsinin işini görür. Yazılarının statistikası bunu aydın göstərir. Təkcə son illərdə Ermənistan–Azərbaycan savaşı və bunun acı nəticələri haqqında 5000-dən çox məqalə yazıb. Bu, təxminən, 15–20 cild kitab deməkdir. 

Kamran Rüstəmovun dərc etdirdiyi elə-belə, gəlişigözəl yazılar deyil. Hər biri konkret hadisə ilə bağlıdır; düşmənin ya­lanlarına bir cavabdır. Onların riyakarlığını ifşa edir. Buna görə də o, internet səhifələrində daim təhqirlərlə və təzyiqlərlə üz-üzədir. Mən Kamran Rüstəmovun təkbaşına sa­vaşının bir əsgər fədakarlığının harada yaşamasından asılı olmayaraq, Vətən yo­lunda sona qədər mübarizə aparmağı hə­yat amalı seçmiş bir fədai qəhrəmanlığı ilə müqayisə edərdim. Döyüş zamanı əsgər düşmən qarşısında təklənəndə nə qədər qeyri-adi bir qeyrət və igidliklə müqavimət göstərirsə, söz aləmində bəzi qələm sa­hiblərimiz də, təxminən, bu cür cəsarət və fədakarlıq göstəriblər.

Kamran Rüstəmov Moskvada yaşayır, Siyasi Kommunikasiyaların Modelləşdi­rilməsi Mərkəzinin elmi rəhbəridir, lakin əslən Şuşalıdır və yazılarını oxuyanda mənə həmişə elə gəlib ki o, Qarabağdan uzaqlarda Şuşa kimi alınmaz bir qalada oturub, düşmənlərin atdığı daşlar onun halını pozmur, haqlı, ədalətli olduğunu bil­diyindən güclüdür və əslində, bütün millə­tin adından danışır. 

Biz informasiya mübarizəsində güclü olmaq istəyiriksə, Kamran Rüstəmov kimi müəlliflərə arxa durmalı, kömək etməli, onları əl üstündə saxlamalı, heç bir maddi, mənəvi sıxıntı duymadan, sözlərini ürəklə demələrinə şərait yaratmalıyıq. Bu söz­lərimin ünvanı xalqımızın bütün imkanlı adamları və bəzi dövlət qurumlarıdır...

Sabir RÜSTƏMXANLI,

Xalq şairi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN