Fransanın Roşeşuar şəhərində Azərbaycan əsilli tanınmış fotojurnalist
Reza Deqatinin açıq səma altında “İnsan və Təbiət arasında dialoq” (Dialoque between Human&Nature) adlı sərgisi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 17 iyun – 10 oktyabr 2021-ci il tarixlərində nümayiş olunan sərginin əsas məqsədi insan və təbiət arasındakı əlaqəyə diqqəti cəlb etməkdir. Fransa mediasının filantrop, idealist, kimi təqdim etdiyi, müxtəlif ölkələrdə müharibə xaosunun və onun ağır nəticələrinin şahidi olan Reza Deqatinin sərgidə nümayiş olunan fotolarında münaqişələr zamanı ağlasığmaz müsibətlərlə üzləşən insanların mübarizəsi əks olunur. Fotoqraf kütləvi iğtişaşlar və münaqişələr zamanı insanların sarsıntılarından danışmaqla yanaşı, onların mənsub olduqları ölkələrin mədəniyyətindən, tarixindən, ənənələrindən, eləcə də daha yaxşı dünyanın qurulacağına bəslədikləri sonsuz ümidlərindən danışır. Xüsusi həssaslıqla çəkilmiş bu fotolarda həyat həmişə qalib gəlir.
“Bir gün biz dünyaya gözümüzü açdıq. Dünyanın kədərini gördük və onun gözəlliyini sevdik”, - deyə Reza Deqati sərgi iştirakçılarına bildirib.
1983-cü ildən fotoqraf peşəsi ilə məşğul olmağa başlayan Reza Deqatinin əsərləri “National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País” və digər nəşrlərdə dərc olunur. Onun I və II Qarabağ savaşları zamanı çəkdiyi fotolarda erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər əks olunub.
***
Qeyd edək ki, Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Rza bu fotosunu məktəbdə fəaliyyət göstərən “Pərvaz” adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o “Newsweek” jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur. İnqilaba qədər olan hadisələri, eləcə də inqilab və inqilabdan sonra baş verən hadisələri qeyd alır. Lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqati 20 yanvar hadisələrini, o cümlədən də Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Reza Deqatiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Reza Deqati isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.
Y.MƏMMƏDLİ