Bu gün çox böyük, tarixi, yeni dünya düzəninin yarandığı tale yüklü bir dövrdə yaşadığımızı desəm, yəqin ki, yanılmaram. Bəli, gözlərimiz qarşısında yaxın 30-35 il ərzində yaranmış reallıqlar bir-birinin ardınca sürətlə dəyişməkdədir. Bir tərəfdə 44 günlük müharibə nəticəsində süni şəkildə yaradılmış Qarabağ probleminin xalqımız tərəfindən Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kökündən və tam həll edilməsi, Rusiya-Ukrayna savaşı, Rusiyanın dünyanın nəhəng gücləri tərəfindən sürətlə Qafqazdan tamamilə çıxarılması istiqamətində atılan təsirli addımlar, Böyük TURAN dünyasının yaradılması istiqamətində türk xalqları dövlət başçılarının apardıqları intensiv görüşlər, görülən işlər, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlar, digər tərəfdən İsrail-HAMAS qarşıdurması, Çinlə Tayvan arasında separatçılıq zəminində zaman-zaman kəskinləşən münasibət zamanı bəzilərinin, hətta hərbi müdaxilə haqqında “mızıldanmaları”, son vaxtlar isə yenə də Balkanlarda artan gərginlik təəssüflər olsun ki, zamanımızın reallıqlarıdır.

Düşünürəm ki, Serbiyanın Prezidenti Vuçitiçin NATO ilə Rusiya arasında yaxın 3-4 aya müharibə proqnozu verməsi vəziyyəti daha da gərginləşdirən amillərdəndir.

Belə bir gərgin, həssas zamanda xalqımızın tarixini real şəkildə əks etdirən, onu bütün çalarları ilə böyüməkdə olan gənc nəslə çatdıran, gənclərimizdə VƏTƏNPƏRVƏRLİK, VƏTƏNİ CANDAN ƏZİZ TUTMAQ, VƏTƏN ÜÇÜN HƏR CÜR ÇƏTİNLİYƏ HAZIR OLMAQ kimi hisslər aşılayan əsərlərə aydındır ki, böyük ehtiyac vardır. Bu baxımdan, Azərbaycan oxucusuna “Xocalı soyqırımı”, “Müqəddəsliyə aparan yol”, “Mələyin təbəssümü”, “Bakı üçbucağı”, “Çovdar çörəyi”  və s. kimi əsərləri ilə yaxşı tanış olan Əlibala Məhərəmzadənin “Atabəylər: Şəmsəddin Eldəniz” adlı romanının birinci kitabı xüsusilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan tarixində Səlcuqilərin gəlişi ilə xalqımızın formalaşmasının təzəcə başa çatdığı, ən şərəfli, ən vacib və mühüm hadisələrin baş verdiyi XII əsrdə Bizansın təhriki ilə xristian Gürcü - Baqratlıların zaman-zaman yurdumuza hücumlarının baş verməsi müstəvisi üzərində hadisələrin real, təbii, yeri gəldikcə isə həm də bədii boyalarla verilməsi oxucuda çox dərin, mükəmməl və yetkin təəssürat yaradır.

Əsər haqqında danışarkən ayrıca olaraq qeyd edilməlidir ki, müəllif o dövrdə baş vermiş hadisələri kifayət qədər dərindən tədqiq etmiş, personajları araşdırmış, sonradan nəinki təkcə Azərbaycan, eləcə də türk xalqları tarixində ən mühüm simalardan olacaq Şəmsəddin Eldənizin, Mömünə Xatunun, Sultan Mahmudun, Sultan Səncərin, Qızıl Arslanın keçib getdiyi yolları araşdırmış, qarşılaşdıqları şəxsiyyətləri müəyyənləşdirmiş, hətta onların xarakterlərinin, həyata baxışlarının yaranmasının xüsusiyyətlərini tədqiq etmişdir. Bəli, müəllifin özünün də etiraf etdiyi kimi, bu romanda real hadisələrlə yanaşı, yaradıcı təxəyyülün də yer almasına baxmayaraq, hadisələr o qədər real, gərgin psixoloji boyalarla, “ölümlə-qalım” arasındakı dilemma şəraitində verilmişdir ki, oxucu istər-istəməz kitabın bütün səhifələrini özündən asılı olmayaraq böyük maraq hissi ilə, sürətlə çevirə-çevirə, bir-birinin ardınca gələn daha dramatik hadisələrlə tanış olmağa çalışır.

Belə ki, müəllif xronoloji ardıcıllığa sadiq qalaraq elə birinci bölümdə türk tayfalarından olan Uran tayfasının bütün türk tayfaları üçün əziz bayram olan Novruz bayramını keçirdikləri zaman xristian kökənli Baqratilərin özlərinə xas xəyanətkar surətdə qəfil hücumla bu tədbiri qan içində boğmasını, xeyli adamları öldürüb, çoxlarını isə əsir edib aparmalarını, qul kimi satdıqlarını təsvir edir. O cümlədən Şəmsəddin Eldəniz də belə əsir götürülənlərdən olur. Hələ yeniyetmə və cılız bir uşaq olmasına baxmayaraq, Baqratunilərin hücumu zamanı böyüklərlə bərabər düşmənlərə qarşı o da cəsarətlə, şücaətlə vuruşur. Gözlərinin qarşısında anasını və atasını düşmənlər aman vermədən vəhşicəsinə öldürsələr də, balaca Eldəniz yekəpər düşmən döyüşçüsünün üstünə cəsarətlə şığıyır. Lakin bu zaman digər düşmən əsgərinin qəfil zərbəsi bu balaca uşağı yerə sərir. Xeyli müddət sonra özünə gələn Eldəniz dostu Süleymanla əsir düşdüyünü bilir. Onlar öz aralarında bir də heç vaxt ayrılmayacaqlarına söz verirlər. Lakin yolda gedəndə düşmən döyüşçüləri Şəmsəddini zorla arabadan düşürdərək onları bir-birindən ayırırlar. Müəllif bu epizodla əslində iki məsələyə toxunmuş olur: belə ki, burada bir tərəfdən düşmənlərin hədsiz dərəcədə qəddarlığı, hətta  balaca uşağa qarşı amansızlıqları önə çəkilirsə, digər tərəfdən də taleyin, qismətin gücü, qüvvəsi təcəssüm etdirilir.      

Əsər haqqında danışarkən bir xüsusiyyəti də ayrıca olaraq vurğulamaq yerinə düşərdi ki, kitabla tanış olduqca müəllifin həm də türk xalqları tarixinə kifayət qədər dərindən bələd olması, buradakı incə məqamları xırdalıqlarına qədər araşdırması və yeri gədikcə onlardan bədii təxəyyül fonunda uğurla istifadə etməsi xüsusilə diqqəti cəlb edir. Əlbəttə, burada müəllifin güclü intellekti, iti zəkası, dərin savadı və səviyyəsi, peşəkarlığı da öz sözünü deyir. Belə ki, iyirmi səkkizinci, “Şeyx Yusiflə tanışlıq” bölümündə Mömünənin cariyələrə lütfkarlıqla müxtəlif hədiyyələri bağışlamasından sonra balaca Arslanşahın qaça-qaça anasının yanına gələrək ondan özünün Səlcuqluların varisi olduğunu və bunun nə olduğunu soruşması göstərilir. Bu zaman anası balaca Arslanşaha bildirir ki, bəs Səlcuqlu sultanlığının sultanları bir nəsildən - göytürklər nəslindən olmalıdır. Sən də o nəsildənsən. Baban Təpər də, atan Toğrul da sultan olublar. Atandan sonra sənin sultan olmaman yalnız körpəliyinlə bağlı olub. İndi sultan əmin Məsuddur. Ondan sonra isə sən olacaqsan.

Şübhəsiz ki, müəllif XI əsrdə yaranmış Səlcuq dövlətinin sultanının təyin olunma ənənəsini VI əsrdə yaranmış və adında ilk dəfə türk sözü işlənilmiş Göytürklərlə əlaqələndirməklə həm türk dövlətlərində varislik prinsiplərinin hələ də güclü olduğunu, həm də bu adətin əsrlərin sınağından çıxaraq gəldiyini oxucuya çatdırmağa müvəffəq olmuşdur. Aydındır ki, bu motiv həm də türk xalqlarında dövlətçilik ənənələrinin qədimliyini təzahür etdirir. Yuxarıda qeyd etdiyim kimi, Türk- Turan dünyası ideyasının getdikcə daha aktual əhəmiyyət kəsb etdiyi hazırkı zamanda, xüsusilə gənclərimizin tarixlə tərbiyə edilməsinin vacib əhəmiyyət kəsb etdiyi bir dövrdə belə ideyaların təlqin edilməsinin təbiidir ki, xüsusilə böyük əhəmiyyəti vardır.

Əsərin məziyyətləri haqqında danışarkən belə bir detalı da xüsusilə vurğulamaq istərdim ki, müəllif özünə xas ustalıqla Səlcuqilərin idarə edilməsində ara çəkişmələrinin də böyük rol oynadığını, bunun idarəetməyə necə böyük zərər  yetirdiyini vurğulayır. Məsələn, burada Sultan Mahmudun öz doğmaca əmisi Sultan Səncərlə, Müşrü ağanın vəzirlik vəzifəsi üstündə əvvəlcə son dərəcə ağıllı və müdrik vəzir Kamalülmülklə, sonradan Eldənizlə olan intriqaları çox gözəl bədii boyalarla təsvir edilmişdir ki, bu da o dövrün dramatik hadisələrinin fonunda oxucunu yorulmağa qoymur, kitaba olan həvəs və marağı daha da artırır.

Yeri gəlmişkən, mən burada müəllifin daha bir orijinal yanaşma metodunu qeyd etmək istərdim. Belə ki, tarixdən məlumdur ki, Sultan Səncər Səlcuq imperiyasında sonuncu hökmdar olmuşdur. Onun hakimiyyətin sonlarında Səlcuq imperiyası dağılmağa başlmış, faktiki olaraq müstəqil dövlətlərə  - Azərbaycan, Fars, Mosul, Kirman Atabəylər dövlətlərinə və s. bölünmüşdür. Təbiidir ki, imperiyanın parçalanmağa başladığı dövrlər artıq böhranın, ara çəkişmələrinin getdikcə gücləndiyi bir dövrə təsadüf edir və bu vaxtlar xəzinənin boşalması, vergilərin artırılması, xalqın narazılığının güclənməsi təbii hallardır. Bu baxımdan, Sultan Səncər bir çox tarixi və bədii ədəbiyyatlarda əsasən mənfi bir tip kimi verilmişdir (Məsələn, Nizami Gəncəvinin “Sultan Səncər və qarı” və s. əsərlərdə). Amma Əlibala Məhərrəmzadə bu əsərində çox obyektiv olaraq Sultan Səncərə müsbət yönümdən yanaşır və onun qardaşı oğlu Sultan Məhəmmədlə münasibətdə necə obyektiv, humanist mövqedən çlıxış etdiyini ehtiramla təsvir edir. Belə ki, burada göstərilir ki, Sultan Səncər tərəfindən Sultan Mahmud Savə çölündə məğlub olduqda qaçır. Lakin Sultan Səncərin sərkərdəsi Alp Duran onu təqib edərək tutub gətirir (Burada da müəllifin o dövrün personajlarını necə dərindən tədqiq etməsi özünü göstərir.). Bu zaman Sultan Səncər onu nəinki öldürmür, əksinə, özünü Sultan-əl əzəm, onu isə Böyük Sultan elan edir. Elə burada elan edir ki, “Mahmud mənim vəliəhdim olur, ona Xorasandan Suriyaya qədər, Həmədanı, İsfahanı, İraqı, Azərbaycanı iqta olaraq verirəm. Üstəlik, böyük qızım Banunu da ona verirəm, onu özümə kürəkən təyin edirəm”. Sultan Səncər burada qardaşı Məhəmməd Təpərin oğulları - Toğrula, Səlcuqa, Məsuda da iqta olaraq xeyli torpaq verir. Əlbəttə, bu epizodda müəllifin kifayət qədər güclü yaradıcılıq təxəyyülü və potensialı özünü qabarıq şəkildə göstərmiş olur. Amma mən bunu cəsarətlə obyektiv və düzgün mövqedən yanaşma variantı sayıram. Niyə? Çünki bu hərəkətlə Sultan Səncər qardaşı Məhəmməd Təpərin oğlanlarının yaxın gələcəkdə onsuz da daxıldən elə də güclü olmayan sabitliyə zərbə ola biləcək separatçılıq cəhdlərinin qarşısını almış olurdu. Vəziyyət tam sabitləşəndən sonra isə onları öz ətrafına daha sıx bağlarla birləşdirmək heç də çətin məsələ deyildi... Başqa sözlə, bu, əsl mahir siyasətçi manevri idi.

Tarixdən bəllidir ki, Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Azərbaycan Atabəylər dövlətinin  torpaqları Dərbənddən İran körfəzinə qədər uzanmışdır. Yuxarıda göstərildiyi kimi, hazırda Turan dünyası ideyasının getdikcə gücləndiyi bir zamanda belə bir çoxcildli, fundamental əsərin meydana gəlməsini yalnız alqışlamaq olar.

...Sonda nə demək olar? Öncə müəllifi belə uğurlu əsər münasibəti ilə ürəkdən təbrik edərək daha böyük yaradıcılıq uğurları arzu edərdim. Daha sonra isə ümidvar olduğumu bildirmək istərdim ki, yaxın dövrlərdə müəllif Əlibala Məhərrəmzadə bu çox maraqlı romanın növbəti cildlərini də oxuculara çatdırmaqla onları daha da sevindirəcək.

İlqar Heydəroğlu,

tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN