Avqustun 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı binasında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubileyi keçirilib.
Tədbirinin təşkilatçıları qismində TÜRKSOY-la yanaşı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi çıxış ediblər.
TEZADLAR.AZ xəbər verir ki, tədbir iştirakçılarının qarşısında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Cahangir Novruzovun Azərbaycan və Türk dünyasında teatr yaradıcılığının inkişafına töhfəsini yüksək qiymətləndirib: "Onun oynadığı tamaşalar bu gün də Azərbaycanın hüdudlarından kənarda böyük maraqla qarşılanır. Aktyor Türk dünyasında teatr sənətinin inkişafına dəstək verib. Son 30 ildir Cahangir Novruzov Türkiyədə fəaliyyət göstərir, qardaş ölkənin mədəniyyət və incəsənət sahələri üçün peşəkar kadrlar hazırlayır. Türk mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə ona minnətdarıq”.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.
Cahangir Novruzovu bütün Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edən diplomat xatırladıb ki, aktyor yaradıcı insanların ailəsində doğulub və adlı-sanlı valideynlərinin işini davam etdirir: “Cahangir Novruzov çoxlu dövlət mükafatları ilə təltif olunub, amma onun ən böyük mükafatı Azərbaycan xalqının sevgisi və diqqətidir”.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Dövlət Komitəsinin sədri Fuad Muradovun yubilyara təbrik məktubunun mətnini oxuyub, 2011-ci ildə C.Novruzovun Azərbaycanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti, 2020-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin medalı ilə təltif edildiyini xatırladıb.
V.Hacıyev yubilyara müraciətlə qeyd edib: “Sizin bütün türk dünyasında teatr sənətinin inkişafına verdiyiniz töhfə hamı tərəfindən qəbul edilir və sevilir”.
Azərbaycanın TÜRKSOY yanında daimi nümayəndəsi Elçin Qafarlı iştirakçıları Azərbaycan Mədəniyyət Nazirliyi kollektivinin təbrik məktubunun mətni ilə tanış edib.
Tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Adana Çukurova Universiteti Dövlət Konservatoriyasında dərs deyən professor Cahangir Novruzov onun yaradıcılığına göstərdikləri diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
TÜRKSOY-un binasında Azərbaycanın görkəmli teatr və kino aktyorunun fəaliyyətinə həsr olunmuş fotosərgi də təşkil olunub.