(Abbasquluağa Bakıxanov Qüdsinin "Nəsihətlər"i haqqında)

Salam olsun, çox dəyərli oxucum! Bu  görüşə  görə  Böyük  Allaha  minnətdarlığım sonsuzdur!

Sizlərlə bu dəfə vacib bir məsələ barədə söhbət edəcəyik, inşəAllah. Haqqında söhbət açacağım məsələ son illər aktual olsa da, pandemiya səbəbindən təhsilin məlum məhdudiyyətli formada aparılması, ilkin dövrlərdə qəti evəqapanma tələbləri nəticəsində telefon, planşet, kompüter və s. internetə (olduqca müxtəlif saytlara) çıxışı olan vasitələrə aludəçiliyi olan uşaq, yeniyetmə və gəncləri limitsiz məlumatlar bazası olan bu sirli dünyaya daha da bağladı. Xoş o uşaq, yeniyetmə və gənclərin halına ki, bu fürsətdən müsbət tərəfə faydalana bilirlər.

Ancaq həmişə belə olmur. Elə uşaq, yeniyetmə və gənclərimiz var ki, bu sirli dünyada doğru yol tapmaqda çətinlik çəkir və bəzən hətta milli maraqlarımıza zidd olan istiqamət götürürlər. Bu hal çox vaxt gənc dostlarımızın təcrübəsizliyindən, əsl dünyadan, real həyatdan xəbərsizliyindən qaynaqlanır. Xüsusilə, son günlərdə hər çıxışda, hər görüşdə Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin  “Gənclər milli ruhda tərbiyə almalıdır!”, “Vətənpərvərlik hissləri ön planda olmalıdır!” kimi çağırışlarının fonunda ziyalılarımız, bu gün silahı əldə qələm olan yazarlar əllərindən gələni əsirgəməməlidirlər. Bu, həqiqətən ciddi məsələdir. Vəziyyət o həddə çatıb ki, hətta rəzil düşmənin təəssübkeşliyini çəkən gənclərimiz peyda olub.  “Qloballaşma”, “kosmopolitizm” kimi bəzək-düzəkli ibarələrlə beyinləri yuyulmuş hələlik kiçik qruplar şəkilində yeniyetmə-gənclər dəstələri formalaşmaqdadır. Buna hansı tərəfdən baxırsan-bax, mənfi haldır. Belə gənclər virtual dünyada hərəsi bir cəngavər olsalar da, real həyatda tam əks keyfiyyətləri sərgiləyirlər. Belə kiçik qrupların gələcəkdə böyük manqurtlar ordusuna çevrilməməsi üçün cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına hər bir qələm adamı qoşulmalı, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Bu yöndə faydallı olmaq üçün söhbətimizi dahi Azərbaycan mütəfəkkiri Abbasqulağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı üzərində quracağıq. Öncə onu qeyd edək ki, böyük bir dünya olan bu kiçik həcmli kitabla mənim ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 8-9 yaşım olanda kiril əlifbası ilə nəsihətlərlə tanış olmuşam. Sonra təxminən 15-16 yaşlı yeniyetmə olanda əski əlifba ilə olan material kimi istifadə etdikdə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşam (kitabın formatı elədir ki, nəsihətlər paralel olaraq həm kiril, həm əski əlifba ilə verilib). Son 1-2 ay ərzində isə Tuncayla (Tuncay Şəhrili) əski əlifba ilə olan material kimi istifadə etdiyimiz üçün yenə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşuq. Müəllifin öz sözlərinə keçməzdən əvvəl bir daha onu xatırlatmaq istəyirəm ki, məsələ olduqca aktual, material, yəni Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı olduqca qiymətli vəsaitdir. Bu kitab Prezident cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir. Müəllifin öz qələmindən kitab haqqında qısa arayışa diqqət edək.

QISA ARAYIŞ

...Qüdsi təxəllüslü Abbasqulu ibn mərhum Mirzə Məhəmməd xan Bakui belə deyir: - Elmlərdən xəbərdar olduğum zaman mənə məlum oldu ki, uşaqlar bəzi kitabları öyrənmək istərkən elə dolaşıq ibarələrə rast gəlirlər ki, hətta müəllimlərin özləri onları dərk elə bilmirlər.

Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq və mənimsəmək çox çətindir. Buna görə də “Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimdir” zərbül-məsəlin məzmunundan qəflət olunur. Əxlaq gözəlliyini hər zamandan artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Gözəl əxlaq təkrar olunduğu zaman adətə çevrilib insan təbiətinə daxil olaraq çətin anlaşılan elm və ədəb qaydaları onlara vərdiş olar. Beləliklə, hicrətdən min iki yüz əlli iki il keçən bir zamanda nəsihətlər adı ilə aydın və sadə anlaşılan müxtərəs bir kitab yazdım... Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsində getdikcə daha artıq təsir etsin.

Uşaqlara üz tutub belə nəsihət verirəm: Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışıdır. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında da hər kəs çox biliki və işbilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir:

  1. Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar, əməl elə, onları heç vaxt incitmə ... Sonra böyük qardaşına, bacı, əmi və dayına da itaət elə!
  2. Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyükdürsə, ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
  3. Dövlət başçılarına itaət eləməyi özünə vacb bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar bir-birinin malına, canına və namusuna qəsd edərlər.
  4. Hər hansı ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.
  5. Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir söz demə ki , sənə ondan zərər yetişər.
  6. Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə, ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
  7. O adamlarla otur-dur ki, böyüklər onları yaxşı adam hesab edirlər, əclaf və hərzə danışan adamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.

Və bu ardıcıllıqla nəsihətlər davam edir. Cəmi 84 nəsihətdən ibarət olan bu kiçik həcmli kitab müasir uşaq, yeniyetmə və gəncin həyat kodeksinə çevrilərsə, onu ancaq uğur gözləyər! Gələcək şəxsiyyət kimi həyatda demək olar ki, heç bir çətinliyi olmaz! Bu nəsihətlər dahi söz adamı Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər”inin həmişə müasir və aktual olduğunu göstərməklə yanaşı, əsrlərin dəyişməsinə, vasitələrin yenilənməsinə rəğmən tərbiyədə olan problemlərin olduğu kimi qalması diqqətçəkən məqamlardan biridir. Övladının gələcəyini firavan görmək istəyən, vətənini, dövlətini sevən hər bir valideyn və gələcəkdə övlad sahibi olacaq hər bir gənc bu kitabla mütləq tanış olmalıdır. Bu qəti tələbin öz səbəbləri var. Səbəblər aşağıdakılardan ibarət ola bilər:

  1. Birinci əsas səbəb Abbasquluağa Bakıxanov Qüdsi sıradan bir adam deyildi. O, əsl dünyagörmüş ziyalı, ağayana əslzadə idi.
  2. O, bu nəsihətləri sadədən mürəkkəbə elə sıralayıb ki, ən müasir psixoloji və pedaqoji bütün tələblərə cavab verir.
  3. Dahi mütəfəkkir bu nəsihətləri tərtib edərkən özünün sahib olduğu bütün dini və dünyəvi bilklərin maksimum realizə imkanlarını nəzərə alaraq, tam praktik tövsiyələr hazırlayıb.
  4. Ən əsası yaşadığımız dövlətin başçısının, möhtərəm Prezident cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir.

Bu məqamda cəmi 84 nəsihətdən ibarət olan kitabdan “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar bir-birinin malına, canına və namusuna qəsd edərlər”; “Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan” – nəsihətlərini xatırlatmaqla bu mövzuda olan birinci yazımı yekunlaşdırmaq istəyirəm.

Dəyərli oxucum, bizim parlaq gələciyimiz, aydın sabahımız olan gənclər, bir məsələni unutmayaq ki, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin mövzu ilə əlaqəli bütün görüş və çıxışlarında dəfələrlə vurğuladığı kimi, “Düşmənə nifrət hissi bizi qələbəyə apardı!”. Bu qələbəni biz şəhidlərimizin (sizin yaşıdlarınızın) qanı, canı, yarımçıq qalmış həyatları hesabına əldə etmişik. Onlar bu dünyadan, öz arzularından ona görə vaz keçdilər ki, biz, siz daha firavan yaşayaq. Düşmən əsarətindən onların qurtardığı torpağı qoruyaq, inkişaf etdirək, çiçəkləndirək. Burada “Dədə Qorqud” filmindən məşhur fraza – Dədə Qorqudun Torpağı qorumasanəkib-becərməyə dəyməzəkib-becərməyəcəksən – qorumağa dəyməz”- tövsiyəsi yada düşür. Bu torpağı qorumaq, əkib-becərmək, onu qanı-canı bahasını yağı düşməndən alıb bizə ərmağan edən şəhidlərimizin ruhuna, qazi və döyüşçilərimizə hörmət etmək, ehtiram bəsləmək bizim başımızın borcudur. Bu, belədir və nə qədər Azərbaycan var, belə də olacaq!

Zaur Ustac,

şair-publisist, “Yazarlar” jurnalının baş redaktoru

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN