"Gedər-gəlməz yolu seçib gedəndə,
Ayrılıq şərbətin içib gedəndə,
Bir gün bu dünyadan köçüb gedəndə
Məndən nə qalacaq sözdən savayı?"- deyən şairin şeir kitabı qarşımdadır...
Mən Qiymət xanımın adını eşitmişdim, amma yaradıcılığı haqqında heç nə bilmirdim. İş elə gətirdi ki, Şəkidə olan tədbirlərdə o da iştirak etdi. Mən onunla tanış oldum. O mənə “Bu dünya sənin yerindi...” kitabını bağışladı. Mən kitabı oxudum. Kitabdakı şeirlər haqqında fikirlərimi oxucularla bölüşmək istəyi yarandı məndə.
“Bu dünya sənin yerindi...” kitabında verilən şeirlər müxtəlif mövzuları əhatə edir. Şair hansı mövzuda yazırsa-yazsın, çox sadə dillə sanki oxucularla söhbət edir, fikirlərini onlarla bölüşür.
Ötüb keçən ayın, ilin qədrini,
Anatək müqəddəs dilin qədrini,
Torpağın, millətin, elin qədrini
Axı kim biləcək bizdən savayı?
Şair sözə yüksək qiymət verir. Sözlə insanı ucaltmaq da olar, qocaltmaq da. Dəyərli, yerində deyilən söz insanı ruhlandırar, ona qələbə çaldırar. Şair “Gözəlliyi” şeirində gözəlliyi batində, insanın daxilində axtarmağı məsləhət görür. Çünki bəzən üz, sima gözəlliyi insanı aldadır. İnsan gördüyü gözəlliyi qiymətləndirməyi bacarmalıdır. Bunun üçün gözəlliyi görən göz, qiymətləndirən ürək lazımdır. Buna görə də şair:
Bir şeyi qəlbilə sevməsə əgər,
Gözəl görə bilməz göz gözəlliyi...
- deyir. Şair insanları söz işlədərkən, danışarkən ehtiyatlı olmağa çağırır:
Qiymət, bu dünyada boyasız dolan,
Şərdən uzaqda gəz, xeyirə calan.
Söz olar insanı qiymətdən salan,
Qoy səni ucaltsın söz gözəlliyi.
Kitabdakı şeirlər müxtəlif başlıqlar altında verilmişdir. “Dünyamız dünyalar həndəvərində” başlığı altında verilmiş “Alınmadı qisasımız”, “Sönən ocaqlar”, “Köç sürünür”, “Qoru məğrurluğunu”, “Vətən-özüm!”, “Bu torpaq bir anadır”, “O gecə”, “Vətən”, “Qalx ki...”, “Bu millətin dərdi yaman böyükdür” kimi şeirlərdə yadlar əlində qalmış torpağımızdan, əsir düşmüş qız-gəlinlərimizdən söz açılır. “O gecə” şeirində Qiymət Məhərrəmli insanlığın öldüyü, qız-gəlinlərin təhqir olunduğu, ölümə, qana hamilə bir gecədən, bətnində mələklərin boğulduğu, körpə naləsindən dağların belə titrədiyi bir gecədən - Xocalı soyqırımından söz açır, “Görəsən, bu yurda bir daha yaz gəlməyəcək?” deyə sual edir:
“Xocalı” adında şəhiddi bu yurd,
Bir ana qəlbindən fışqıran ahdı.
Bir ahıl qocanın nəvə fəryadı,
Bir cavan ruhunda sönən sabahdı.
Torpağı düşmən tapdağı altında qalmış millətin, xalqın dərdi o qədər böyükdür ki, bunu heç nə ilə müqayisə etmək olmaz. Cıdır düzü, Qarabağ azad olunacağı günü gözləyir.
Haçandandı qulağım zəng gözləyir,
”Qan-qan” deyən gözüm al rəng gözləyir.
Cıdır düzü, Qarabağ cəng gözləyir,
Bu millətin dərdi yaman böyükdür!
Bu mövzuda yazılan şeirlərin hamısında təkcə bir yaradıcı şəxsiyyətin deyil, bütöv bir xalqın ahı, naləsi, harayı var. Şairin dediyi kimi, Xocalı yarası bir xalqın sinəsinə basılan közdür. Qiymət Məhərrəmlinin şeirlərində təkcə ah, nalə, itirilmiş torpaqlarımıza, şəhidlərimizə görə tökülən göz yaşları təsvir edilmir. Bu şeirlərdə eyni zamanda, Vətəni qorumağa, torpaqlarımızı azad etməyə bir çağırış var. “Qalx ki...” şeiri bu çağırışın bariz nümunəsidir.
Di haydı, mərd millətim, qisas günü yetişdi,
Torpaq uğrunda savaş ən müqəddəs bir işdi!
Addımını möhkəm at - bu torpaq səninkidir!
Başının üstündəki al bayraq səninkidir!
Bu millət səninkidir, bu qeyrət səninkidir!
Cəsarət səninkidir, sədaqət səninkidir!
Bu torpağı, bayrağı özün qorumalısan!
Yer üzərində haqqı özün qorumalısan!
Torpağı müqəddəs bilən, ana sayan şairin “Vətən-özüm!” şeirində də eyni ideyanın, eyni fikrin şahidi oluruq.
Sinən səngər, oğlun əsgər, özün mərd qalam,
Bölünməyə, kiçilməyə alışmamısan.
Əsrlərin sınağından çıxan sərt qalam,
Bu qeyrətlə tarixlərdə yaşamalısan!
Bu çağırış ana bətnində boğulmuş körpələrin, qız-gəlini təhqir olunmuş, əsir düşmüş igid ərləri, mərd kişiləri düşmən əlində min bir əzabla öldürülmüş bir xalqın harayı, çağırışıdır. Bu çağırış igidlər oylağı Cıdır düzünün, şairlər, müğənnilər yurdu Qarabağın çağırışıdır. Qiymət Məhərrrəmli bütün varlığı ilə inanırdı ki, igid oğullar, qəhrəmanlar yurdu olan Azərbaycanımızın torpaqları mənfur düşmən tapdağından azad olacaq.
Sən ey insan qanı içib doymayan,
Yurduma, yuvama göz dikən yağı,
Bir gün sənin üçün məzar olacaq
İndi tapdadığın o türk torpağı!
Bu gün biz böyük bir sevinc və qürur hissi ilə igid oğullarımızın – şəhidlərimizin və qazilərimizin al qanı hesabına mənfur düşməndən azad olmuş torpağımızda gedən quruculuq işlərini izləyir və “Belə igid oğulları olan Vətən basılmaz!” - deyirik.
Qiymət Məhərrəmli Şəki şəhərinin Vərəzət kəndindəndir. Uşaqlıq illərini kənddə keçirib, indi Bakıda yaşayır. Bəzi şeirlərində kəndin təmiz havası, mehriban insanları üçün darıxdığını söyləyir, şəhərin “balıq kimi içi soyuq insanları”na öyrəşə bilmədiyindən gileylənir:
Səndə dağ idim, düz idim,
Şəfəq dolu gündüz idim.
Kəpənək telli qız idim,
Şəhərdə birtəhər oldum.
Yaxud:
Özünə yad bilər səni,
Öz adından silər səni.
Hey ağladar, gülər... səni,
Səni oxşamaz bu şəhər.
“Kəndçiliyim tutur hərdən” şeirində də eyni fikrin ifadəsinə rast gəlirik.
Üzüm-gözüm öyrəşmir heç
Bu üz-gözü boz şəhərə.
Kəndçiliyim tutur hərdən,
Qayıt get gəldiyin yerə.
“Mənsiz darıxdınmı?” şeirində yiyəsiz qalan ata evinə gələn şairin qəlbi sızıltıları öz ifadəsini tapır, uşaqlıq xatirələri yadına düşür:
Göz-könüldən salma iraq,
Aç qoynunu, gəlim qonaq.
Tavanında hisli çıraq
Öyüm, mənsiz darıxdınmı?!
“Övlad” şeirində şair ağıllı övladı “Allahın gözəl payı”, “atanın arxası”, “ananın qəlbinin yağı”, valideynlərinin “sarsılmaz qalası” adlandırır. Dizə güc, gözə nur verən övladla bərabər, bəzən canlara yağı olan övladın da olduğunu deyir. Şairə görə, dar gündə övlad ata-ananın dayağı, qəlblərdən nisgili dağıdan Tanrı payıdır.
İnsan bu nemətlə varlı sayılar,
İffətli olarsa, hörmət qoyular.
Ondan hər meyvənin ətri duyular,
Sanarsan ki, cənnət bağıdır övlad.
Həyatda hər bir insanın onu başa düşən, qiymətləndirən, mənəvi cəhətdən dayaq olan dosta, yaxına ehtiyacı olur. Bu mənada, Qiymət Məhərrəmli xoşbəxt qadındır. Ona arxa, dayaq olan, mənəvi aləmini başa düşən, onun həyatda qazandığı müvəffəqiyyətlərinin əsl səbəbkarı olan bir dostu var. Bu onun ömür-gün yoldaşı Gülməmməd İsrafiloğludur. Şair “Yaşadaq eşqimizi” şeirində bu həqiqəti poetik şəkildə belə ifadə edir:
Gəl sənə bir sirr açım, vallah, ürək sözümdür,
Deyirəm, nə yaxşı ki, bəxtim mənə yar olub.
Tanrı səninlə məni bu dünyaya bağlayıb,
Elə sənin eşqinlə mənim dünyam var olub.
Şeirlərdə xalq dilindən alınan ifadələr, atalar sözləri və məsəllər də verilib. “Hirsli başda ağıl olmaz”, “Su tökməklə quyu dolmaz”, “Əl tutmaq Əlidən qalıb” və s. Şeirləri oxuduqca bədii təsvir və ifadə vasitələri də diqqəti cəlb edir. Belə ki, şeirlərdə metafora, təşbeh, mübaliğə, bədii sual və sairdən yerli-yerində istifadə edilib.
1. Qaranlığa açılan səhərəm,
Yuxusu gözündən tökülən şəhər.
2. Göz yaşlarım dənizə bükülür yağış kimi,
Dəniz göz yaşlarımı toxuyur naxış kimi.
3. Göz yaşımla suvardığım yollara
Kirpiyimlə çəkdim sənin əksini.
4. Qəlb ağlayır, göz durulur.
Misalların sayını artırmaq olar. Kitabda bayatılar, təcnislər, qəzəllər, satirik şeirlər də verilib. Mənim kitabdakı bütün şeirləri təhlil etmək fikrim yoxdur. “Bu dünya sənin yerindi...” kitabını oxumağı oxucuların öhdəsinə buraxır və şairə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Səhər Rzayeva,
təqaüdçü müəllim, Şəki