Nazim Ağamirov mənim üçün təkcə iş yoldaşı deyil, həm də nümunəvi həmsöhbət, ürək və yoldaşlıq sirrinin daşıyıcısı idi...

...1993-cü ildə parlament müxbiri olduğum “Azərbaycan” qəzetindən ayrılmalı oldum. Səbəbi bu yazının mövzusu deyil deyə, əlavə şərhə ehtiyac görmürəm... “Azərbaycan” qəzetinə yazıçı Əfqandan sonra Musavat partiyasının divan üzvü Mehman Cavadoğlu gəlmişdi... (Mehman Cavadoğlu əvvəllər tanınmış hüquqşünas Adil Minbaşının yaratdığı “Ədalət” qəzetində çalışmışdı).

“Azərbaycan” nəşriyyatından çıxıb parlamentə gedirdim. Qapıda elə də yaxından tanımadığım yazıçı-jurnalist və baş redaktor Aqil Abbasla tam təsadüfən qarşılaşdıq. Dedi, Asif Mərzili sənsən? Dedim, bəli... Tanış olduq. “Eşitmişəm, Mehman gələndən sonra sən ordan getmək istəyirsən...”. Dedim, yox, hələki elə bir fikrim yoxdur, amma...

Aqil müəllim qeyri-adi jesti ilə qərarını yekunlaşdırdı: “İstəyirəm sən “Ədalət” qəzetinə gələsən. Özü də baş redaktorun 1-ci müavini... Başqa bir müavin də var, Nazim Ağamirov, ağdamlıdır, əla oğlandır... Bir yerdə işləyəcəyik...”.

Aqil Abbasın belə ərkiyana müraciəti məni düşündürdü, fikirləşdim, axı o, hardan bilər ki, mən “Azərbaycan” qəzetindən getmək istəyirəm?! Hələki elə bir qərarım yoxdur... Amma həm də düşündüm ki, bəlkə də onun Mehman Cavadoğlu ilə nəsə söhbəti olub, ona görə belə deyir... Və bu məqamda dedim, Aqil müəllim, düşünərəm, sizə deyərəm...

***

...Mehman Cavadoğlunun gəlişi ilə “Azərbaycan” qəzetində vəziyyət dəyişmişdi... Nə isə... Bir neçə gün sonra “Ədalət”in təsisçisi Adil Minbaşıdan da belə bir təklif aldım... Aqil müəllimlə yenidən nəşriyyatda qarşılaşanda, dedim, gələrəm... Beləliklə, “Ədalət” qəzetində işə başladım. Mənə bir otaq göstərdilər, Aqil Abbasın qəbul otağı ilə yan-yana idi. Elə ilk təqdimat iclasında Nazim Ağamirovla tanış oldum...

***

...Mənim ayrıca iş otağımın ölçüsü kimi, aurası da darıxdırıcı göründü mənə. Çünki o vaxt İsgəndər Həmidov da “Ədalət” qəzetinə tez-tez gələrdi deyə, qəzetin redaksiyası çox populyar idi, gələnləri qarşılayıb yola salmaq yaxşı mənada, bütün yaradıcı fəaliyyətimi əlimdən alırdı. Çünki Aqil Abbas rayonlarda və ya xaricdə tez-tez olurdu deyə, gələnləri mən qarşılamalı olurdum...   

Nəhayət, əlavə icarə otaqlarına pul verməmək üçün otaqlar ixtisar edildi və bəxtim gətirdi, Nazimlə bir otaqda əyləşməli olduq... Bizi bir-birimizdən masanın 60 sm-lik məsafəsi ayırırdı: masanın o tərəfində o, bu tərəfində mən əyləşirdim... Hərdən Nazimdən söz düşəndə xoş təəssüratla deyirəm ki, təxminən on beş il hər iş gününü bir nəfərlə üz-üzə, göz-gözə çalışmaq, mehribançılığın anatomiyasını yaza-yaza fəaliyyət göstərmək hər insana nəsib olan deyil. Fəxrlə deyirəm ki, bu, ikimizə də nəsib olub.

***

...1993-cü ilin aprelində Xalq şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, professor Famil Mehdinin, “OMON” komandiri Rövşən Cavadovun, Professor İlham Rəhimovun, “Ədalət”in təsisçisi Adil Minbaşının, professor Yusif Səmədovun, Nurəddin Rzayevin... təşəbbüsü ilə “Təzadlar” qəzeti təsis edildi və sabiq daxili işlər naziri İsgəndər Həmidov da olmaqla, təkid etdilər ki, mən paralel olaraq bu qəzetin fəaliyyətinə rəhbərlik edim. Razılaşmalı oldum... “Təzadlar” qəzeti, açıq deyim, bir az siyasi yazılara, ciddi və bəzən sərt tənqidlərə çox yer verirdi. Tam sərbəst idik... Məsələn, baxmayaraq ki, təsir dairəsində “Ədalət” qəzeti var idi, amma İsgəndər Həmidov da, Adil Minbaşı da... ən qəliz müsahibələrini “Təzadlar”a verməli olurdular. Demək istəyirəm ki, Nazim Ağamirov, bir növ, mənim üçün belə yazılarda daxili senzura rolunu oynayırdı: bu olar, belə olmaz!

***

...Nazimlə dost-qardaş, ailə münasibətlərimiz formalaşdı... Mən işə həmişə tez gələrdim, Nazim gələn kimi otağa daxil olub ağır addımlarla və səbrlə əyləşib siqaretini çəkməyə hazırlayardı. O qədər səliqə-sahmanlı iş görürdü ki, hərdən zarafatla deyirdim, Nazim, elə eləmə də, sənə baxıb mən də siqaret çəkmək istəyirəm...

***

Və bir dəfə dedim, bu nədir çəkirsən, sənə ziyan deyil? Nazim özünəməxsus tərzdə siqaretin tüstüsünü sinəsinə çəkib dedi:

-O şeyi ki ürəyin istəyir, onun heç vaxt sənə ziyanı ola bilməz!

Mən də zarafatla:

-Onda birini də yandır...

Sonralar Nazimin qardaşları Natiq və Namiq Ağamirovlarla ailə məclislərində tanış oldum. Hər ikisi dəyərli, böyük və təmiz ürək sahibi olan ziyalılarımızdandır. Natiq müəllim Rusiyada nüfuzlu dövlət qurumlarında çalışır, Azərbaycanda seçilən şəxsiyyətlərdəndir. Fəxr olunası və qürurla adını çəkdiyimiz böyük Azərbaycanlıdır!

***

...Təxminən 1996-da Quba RİH başçısı bizi rayonda keçirilən bir tədbirə dəvət etmişdi. Hardasa, dekabr ayı idi... Dedim, Nazim, birlikdə gedəkmi? Getdik... Tədbir boyu şikayətçi fermerlərdən geniş müsahibələr də aldıq, foto və videoçəkilişlər etdik... Qəzetlərdən yalnız biz idik, uzaq yol və soyuq hava olduğundan başqa KİV-lərdən kimsə yox idi. Tədbir bitdi, başçının başı qarışdı şikayətçilərə, harasa qeyb oldu. Saat 16:00 olardı... Kimsə demədi ki, qonaqlara bir stəkan çay vermək lazımdır, ya yox?! Bakıya qayıtmalı olduq. Qərara aldıq ki, başçının acığına yolda ürəyimiz istəyən kimi nahar edərik... Təsəvvür edin, soyuq hava, ac adamlar! Yol boyu restoran axtara-axtara Şabrana çatdıq... İşıqlar kəsildiyindən kafe və ya restoranların qarşısında kimsə yox idi. Yavaş-yavaş qar səpələməyə başlamışdı. Hara dönürdüksə, birində ət vardı, ocaq yoxuydu... Digərində çörək var, turşu yox... Maşını Nazim sürürdü. Artıq qar dənələri bizi müşaiyət etməyə başlamışdı... Nazim birdən zarafatla qışqırdı: “Muştuluğumu ver, odur, orda işıq da var, tüstü də çıxır...”. Maşını sürdü kafeyə. Yerə düşən kimi xidmətçi bizi qarşıladı, Nazim tələm-tələsik dedi, yeməyə nə var?

Xidməçi Nazimin boy-buxununa, geyiminə... baxıb az qala özünü itirdi, kəkələdi... Dedi, işıq yoxdur deyə, hazır heç nə... Nazim özünəməxsus təmkinlə, “Ə, bura gəl görüm? Adın nədir?... Dişə dəyən nə var, onu sadala...”.

Nazimin belə rəsmi danışdığını görən xidmətçiyə biri də qoşuldu:

-Şor, ağ turp, çörək...

Nazim əsəbi halda:

-Vacib

 olanı demədin... Araq var???

-Var, rəis...

Mən o biri xidmətçini kənara çəkib yavaşca qulağına pıçıldadım ki, “Ayə, ay zalım balası, tanıdın?”. Dedi, yox... Dedim, zalım oğlu, Qubanın rəisini tanımırsan???

Soyuqdan üşüyüb balacalaşmış yazıq xidmətçi bir az da büzüşdü:

-Oldu... Başa düşdüm...

Dedim, tez, manqalı yandır...

Kabab gələnə kimi Nazimlə şor, çörək və ağ turpla bir arağın başına “daş saldıq”. Kabab gəldi, Nazim gülə-gülə “Biz gedəsi olduq, özünüz yeyərsiniz... Tez hesabı gətir”.

Sonralar həmişə yemək-içməkdən söz düşəndə Nazim deyirdi ki, o vaxtkı kimi şor-çörək və ağ turpla olan yeyib-içməyi heç nəyə dəyişmərəm (Ağ turpun üzərinə duzu səpəndə sulanıb qəribə tam verirdi, Nazim ləzzətlə yeyirdi). Amma onu Qubanın rəisi kimi təqdim etməyimi sona kimi bilmədi...

***

...Nazim Ağamirovun atası rəhmətlik İsmayıl müəllim də jurnalist olmuşdu deyə, jurnalistikaya və jurnalistlərə həmişə böyük hörmətlə yanaşırdı. Qəzet əməkdaşlarının yazılarının bir qismini Nazim redaktə edirdi. Çiy, tələskən yazanlara sakitcə “Evdə duzsuz, çiy yemək bişirilsə, onu yeyərsən? Yazı da elədir, məqalə çiy olursa, oxucu oxumur, iyrənir, imtina edir... Get düzəlt gətir...”, -deyərdi.

***

Əvvəllər Yəməndə səfirlikdə diplomat olmuşdu deyə, davranışında və insanlarla münasibətində də diplomat kimi davranırdı. Ən sərt, tənqidi sözünü də elə ustalıqla deyirdi ki, kimsə ondan inciməzdi...

***

...Nəhayət, “Ədalət”də rəhbərlik dəyişdi, Nazim müəllim qəzetdən getməli oldu... AHİK-in mətbuat xidmətində fəaliyyətini davam etdirirdi. Nazimin fərqli sahədə işləməsindən sonra mən də “Ədalət” qəzetindəki işimdən ayrılıb, başqa otaqda yerləşməli oldum, “Təzadlar”da başımı qatmalı oldum... Amma açıq deyim, Nazimsiz çətin idi. Çünki söhbət etməli, ürəyinin dərdini deməli həmsöhbət artıq yox idi. Hər adamla dərdləşmək də olmur, bilirsiniz... Yazılarımın birində elə belə də demişdim: “İndi bir dərd də odur ki, dərdini deməyə adam qalmayıb...”.

***

...Nazim müəllimin itkisi ilə barışmaq şəxsən mənim üçün çox çətindir. Onun başqa işə getməsindən sonra tez-tez telefon əlaqəsi saxlayar, hərdən görüşərdik də. Amma bu təmaslar daha çox virtual olurdu, canlı təmaslar az idi... Amma düşünürəm ki, yaxşı adamların yaxşı əməlləri həmişə elə özü kimi yaxşı da qalır.

***

...Nazim müəllimin dəfn mərasimində iştirak edəndə bir daha sakit səslə ürəyimdə onu salamlayıb “Nazim, niyə tələsdin? Axı Ağdama birlikdə gedəcəyimizi demişdin...”, - deyib pıçıltı ilə söyləməkdən başqa çarəm yox idi. Amma şükür ki, Ağdamın erməni işğalından alındığının şahidi oldu, deməli, torpaq, yurd nisgilli olmadı, onu özü ilə aparmadı... Axı, bir də, özü də torpağa getdi-Vətən torpağına. Və o yerə ki, hər birimizin alın yazısıdır, son mənzilimizdir.

 Bircə ona təəssüf edirəm ki, Nazim o ünvana, sanki bərk tələsdi, tez getdi... Ağır oturub-duran, səbrli olan bir adamın belə səbirsizliyi... Nə deyim. Deməli, tələsən təkcə təndirə yox, həm də torpağa düşərmiş!

Allah rəhmət eləsin! İnanıram ki, Nazimin ürək dostları onun haqqında həmişə danışacaq, xatirələr söyləyəcəklər... O xatirələr ki, bir kitabın-ömür dastanının əbədi mövzusu olacaq...

Asif Mərzili

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN