Xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub.
Noyabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək. Muzeydən verilən məlumata görə, tədbirdə “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının təntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı baş tutacaq.
44 günlük Vətən müharibəsi günlərində muzey Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib edib. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verilib. Şanlı ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyanıb. Qələbədən sonra bu xəritə əsasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər Ordumuzun qalibiyyətinə həsr olunan “Zəfər” xalçası ilmələrə köçürülub.
Xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub. Həmçinin bu unikal sənət nümunəsində dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışlar yer alıb.
“Zəfər” xalçası ideyası, eskizin hazırlanması və toxunması Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça muzeyinin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunulub.
Tədbirdə təqdim ediləcək Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu 3 hissədən ibarət “Şuşa” qobeleninin mərkəzi hissəsində Qarabağın sənət beşiyi olan Şuşanın işğaldan öncəki təsviri, heyrətamiz görüntüsü, bir tərəfində onun azadlığı uğrunda aparılan döyüşlər, od-alov, digər tərəfində isə qələbədən sonrakı aydın səmalı, firavan, azad Şuşa, onun ruhunun geri dönüşü öz əksini tapıb.
II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin və onların övladlarının iştirakı ilə keçiriləcək tədbirdə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə kölgə teatrı janrında “Fitnə” tamaşası da nümayiş etdiriləcək. Tamaşa muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb.