...Dövründə çox sədlər, əngəllər, maneələrlə qarşılaşan, badalaq vuranlara, paxılıq edənlərə, qısqanclara, xəbislərə, naqislərə rast gələn, lakin zamanından bu günə qədər əfsanəvi musiqiçi sayılan Vaqif Mustafazadə çoxdandır ki, özü həyatda olmasa da ad-sanı, şan-şöhrəti, yaratdığı caz-muqam janrı yaşamaqda, sevilməkdə və uğurla davam etməkdədir.
Azrbaycan Tele-radio Verilişləri Komitəsində o zamanlar fəaliyyət göstərən bədii şura da onu az incitməməişdi. Məsələn, onun televiziya çıxışının qarşısını almaq üçün irad tutub deyirdilər: -Bu görkəmdə televiziya konsertinə çıxmaq olmaz, get bığlarını qırxdır, uzun saçlarını qısalt, qaydaya sal. Bədii Şura onun ifa etdiyi xalq havaları, muğam improvizələri arasında etdiyi caz elementlərini qəbul edə bilmir, radionun səsyazma evində ifa etdiklərini pozdururdular. Dəfələrlə ona deyilmişdi ki, muğam cazla sintez edilə bilməz, bu düzgün ifa, döğru düşüncə deyil. Və yaxud xalq mahnılarımız əsrlərin sınağından çıxıb gəlib, onlara toxunmaq, üzərində iş aparmaq, heç bir əlavə etmək, aranjemana salmaq olmaz. Vaqif münsiflər heyətinin qarşısında, üzbəüz, tək olaraq əyləşib öz yeni fikrilərini, nə etdiyini, bununla nə etmək istədiyini anlatmağa çalışır, izahlar verir, mübarizə aparırdı. O, öz işi, istəkləri uğrunda mücadilə edərək yaradıcılıq işlərini çətinliklə yoluna qoyur, ifalarının müəyyən hissəsini radio fonduna keçirir, televiziya çıxışlarına nail olurdu. O, yalnız pianoda ifa etdiyi əsərlərə caz-muğam əlavələri ilə əlaqədar deyil, yaratdığı “Sevil” vokal kvartetinin repertuarına daxil etdiyi bir sıra xalq mahnlları ilə bağlı qarşılaşdığı haqsız qarşıdurmalara da sinə gərirdi. Öz inamına, görmək istədiyi işə sadiq qalaraq yeddi-səkkiz nəfərdən ibarət tanınmış simalar: bəstəkarlar incəsənət, ədəbiyyat xadimləri qarşısında fikirlərini qəbul etdirmək Vaqifə heç də asan başa gəlmirdi, əsəb keçirir, darıxdırıcı anlar yaşayırdı. Təbii ki, bütün bunların hər biri, sənət uğrunda mücadilə apararaq irəliləmək onun həyatında ziyanlı iz qoymamış deyildi.
Xalq şairi, filosof, böyük insan Bəxtiyar Vahabzadə (1925-2009) V.Mustafazadənin anım günü ilə bağlı hazırlanıb yayımlanan televiziya verilişlərinin birində danışırdı: “Bədii Şuranın üzvü idim. Mən musiqiçi deyiləm. Mahnıların mətnlərinin, muğamlarda oxunan qəzəllərin düzgün oxunmasına nəzər yetirmə mənə aid idi. Şura üzvləri V.Mustafazadənin muğam variasiyalarını, xalq mahnılarını yeni uslubda işləməsini tənqid edəndə, mən onlara dəstək oldum və iradlarımı bildirdim. Üstündən zaman keçib, Vaqifin qazandığı uğurlardan, dünya musiqisində özünə yer qazanmasından danışılır, çox böyük musiqiçi, əfsanəvi sənətkar olması dilə gətirilir. İnanın, mən xəcalət çəkirəm. Utanıram ki, anlamamışam qarşımızda nə boyda sənətkarın əyləşdiyini bilmədiyim üçün və mən də ona öz iradlarımı bildirmiş, qəlbini qanatmışam. Ruhu məni bağışlasın”.
Vaqif həyatda da, sənətdə, ifaçılıq xüsusiyyətlərində, yaradıcılıq işində, öz ansamblı üçün səslənmə əldə etməsində də tam sərbəstliyi xoşlayırdı. Axı yaradıcılıq işində dopdolu sənət adamı, daxilində aşıb-daşan yaradıcılıq fikirləri, zəngin düşüncələri ilə yaşayan bir musiqiçi idi o. Onu başa düşüb anlayanlar da, dərk etməyənlər və ya qəbul etmək istəməyənlər də var idi.
V.Mustafazadədə öz işinə inam güclü olduğu, yaradıcılıq məsələlərində səhf etmədiyinə, gec-tez istəyinə çatacağına ümid bəslədiyi üçün axtarışlarını, ifaçılıq yolunu yenə öz cəhətləri və xüsusiyyətləri ilə davam etdirirdi. Onun musiqidə qeyri-adi fikirləri, fərqli düşüncələri və ya ifa tərzi, özünəməxsus variasiyalar işləməsi, xalq musiqisi nümunələrinə, muğamlara münasibəti tam başqa olmaqla bilavasitə novatorluqdan yaranır, təxəyyülündən, beynindən, zehniyyətindən doğulurdu. Vaqif musiqi aləminə vaqif olan, dərinliklərə baş vura bilən, sənət sirlərinin axtarışında daha irəli gedən, çox incəlikləri öz ağlı, fəhmi, hissiyyatı ilə duyan, çox mətləblərə yiyələnən, Uca Allahın ona bəxş etdiyi qeyri-adi istedad, güclü enerji və böyük ilhamla meydana çıxan və qığılcım kimi parlayıb öz gur işığını ətrafa yayan bir insan idi. Nə yaxşı ki, o, onu anlamayanlara, duymayanlara, qarşısına səd çəkmək, sənət meydanına buraxmaq istəməyənlərə, qısqanclara boyun əyib təslim olmadı, sınmadı və əyilmədi. Vaqifdə öz inamına, nəyə qadir olduğuna, hara doğru yol tutub getdiyinə arxayınlıq çox güclü olduğu üçün öz missiyasını yerinə yetirə bildi. O, bilirdi ki, öz ölkəsində onu incitsələr də, başqa respublikalarda ona qucaq açacaq, yaradıcılığına qiymət veriləcək və o, caz-estrada ifaçılığında öz dəyərini alacaq. Aldı da, parladı da, SSRİ məkanında, bir sıra dünya ölkələrində və dogma Azərbaycanında da öz layiqli yerində göründü və tanındı da.
Vaqif Əziz oğlu Mustafazadə 1940-ci il matın 16-da Bakıda İçərişəhərdə hərbi həkim ailəsində anadan olmuşdur. Əziz Əbdülkərim oğlu Mustafazadə 1912-ci ildə Nuxada (Şəki) doğulmuşdu. Şəkidə Mustafa soyadlı böyük şəcərə xətti var və davamçıları indi də artmaqda hərb, elm, maarif, mədəniyyət və incəsənətin bütün sahələri üzrə fəaliyyət göstərməkdədirlər.
Vaqifin anası Zivər Ağasəf qızı Əliyeva neftxuda qızı idi. Zivər xanım Nuxada və Bakıda piano dərsi deyib.
Atasının ölümündən sonra, Vaqifin tərbiyəsi ilə anası Zivər xanım məşğul olurdu. O uşaq musiqi məktəbinin fortepiano sinfinin müəlliməsi idi. Zivər xanımın pianoda xalq musiqisi və muğamları ifa etməsi kiçik yaşlardan Vaqifin yaddaşına hopur, hafizəsinə cəm olur, zövqünü formalaşdırırdı. Vaqifin atası Əziz tar və kamança çalırdı. Vaqifin musiqi təxəyyülünün formalaşmasında bu amilin də rolu olub.
Zivər Əliyeva Azərbaycanda ilk pianoçulardan sayılırdı. O, dahi Üzeyir bəyin yetirməsi idi, muğamın sirlərini o misilsiz ustaddan öyrənmişdi. Vaqifin də ürəyinə muğam sevgisini damızdıran, düşüncə və hisslərini oyadaraq onun uşaq yaşlarına hopduran ən əvvəl anası idi. Hər muğam sədasının gözəlliyinə, təkrarsızlığına Vaqif Mustafazadənin öz heyranlığını necə ifadə etməsi barədə onunla sinif yoldaşı olmuş Rəşid Şəfəq akademik Rafael Hüseynovla bölüşdüyü bir müşahidə var və bu çox maraqlıdır. Oradakı fikirlərdən məlum olur ki, Vaqif anasından hansısa muğam parçasını, hansısa guşəni, hansısa şöbədən digərinə keçidi çalmağı xahiş edərmiş. Dinləyərmiş, “bir də çal” deyərmiş.
Zivər xanım yenə çalarmış, təbii ki, yüzdə yüz əvvəlki kimi deyil, muğama xas tərzdə, azacıq da olsa bayaqkından fərqli çalarmış.
Bu dəyişən və dəyişdikcə bitməyən gözəlliyə növbəti və növbəti dəfə valeh olan Vaqif hər dəfə əyilib anasının barmaqlarından öpərmiş...( 525-ci qəzet, s. 10)
Vaqif konservatoriyanın nəzdindəki musiqi onilliyinin fortepiano sinfini bitirmişdi. Burada o, ixisas üzrə professor, böyük musiqi xadimi Georgi Georgiyeviç Şaroyevdən dərs almışdı. Şaroyev şəxsən Ü.Hacıbəylinin Azərbaycan Dövlət Konservatoryasında dərs demək üçün dəvət etdiyi nadir sənət adamlarından biri idi. Musiqi onilliyində onun dərs dediyi tək tələbə V.Mustafazadə idi. O, Vaqifin istedadına qiymət verdiyi, gələcəyinə böyük ümid bəslədiyi üçün ona dərs deməyi özünə vicdani borc sayırdı.
Vaqif 1963-cü ildə A.Zeynall adına Orta İxtisas Musiqi Məktəbini bitirmişdi. Bu zaman artıq o, istedadlı musiqiçi, gözəl, uğurlu pianoçu kimi musiqi aləminin diqqətini çəlb etmiş, məşhurluğu başlamışdı. Vaqif böyük həvəslə kiçik konsertlər verir və klublarda çıxış edirdi. O, həmin zamanlar Azərbaycan Dövlət Sənaye İnstitutunda gecələr təşkil edilən konsert-yığıncaqlarda da çalır və pərəstişkarlar qazanırdı. Vaqifin ifasında əsasən klassik caz, bluz və oynaq mahnılar cəm olurdu.
Sənaye İnstitutunda verdiyi konsertlərdə Vaqif bütün tələbələrin sevgisini qazanmışdı. Onun birinci həyat yoldaşı olan milliyətcə ləzgi Nərminə xanım da onunla bu zaman tanış olmuşdu. Deyilənə görə onları rejissor, yazıçı Rüstəm İbrahimbəyov tanış edibmiş. Vaqiflə Nərminənin Səadət Sarayında rəsmi nikahları olub. Həmin anın foto-şəkilləri Vaqifin arxivində qorunur və İnternet səhifələrində də görünür. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəlib. Bir-birlərinə çox yaraşsalar da Vaqiflə bu xanımın evliliyi çox çəkməyib. Bəlkə də buna səbəb Nərminənin mühəndis, Vaqifin isə musiqiçi olması idi?!
Axı sənət adamlarının qəribəlikləri, özünəxas xüsusiyyətləri, kaprizləri də olur, onlarla dil tapmaq, nazını çəkib qayğısına qalmaq daha çox lazım gəlir. Görünür Nərminə xanıma aydın olmayıb ki, necə böyük musiqiçi ilə ailə qurub. Ayrılıq baş verib və Nərminə xanım Laləni də götürüb, gedib.
V.Mustafazadə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olsa da, burada oxumamış və öz ərizəsi ilə getmişdir. O zamankı rektor Cövdət Hacıyev (1917-2002) onu ha dilə tutsa da, Vaqif öz fikrində israrlı olmuşdur. Vaqif:-Özüm sərbəst məşğul olacağam-deyib getmişdir.
O, Tbilisiyə yollanmış “Orera” vokal-instrumental anasamba işə düzəlmişdi. Gürcülər onu bu ansambla musiqi rəhbəri dəvət etmişdilər və Vaqif də özünü doğrultmuşdu. Burada Vaqifi çox sevir, sənətinə yüksək dəyər verir, qayğısına qalır, nazını çəkir və haqqında xoş sözlər bildirirdilər. Vaxtanq Kikabidze, Nane Breqvadze Vaqifin ifasını çox bəyənir və həmişə dəyərləndirirdilər.
Əslində Tbilisidə həm də bu unikal sənətkarın bacarığından məharətlə istifadə edirdilər. Orada onun qədrini bizdəkindən çox-çox artıq bilirdilər. Vaqifin “Orera”da çalışması bu ansamblın ifa bacarığını yüksəltmiş, repertuarını zənginləşdirmş və şöhrətini artırmşdı.
V.Mustafazadə 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli", "Sevil" qadın vokal instrumental və "Muğam-caz" instrumental ansambllarına rəhbərlik etmişdir. O, Beynəlxalq caz müsabiqələri və festivallarının-"Tallin-66", "Tbilisi-78", Monte-Karlo laureatı olmuşdur.Tallin festivalında Vaqif Gürcüstanı təmsil edirdi. Azərbaycanın o zamankı Mədəniyyət Naziri xalq artisti, bəstəkar Rauf Hacıyev demişdi ki, Vaqif vətənə qayıtsın, ölkəmizi təmsil etsin.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilirdi. Festivalın şərtləri belə idi ki, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılırdı. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum adların içərisindən bizə doğma ad çəkilir:- Azərbaycan, Vaqif Mustafazadə. Bakı musiqiçisi Monako caz festivalından öz vətəninə "Ağ royal" mükafatı ilə qayıdır, ən yaxşı caz bəstəkarı adına layiq görülür və növbəti konsertlərə hazırlaşır.
Deməli, dünya musiqi içtimaiyyəti V.Mustafazadəni caz ifaçısı olmasından əlavə, rəsmən ən birinci caz bəstəkarı kimi qəbul və təsdiq etmişdi. Azərbaycanda isə onu Bəstəkarlar İttifaqına qəbul etmirdilər. Dəfələrlə rəsmi müraciət etsə də, ali təhsilin yoxdur-deyə rədd cavabı verirdilər.
V.Mustafazadə Tbilisidən ailə qurduğu Elza ilə Bakıya qayıdaraq burada “Sevil” vokal kvartetini yaratmışdı. Az müddət sonra “Sevil” populyarlıq qazanmış çıxışları Azərbaycan teieradio məkanında yayımlanmağa başlamışdı.
Elza Bandzeladze gürcü qızı idi, onların yaxınlığı “Orera” ansamblında olmuşdu. Çütlük Bakıya gələndə Elza boylu idi. Müdrik, diqqətli, abır-həyaya dəyər verən, tələbkar, vicdanlı, dünya görmüş Zivər xanım incə mətləbi Vaqifə anlatmışdı ki, uşaq dünyaya gələcək, lakin kəbininiz yoxdur, bu biizm adət-ənnəyə ziddir.. Anasının tövsiyəsi və təkidi ilə Vaqif Elza ilə nigaha daxil olmuşdu. Bu nigahdan Əzizə dünyaya gəlib. Düşünmək olar ki, Zivər xanım Vaqiflə razılaşaraq onun oğlu olmadığı üçün atası Əzizin adını qız övladına verməli olublar.
Vaqifgilin evi İçərişəhərdə Qoşa-Qala ilə üzbəüz idi. Ölümündən 3 il əvvəl dövlət ona Bakının lap mərkəzində, Nizami küçəsində (“Tarqovı”da) mənzil vermişdi. Vaqif həyat yoldaşı və qızı Əzizə ilə həmin mənzildə yaşayrdı.
Lalə Mustafazadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və Azərbaycan Dövlət Konsertvatoriyasını bitirib. O, “Sevil” vokal-instrumental ansamblının solisti olub. Lalə xanım klassik pianoçudur. L.Mustafazadə 1992-ci ildə Fransada keçirilən çox nüfuzlu, böyük musiqi yarışması “Epinal” müsabiqəsində birinci yeri tutub və Qran-Pri alıb. O, Fransada yaşayır, orada varlı, imkanlı və elit fransızla ailə qurub. Mikayıl adlı oğlu var. L.Mustafazadə Paris Konservatoriyasında dərs deyib, Qrand-operada işləyib.
Əzizə də Bülbül adına məktəbi və konservatoriyanı (hazırda Bakı Musiqi Akademiyası) bitirib. O, bəstəkar, virtuoz piano ifaçısı və dünyaca məşhur cazmendir. Əzizə xanım 1993-cü ildə Almaniyada “Sony” şirkəti ilə müqavilə bağlayıb və ora köçüb.
Ə.Mustafazadə 1996-cı, 2007-ci illərdə Bakıya caz festivalına gəlib. Sonuncu səfərdə festivaldakı çıxışına görə 70 min avro alıb. Ona dövlət təfəfindən ən bahalı röyal və bütün şəraitə, imkanlara malik villa bağışlanıb. Əzizə xanım 1997-ci ildə İngilis Kraliçasının klubunda ifa edib. Kraliça ona “Cazın şahzadəsi” adı verib. Dünyanın ən böyük dövlətlərində Ə.Mustafazadənin konsertləri olur, diskləri yüksək tirajla satılır.
2010-cu ildə H.Əliyev sarayında Vaqif Mustafazadənin 70 illik yubileyi keçirilib. Bu tədbirə Əzizə Mustafazadə də gəlib.
Əzizə xanımın həyat yoldaşı ingilis idi, Londonda yaşayırdılar. Sonra ayrılaraq anasının yanına Almaniyaya qayıdıb. O, 2010-cu ildə Bakıya gələrkən sadə, kasıb bir ləzgi oğlanı sevib və onunla nigaha daxil olub. Bu ailədə bir oğlan dünyaya gəlib, adını Ramizxan qoyublar və indi Almaniyada yaşayırlar.
1999-cu ildə “Rast” kampaniyası ilə birlikdə ilk dəfə Vaqif Mustafazadənin diski buraxılıb.
Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib.
O, 1979-cu il dekabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmiş və Bakının Yasamal qəbristanında dəfn olunmuşdur.
V.Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun novatorluğu Azərbaycan və dünya musiqisinə yeni janr, yeni ənənə, çaz-muğam gətirmişdir.
Onun haqqında "Caz əfsanəsi-Vaqif Mustafazadə" adlı sənədli film çəkilmişdir.
1989-cu ildə Mədəniyyət Nazirliyinin vasitəsilə Vaqif Mustafazadənin ev muzeyi yaradılmışdır. Muzeyin ilk rəhbəri Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi öz qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. Bu işə görə Afaq xanım Moskvadan köçüb gələrək Bakıda məskunlaşmışdır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyət göstərməkdə və qorunmaqdadır. 1999-cu ildə “Rast” kampaniyası ilə birlikdə ilk dəfə Vaqif Mustafazadənin diski buraxılıb. Bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev vaxtılə Vaqifin vallardakı və digər ifalarını müasir texniki vasitələrdən istifadə edib disklərə yazaraq albom halında nəşrinə nail olmuşdur. Cavanşir Quliyev: "Mən V. Mustafazadənin ifa etdiyi materialı kompüter proqramında təmizləyərək altı ədəd SD-yə yerləşdirmiş və albom halına salmışam". Onun hazırladığı albom ABŞ-nin Yunikal və Norveçin Statiol məşhur şirkətləri tərəfindən nəşr edilərək dünyaya yayılıb. Həmin disklər iki dəfə nəşr olunub: birincidə altı SD-də, ikincidə bir DVD-də...
Əhsən Rəhmanlı,
Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru