Şəhərdə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalov tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyib...
Azərbaycanın şanlı Zəfər bayramından bir neçə gün ötsə də, əks sədası hələ də davam edir. Davam etməlidir də. 30 illik işğala 44 gündə son qoymaq, elə bir qəhrəmanlıq, elə bir hünərdir ki, bunun haqqında hələ onillərlə danışılacaq, haqqında cild-cild kitablar yazılacaq. Qəlbində, ürəyində vətən eşqi olan hər kəs bu Zəfər gününü qeyd etməli və heç vaxt əsgərlərimizin bu qəhrəmanlığını unutmalı deyil. Dünyanın harasında yaşamasından asılı olmayaraq qazanılan bu Zəfər hər bir azərbaycanlının başını uca edib, başqa millətlər yanında qürurla gəzməya sövq edir... Bu hissi tək bir gün yox, hər gün yaşamağa dəyər.
Zəfər günü ilə əlaqədar Azərbaycandan kənarda yaşayan soydaşlarımız da yaşadıqları ölkələrdə bu qələbə günümüzü böyük təntənə ilə qeyd ediblər. Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində yaşayan soydaşlarımız da Zəfər gününü özlərinə məxsus şəkildə qeyd ediblər. Onu da bildirək ki, bu şəhərdə mənfur düşmənimiz olan ermənilər daha çoxluq təşkil edirlər. Bununla belə, bu şəhərdə yaşayan azərbaycanlılar, heç nəyə məhəl qoymadan, heç kəsdən çəkinmədən Azərbaycanın bütün bayramlarını orada yüksək səviyyədə qeyd edirlər. Elə Zəfər günü də çox böyük coşqu ilə keçirilib.
Pyatiqorskidə yaşayan “Azərbaycan” Cəmiyyətinin sədri Təhmasib Zeynalov vətənini, dövlətini sevən ziyalı bir soydaşımızdır. Məhz onun rəhbərliyi ilə noyabrın 8-də Pyatiqorsk şəhərindəki Cəmiyyətin ofisində Zəfər günü qeyd edilib. Tədbirə yerli şəhər adminstratsiyasının nümayəndələri və digər etnik cəmiyyətlərin üzvləri dəvət olunublar. Tədbiri giriş sözü ilə açan Cəmiyyətin sədri Təhmasib Zeynalov şəhidlərimizin xatirəsinə elan etdiyi bir dəqiqəlik sükutdan sonra bunları deyib: “Bu bayram hər birimiz üçün əzizdir. Müstəqil dövlətin Zəfər gününü qeyd etmək hər bir azərbaycanlının müqəddəs işi olmalıdır. Axı biz 30 il işğal olunmuş ərazilərimizi 44 gün ərzində azad edərək, böyük, tarixi bir Zəfərə imza atdıq. Düzdür, müstəqilliyimizin ilk illərində bizlər də xalq hərəkatına qoşularaq, Sovet imperiyasına qarşı mübarizələrdə iştirak etmişik. Hələ o vaxtlar Azərbaycan müstəqil olmayanda belə, biz üçrəngli bayrağı o mitinqlərdə qaldırmışıq. Bu yolda döyülmüşük, əzilmişik, lakin niyyətimizdən və əqidəmizdən dönməmişik. Çox təəssüf ki, sovet imperiyası dağılanda özü ilə fəlakətlər də gətirdi və torpaqlarımız ermənilər və onların havadarlarınin əli ilə işğal olundu. Amma nə biz, nə də Ali Baş Komandan, Prezident İlham Əliyev bu işğalla barışmadı. Mən şəxsən dəfələrlə Prezident İlham Əliyevin dilindən eşitmişəm ki, biz bu işğalla barışmayacağıq və səbrimiz sonsuza qədər deyil. Ötən il sentyabrın 27-də başlayan 44 günlük II Qarabağ savaşında Prezident İlham Əliyev dediyi sözü tutaraq, torpaqlarımızı işğaldan azad etdi və bizə belə bir böyük Zəfər bayramı bəxş etdi. Bu Zəfərin qazanılmasında Azərbaycan Milli Ordusu, onun rəşadətli qəhrəman əsgərləri, zabitləri, generalları böyük igidliklər göstərdilər. Şuşanın alınması isə dünyanın hərb tarixinə düşüb və bu gün də ən aparıcı dövlətlər bu döyüş taktikasını öyrənirlər. Bütün bunlar bizə qürur verir. İnanırıq ki, bu Zəfər Azərbaycanın daha da inkişaf etməsinə, dünyada söz sahibi olmasına yol açacaq. Biz bu 44 günlük savaşda tək olmadıq.
Qardaş Türkiyənin, Pakistanın, İsrailin, Ukrayniyanın mənəvi və siyasi dəstəyini hər an yanımızda hiss etdik. Çox sevindirici haldır ki, bu 44 günlük savaşda ermənilər çox cəhd etdilər ki, Rusiyanı bu işə qarışdırsınlar. Amma Rusiya prezidenti Vladimir Putin çox ağıllı siyasət yürüdərək, dəfələrlə bəyan etdi ki, müharibə Azərbaycan torpaqlarında gedir və Azərbaycan öz torpağını işğaldan azad etməkdə haqlıdır. Əlbəttə, bu da Rusiyada yaşayan biz azərbaycanlılar üçün çox önəmlidir. Rusiya və Azərbaycan dövlət başşılarının çox gözəl dostluq münasibətlərinin olması, iki dövlət arasında siyasi və iqtisadi sahədə inkişafa yol açır. Elə bu dostluğun nəticəsidir ki, ermənilər həmişə arxalandıqları Rusiyadan bu dəfə gözlədikləri köməyi görmədilər. Bu isə nəticədə ermənilərin müharibə meydanında bizlərlə üz-üzə qalmasına səbəb oldu. Təkbətək mübarizədə isə, Azərbaycan əsgərinin nəyə qadir olduğunu nəinki ermənilər, bütün dünya gördü. Azərbaycan əsgəri onlara elə bir dərs verdi ki, ömrü boyu yadlarından çıxmayacaq. Bu qələbədə igid oğullarımızdan şəhidlər və qazilər oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı və uzun ömür diləyirik. Pyatiqorsk şəhərində yaşayan biz azərbaycanlılar 44 günlük savaşda dövlətimizin və ordumuzun yanında olduq, bacardığımız qədər əsgərlərimizə maddi yardımlar göndərdik. Bizim hamımızın bir vətəni var: Azərbaycan. Vətənimizi hər birimiz sevirik və Ali baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyirik. Zəfər günümüz mübarək olsun!”
Tədbirdə ayrı-ayrı soydaşlarımız və digər etnik azlıqların nümayəndələri çıxış edərək Azərbaycanın Zəfər gününü təbrik ediblər.
Elçin MƏMMƏDLİ