Saytların birində Aygün Kazımovanın paylaşılan yeni şəkili barədə belə yazılıb: “50 yaşlı Aygün Kazımova dərin sinə dekoltesi ilə göz qamaşdırdı”.
P.S. Belə jurnalistin ağlına dua yazmayım, neyləyim? Bədbəxt oğlu, bədbəxt, 50 yaşlı arvadın sinəsi nə vaxtdan göz qamaşdıran olub? Elə o 50 yaşlı Aygünün də 50 qram ağlı yoxdur ki, illərlə çöldə qoymaqdan sıradan çıxmış sinəsini çöldə qoyur və sənin kimi görməmişlərin də gözləri qamaşır.
***
Prezident İlham Əliyev İstanbulda Türk Dövlətlərinin VIII Zirvə görüşündə Ermənistan haqqında belə deyib: “Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək”.
P.S. Qızıl sözlərdir, vallah. Amma Ermənsitanın bir nömrəli problemi elə anlamaq dərdidir dəə... Bu, bir. İkincisi isə, əgər ermənilər bilsəydilər “xeyir və şərəf” nə olan şeydir, onda belə rəzil günə düşməzdilər. Onları anlatmaq, xeyir və şərəfin nə olduğunu başa salmaq üçün yeganə vasitə elə Prezidentin dəmir yumruğudur. Başqa heç cürə nəsə anlamaq iqtidarında deyillər.
***
Xaricdə təhsil alan bəzi tələbələrin diplomlarının Azərbaycanda niyə tanınmaması barədə danışan təhsil eksperti Ramal Şəmsədli mətbuata belə deyib: “Ukrayna və Rusiyada tələbələrimiz əyani şəkildə orda qeydiyyatdan keçirlər, amma qiyabi kimi “təhsil” alırlar”.
P.S. “Bəyin oğurlanması” filmində rəhmətlik Səməndər Rzayev demiş “Nə tafopu var ə, bunun?” Rəhmətliyin oğlu, sənin üçün bunun nə fərqi var ki, tələbə əyani və ya qiyabi təhsil alır. Əsas odur ki, bəzi məmurlar kimi diplomu saxta deyil. O boyda İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq diplomunun saxta olmasını sənədlə sübut etmişdik, amma nə fayda? Kişi hələ də yerində oturub, diplom paylayır. Amma heç kəs bu adama “saxta diplomla necə rektor işləyə bilərsən” - deyə soruşmur. Sən də düşmüsən, yazıq tələbələrin üstünə ki, niyə əyani yox, qiyabi təhsil alırlar? Ramal bəy, adam “işverən”, yəni mərdiməzar olmaz...
***
Mətbuatdan da aydın olur ki, guya İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlaşdırır...
P.S. Belə yerdə deyiblər e, yeznəsi gülüm olanın, başına külüm olub. Rəhmətliyin uşağı, rusun ermənilərə verdiyi ən müasir silahlar 44 günlük savaş göstərdi ki, bir işə yaramadı və hazırda onlar Qənimətlər Parkında nümayiş olunur. İranın belə müasir silahları yoxdursa, bəs ermənilərə nə verə bilər? Həə... yadıma düşdü. İran Ermənistana ən müasir silah olan aftafa və təsbeh verə bilər. Amma maraqlıdır, İran ermənilərə birdən dua yazmağı və fətva verməyi də öyrətsə, bax onda biz “toçnu” batdıq...
***
Məlumatlara görə, postumuza qumbara atan ermənini Rusiyanın sülhməramlıları tutub, saxlayıblar.
P.S. Hə, nə olsun? “Padumaeş” saxlayıblar? Necə saxlayıblar, elə də buraxacaqlar. Sülhməramlılar silahsız erməniləri tərksilah edəndirsə, bəs niyə Xankəndində bu qədər silahlı quldur dəstəsi var? Bu azmış kimi, indi də mülki əhalini silahlandırırlar. Sülhməramlıların kor olmuş gözləri bunları görmür? Bir də maraqlıdır, o qumbara atan errməninin özü və mindiyi maşın niyə əsgərlərimiz tərəfindən dərhal gülləbarana məruz qalmadı?
***
Maliyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılması barədə Milli Məclisdə belə deyib: “Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur.
P.S. Hörmətli Samir müəllim, “ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur”sa, artan digər ərzaq məhsullarını demirəm, amma yerli istehsal olan yumurtanın qiyməti niyə od tutub, yanır? Bəlkə daha bir yumurta müşavirəsinə ehtiyac var?
***
Müğənni və aktrisa sayılan Nəzakət Məmmədova “Tarixin bir günü” proqramında qonaq olarkən şou əhlinin sevgilisinin olmasından danışarkən deyib: “Üzr istəyirəm, ifadəmə görə, amma məndə söz gəldisə birbaşa deyirəm. Sənətdə olan məşhur xanımların çoxusunun saxlayanı var. İndi elələrinə “Həci” deyirlər.
P.S. Ay Nəzakət, ay pir olmuşun qızı, nə saxlayan, nə Həci? O saxlayan, şou əhli xanımı niyə saxlayır? Qolundanmı tutub saxlayır? Yoxsa inkişafdanmı saxlayır? Bir də ki, Həci hara, şou əhli xanım hara? Həcilər pak, müqəddəs, saf insanlardır. Hamısının ətəyində namaz qılmaq olar, mən ölüm. Həə... yəqin Həcilər şou əhli xanımlarının canamazını saxlayırlar... Mənə qalmayıb ki...
***
Müğənni Mənzurə Musayeva duet oxuyanların eşq yaşaması barədə danışarkən “MTV Azərbaycan”a belə açıqlama verib: “80 faiz duet ortağı eşq yaşayır. Özləri də bilirlər. Burada heç bir problem yoxdur”.
P.S. Ay Mənzurə, Allah sənin xasiyyətini kəssin! Bax, sən indi burada kimə sataşırsan? Demək istəyirsən ki, neçə vaxtdır duet oxuyan, maç-maç, quc-quc görüntüləri ilə tez-tez gündəmə gələn Nadir Qafarzadə ilə Ayan Babakişiyeva eşq yaşayırlar? Ayıbdır axı. Düzdür, xalq arasında bu söz-söhbət çoxdan gəzir. Amma Nadir dəfələrlə bildirib ki, Ayan onun qızı yaşındadır. İndi qalmışam mat- məəttəl, nə deyə bilərəm? İman bir yerə, güman min yerə. Əşi, nəyimə lazımdır e, kim kiminlə cuqquldaşır, kim kiminlə cippildəşir, kim kiminlə gizlində xosunlaşır və ya xortumlaşır?
***
Müğənni Təranə Qumral hamilə olan qızı Fidanın şəkillərini İnstagram səhifəsində paylaşıb və bu da guya xeyli marağa səbəb olub.
P.S. Dağıl ey dünya!.. Vaxt var idi hamilə gəlin nəinki qaynatasının, qaynanasının, hətta öz ata-anasının üzünə belə çıxmağa utanardı. İndi isə, Qubadlıdan olan mərhum şair Əlağa Aslanın “Gəl çıx” şeirində dediyi kimidir:
“Od vur öz canına, odunda qızın,
Dərd hansı dağılmış virandan gəlir?
Qonşuya getməyə utanan qızın,
Səsi Türkiyədən, İrandan gəlir.
Gəl, ay aman günün yiyəsi, gəl çıx!”
Gəl, gəl bu abrını, həyasını itirmişləri, qarınlarını şişirdib utanmadan efirdən, sosial şəbəkələrdən gözümüzə soxanları sürüyüb, sonra da kürüyüb birdəfəlik at dənizdə balığa. Balıq bilməsə də, Xaliq biləcək.
***
Aktrisa sayılan, amma bircə rolu da gözə dəyməyən, əvəzində çılpaq bədəni ilə gündəm olan Pərvin Abıyeva yeni şəkilləri ilə diqqət mərkəzinə düşüb. Bu barədə xəbər verən bir sayt belə yazıb: “Pərvin fotoda geyimi ilə diqqət çəkib. Onun paylaşımı marağa səbəb olub”.
P.S. Adama deyərlər ay tünbətünün oğlu, sən Pərvinin əynində paltar görürsən ki, hələ deyirsən “Pərvin fotoda geyimi ilə diqqət çəkib”? Ətiniz tökülsün elə. Hələ üstəlik də yazır ki, bu şəkil marağa səbəb olub. Ayə, marağa səbəb olar dayna. Şəkilə baxanda elə zənn edirsən ki, Pərvin Abıyeva almanların hərbi əsir düşərgəsindən qaçıb, gəlib. Bu şəkili bəyənən görüm elə Pərvinin gününə düşsün.
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.