Yaxud, mənəvi saflığa çağırış

Redaksiyamıza həmişə əlidolu gələr. Ya məqalə gətirər, ya kitab, ya da həyətinin bar-bəhrəsi olan meyvə, göy-göyərti, çərəzlər…

Bütün bunlar bir yana, onun söz sovqatı bizim üçün başqa bir aləmdir, sıradan söz-söhbət deyil... Gələndə də otağın qapısını astaca açar. Hər dəfə də bizdən icazə istəyirmiş kimi sakit səslə soruşar: - Gələ bilərəmmi? İçəridən cavab alandan sonra qapının arasında görünər. Ardınca da iltifatını, nəzakətini əsirgəməz:

- Mən gəlmişəm. Bilirəm, sizi narahat edirəm, vaxtınızı alıram. Əgər mane oluramsa, incimədən qayıdıb gedə bilərəm.

Biz də təbii ki, bu iltifatı cavabsız qoymuruq:

- Xoş gördük. Çox şadıq ki, siz gəlmisiniz. Sizin hər gəlişiniz bizim üçün çox dəyərlidir.

O da belə bir qarşılanmadan xoşhal olaraq əlində tutduğu salafan klokdan gətirdiyi sovqatı çıxarıb stolun üstünə qoyar. Fəslə görə gətirdiyi sovqatdan otağa yazın qoxusu, qızıl payızın ətri yayılar…

Bu dəfəki gəlişində o, təzəcə işıq üzü görmüş "Bənd, xənd" adlı yeni kitabını bizə hədiyyə etdi… Barəsində söhbət açdığım "Təzadlar" qəzetində dərc olunan aktual mövzulu məqalə, oçerk novella və felyetonları ilə oxucularımızın yaxşı tanıdığı milliyətcə tat olan Qüdrət Nurəli oğlu Əliyevdir...

O, 10 yanvar 1936-cı ildə Quba rayonunun İsnov kəndində anadan olub. 1954-cü ildə Çiçi kənd orta məktəbini, 1962-ci ildə ADU-nun filologiya fakültəsini, 1972-ci ildə Marksizm-Leninizm Universitetini bitirib. Sözün möcüzəsinə inanıb, iman sanıb, ən xəfif, ən bakirə duyğularını ona etibar edib. İlk hekayəsi 1958-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap edilib. 54 illik əmək fəaliyyətini Sumqayıt, Abşeron və Quba məktəblərində pedaqoji sahədə çalışmaqla keçirib. 1953-cü ildən bəri yazıçı və jurnalist kimi respublikanın müxtəlif mətbu orqanlarında aktual mövzularda xəbər, tanıtma, məqalə, oçerk və felyetonlarla vaxtaşırı çıxış edib, Azərbaycan və tat dillərində "Qismət" (1999), "Ərüşküş" (2000), "Vərəzə" (2007), "İbrət bağçası" (2012), "Pərsəng" (2016) kitabları ilə geniş oxucu auditoriyası qazanıb.  

Onun bu günlərdə nəşr olunmuş "Bənd, xənd" kitabını mənəvi saflığa çağırış adlandırmaq olar. Tat dilində idiomatik ifadə olan "bənd, xənd" "işini ehtiyatlı tut, qonşunu oğru bilmə" deməkdir. Kitaba daxil edilmiş və müxtəlif vaxtlarda "Təzadlar"da dərc edilmiş "Soraq", "Şıxının könlündəki", "Rayon məhkəməsində futbol oyunu", "Qorodovoy Kəbləyi-Zalın kəndçisi", "Dolanbac", "Qazyolan Əlövsət", "Şərurlu ocağı", "Kommunizmi görən gözüm" və s. yazıların əsasında hikmətamiz fikirlər durur. Müəllif real həyat hadisələrini həm ciddi, həm də satirik dildə qələmə alaraq, mənəvi saflığın, sədaqətin, fədakarlığın, düzlüyün təbliğinə çalışır, hərzəliyi, bəd əməlləri, zülmü, yalanı və riyakarlığı ifşa edir. Həyatdan götürdüyü hadisələrə yeri gəldikcə maraqlı lətifə və rəvayətlər əlavə edərək, onları daha da oxunaqlı edir.

Hekayələrdə tat xalqının həyatının yaddaqalan anları, onun məişəti, psixologiyası, haqqı-ədaləti sevməsi, insanpərvərliyi, təmizliyi, bəzən də sadəlövhlüyü elə maraqlı şərh edilir, oxucuya elə inandırıcı və ibrətamiz şəkildə çatdırılır ki, sanki müasir tat "Kəlilə və Dimnə"sini oxuyursan. Onlar oxucunu düşündürür, müdrik və ağıllı nəticələr çıxarmağa sövq edir. Zəhmətlə iradənin, dostluqla sədaqətin, ağılla xeyirxahlığın insan həyatının zinəti olduğunu yaddaşlara elə ustalıqla həkk edir ki, uzun müddət həmin əsərlərin təsiri altında yaşayırsan. Nəfis tərtibatla çap olunmuş kitabın redaktorları professor Maqsud Hacıyev və tədqiqatçı Niyaməddin Kəbirov, ön sözün müəllifi tədqiqatçı-jurnalist Müzəffər Məlikməmmədovdur.

Müəllifin "Bənd, xənd" kitabını oxuculara növbəti yaradıcılıq töhfəsi kimi qiymətləndirir, ona cansağlığı və yeni uğurlar arzulayırıq.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN