Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirov və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.
Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə UNESCO-nun 41-ci Baş Konfransı keçirilib. Konfrans çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi il bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub. Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir.
Xatırladaq ki, cari ilin noyabr ayında UNESCO səviyyəsində Azərbaycanla bağlı əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib, həmçinin ölkəmiz UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.
TEZADLAR.AZ