"Təzadlar" xəbər verir ki, "Ədəbiyyat və incəsənət" portalının "Ulduz" jurnalı ilə birgə layihəsi olan "Şənbə qonağı"nda İntiqam Yaşar bu dəfə sizi yazıçı, publisist, maraqlı tarixi romanların müəllifi, "Olaylar" media qurumunun rəhbəri Yunus Oğuzla görüşdürür.
-Salam, Yunus bəy, ədəbi mühitdə daha çox varsınız, yoxsa mediada?
-Ədəbi mühitin öz yeri, medianın öz yeri var. Tale elə gətirib ki, hər ikisinin də fəaliyyətinə eyni vaxtda başlamışam, yəni on beş yaşımdan. Birini o birindən ayırmıram, çünki hər ikisinin təməlində yazmaq durur. Bu gün media ilə bədii ədəbiyyat çuğlaşıb. Bəzən birini o birindən ayıra bilmirsən. Ancaq əgər bu, oxucular tərəfindən rəğbətlə qarşılanırsa, deməli normaldır. Publisistikanı romanlarıma ilk tətbiq edənlərdən biri də mən olmuşam. Bu gün oxucu 1000 səhifəlik kitab deyil, mahiyyətini anladacaq əsər gözləyir. Bu zaman publisistikanın yığcamlığı köməyimizə gəlir.
-Müasir oxucu yazardan nə istəyir?
-Maraqlı əsərlər. Elə əsərlər ki, oxucu onun aurasından uzun müddət çıxa bilməsin. Bədii ədəbiyyat həmişə oxucuları təsirləndirir, elə bil ki, oxucu öz həyatını yaşayır, onun həyatını tərənnüm edirsən. Ona görə də sevilirsən, hörmətə minirsən.
-Yunus bəy, yazarla oxucu arasında rabitə, sizcə, itməyib ki?
-Rabitə çoxdan itib. Düşünürəm, bunun əsas səbəblərindən də biri internetin yaranmasıdır. Faktiki olaraq sosial şəbəkə bu təması, ünsiyyəti əlimizdən alıb. Bu yaxınlarda oxucularla Slavyan Universitetində canlı görüşüm oldu. Bu başqa aləm idi. Canlı təmas həm oxucuların, həm də yazarın xatirələrində uzun illər qalır. Sosial şəbəkinin ünsiyyəti isə bir neçə saatlıqdır. Sosial şəbəkələr insanın ruhunu öldürür. Burada səni canlı təmasda qınayan yoxdur, uzaqbaşı bəyənmədiyin adamı dostluqdan çıxardacaqsan. Canlı təmas isə boynuna məsuliyyət qoyur.
-Tarixi romanlar müəllifisiniz. Romanlarınıza olan marağı ölkə daxili və ölkə xarici baxımdan müqayisə etsəniz, hansı nəticəyə gələrsiniz?
-Romanlarım həm daxildə, həm xaricdə maraqla qarşılanır, çünki tarixi şəxsiyyətlərdən yazılanda hər ölkənin oxucusuna ünvanlanmaqla yanaşı, həm də həmin ölkənin tarix və ədəbiyyat siyasətinə toxunulur. Məsələn, özbəklər Əmir Teymuru nə qədər çox sevirlərsə, Çingiz xanı bir o qədər sevmirlər. Düşünürəm, belə sevgi gələcəkdə aradan qalxacaq. Hər ikisi bizim tarixdir. Bizim bədbəxtliyimiz ondadır ki, bizi ümümtürk tarixindən və mədəniyyətindən ayrı salıblar. Uşaqlıq dövrümüzdə bizi elə öyrədirdilər ki, guya bizim türkə heç bir dəxlimiz yoxdur, türklər bütövlükdə bizə düşmən olublar, böyük qardaşlarımız rus və farslardır. Etiraf edim ki, buna müəyyən qədər nail də olmuşdular. Hələ indinin özündə də gənclərə bu sayaq təlim verən insanlar kifayət qədərdir.
- Türk dünyasında daha çox tanınmış müəllif olaraq fikirləriniz maraqlıdır, qardaş xalqlar arasında ədəbi əlaqələr sizi qane edirmi?
-Əlbəttə etmir. Təəssüflər olsun ki, indiyə qədər bu əlaqələr daha çox şəxsi səviyyədə olub. Keçən ay yeni (köhnə) yaranmış Türk dövlətləri təşkilatı bu əlaqələrə yeni töhfələr verəcək. Ortaq ədəbiyyat, dil, tarix bu əlaqələrin təkanı olacaq. İndi isə, əgər sən o ölkənin daxili həyatından, tarixindən az yazırsansa, deməli həmin ölkənin oxucuları üçün az əhəmiyyət kəsb edirsən. Demək, əsl ədəbiyyata hələ gəlib çatmamışıq. Bunu da keçmək lazımdır.
-Bu ədəbi əlaqələrin inkişafı üçün hansı işlərin görülməsinə zərurət var?
-Yəqin ki, bu təşkilatın (TDT) yazarlar birliyinin assosiasiyasını yaratmaq lazımdır ki, əlaqələr daha da güclənsin. Bu gün türk dövlətləri üçün unikal şərait yaranıb. 15-ci əsrdə, türk oğlu, məmlük Səlahiddin Əyyubinin torpaqlarını da Osmanlı torpaqlarına qatandan sonra 16-cı əsrdə demək olar ki, dünyanı "ağbaşlılar", "qızılbaşlar", "yaşılbaşlar" idarə edirdilər, yəni Osmanlılar, Qızılbaşlar və Şeybanilər. Sonradan onlara Babur-moğol şahı qoşuldu. Bunlar hamısı bizim ortaq tariximizdi və bunları ümumən ədəbiyyata gətirmək lazımdır.
- Necə hesab edirsiniz, dünyada romançılıq ön plandadır yoxsa, digər janrlar?
-Bütün janrların öz gözəlliyi var. Əsas odur ki, mükəmməl və maraqlı yazasan, oxucunu yerindən oynadasan, içindən tərpədəsən.
-Yunus bəy, bu gün bizim dünyaya çıxarmağa romanımız azdır, yoxsa tərcüməçilərmiz yoxdur?
-Romanlarımız var, amma mərkəzləşmiş fəaliyyətimiz yoxdur. Buna bəzən paxıllıq, bəzən həsəd, bəzən isə şəxsi münasibətlər mane olur. Yaradıcı adamların bir-birilə ziddiyyətlərini bilirsiniz. Yaraşdı-yaraşmadı hər kəs özünü daha çox irəli vermək istəyir. Təsadüfi deyil ki, yazarlar arasında bir neçə qruplaşma var. Biri o birini həzm edə bilmir. Bu da çox zaman xarici əlaqələrimizə mənfi çalarlar gətirir.
-Bir mətbu agentliyin rəhbəri kimi, sizcə, mətbuatla ədəbiyyatın sintez olaraq auditoriyaya nüfuz etməsi yetərli səviyyədədirmi?
-Media yazarların təbliğatında əvəzsiz rol oynayır, onları tanıdır, ya göylərə qaldırır, ya da yerdən-yerə çırpır. Onları bir-birindən ayırmaq olmaz. Son zamanlar ədəbiyyatımızda yaranmış "publisist dil" məhz medianın xidmətidir.
-Ədəbi gənclik ilə münasibətiniz necədir, yeni imzalar nə deyir sizə?
-Ədəbi gəncliklə münasibətlərim yaxşıdır. Yeni istedadlarımız göz qabağındadır: Fərid, Cavid, Qismət, İntiqam, Ayxan, Kəramət, Aysel, Şəhriyar və başqalarını mütəmadi izləyirəm. Adlarını çəkmədiklərim üzrlü hesab etsinlər.
- Suallarda səslənməyən, amma, sizin demək istədiyiniz fikirlər varsa, eşidək.
-Bir olaq, diri olaq. Təşəkkürlər.