Bu boyda Yer kürəsinin dörd qütbü, hər iki qonşu qütbün arasında da bir yarımqütb var.
Yaradıcı insanların da hərəsi bir dünyadır. Ancaq onların qütbləri daha çoxdur. Mən yaradıcı insanları, söz adamlarını daha çox iki qütbdə görürəm. İkinci qütbdə gördüklərim haqqında düşünərkən Səməd Vurğunun “Çil toyuğun tək yumurtası” şeirini xatırlayıram. Onlar da çil toyuq kimi, səhərdən axşama qədər kürsülərdən, ekranlardan, efirlərdən düşmürlər. Bir kitab yazanda on kitablıq hay-küy salırlar, özlərini gözə soxurlar və s. Elə bir iddiaya düşürlər ki, guya alçaq dağları onlar yaradıblar.
Birinci qütbdə gördüklərim ikincilərdən fərqli olaraq kürsülərə, ekranlara o qədər də can atmırlar, özlərini gözə soxmaq azarına tutulmayıblar. Başlarını salıb öz işlərini görürlər. Dünyanın tarazlığını pozulmağa qoymayan da onlardır.
İkincilər sayca nə qədər çox olsalar da, birincilərin sanbalı tərəzinin gözünü düz saxlayır. Bax, birinci qütbdə gördüyüm adamlardan biri də mənim dostum Aslan Kənandır.
Kimdir bu Aslan Kənan? Mən onu çapa hazırlayıb “Azərnəşr”ə gətirdiyi bir kitaba görə tanımışam. O zaman mən “Azərnəşr”də Bədii ədəbiyyat şöbəsinin müdiri işləyirdim. Aslan Kənanın nəşriyyata gətirdiyi əlyazma "Rana" imzası ilə yazılmış bir kitab idi. Nə müəllifin, nə də klitabın haqqında o zaman heç bir məlumat yox idi. “Onlar türklərdi” adlı bu əlyazma çox dəyərli bir qaynaq idi. Əlyazması olduqca pis gündəydi. Elə yerləri varıydı ki, ləkələnmişdi, pozulmuşdu, cırılmışdı və qətiyyən oxunmurdu. Onu oxuyub bərpa eləmək sözün həqiqi anlamında bir qəhrəmanlığıydı, əsl vətəndaşlıq nümunəsiydi. Hər adam bu işə girişməz, çiynini o ağır yükün altına verməzdi, çünki bu, ürək üzən bir işiydi.
Kitab işıq üzü gördü, ancaq Aslan Kənan işini bununla bitmiş hesab eləmədi. "Rana" imzası onu çox düşündürdü, axı ilk dəfəydi ki, belə bir adla qarşılaşırdı. Onun axtarışları öz bəhrəsini verdi. Bu imzanın Cəmil İbrahim oğlu Ağayevə məxsus olduğunu da Aslan Kənan aydınlaşdırdı. Bu artıq tədqiqat işiydi. Məhz bu araşdırmalar nəticəsində Aslan Kənan onu da üzə çıxardı ki, Cəmil Ağayev Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi olmuş, "Mirzə Abay Dağlı" və digər imzalarla da əsərlər yazmışdır. Onun işlətdiyi imzalardan biri də "Rana" olmuşdur. Bunlar Aslan Kənanın xidmətləridir, çünki ona qədər “Onlar türklərdir” adlı əlyazması heç kimin diqqətini cəlb etməmiş, Cəmil Ağayevin həyat və yaradıcılığını araşdıran tədqiqatçılar onun "Rana" təxəllüsü ilə də əsərlər yazdığını bilməmişlər.
Aslan Kənan uzun illər Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində çalışdı. Hazırda Azərbaycan Dövlət Tarix arxivinin direktorudu. Daha çox ərəb əlifbası ilə yazılmış əlyazmalar üzərində işləyir. Bu işin çətinliyini, ağırlığını yalnız arxivlərdə toz basmış, saralmış əlyazmaları araşdıranlar, ayrı-ayrı müəlliflərin xətlərini oxuyanlar bilirlər. Elə müəlliflər var ki, onların xəttini oxumaq üçün hər cümlənin, hər sözün üstündə saatlarla, günlərlə baş sındırmalı olursan. Yazıların ərəb əlifbasında olması da işi birə on qat çətinləşdirir. Aslan Kənanın çap etdirdiyi kitabların çoxusu bu cür başa gəlmişdir. Üzeyir bəy Hacıbəylinin “Fitnələr qarşısında” adlı kitabının nəşrində iştirak etdiyimə görə onu hazırlayarkan Aslan Kənanın necə böyük çətinliklərlə qarşılaşdığına tanış olmuşam. Aslan Kənan Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı çox işlər görüb. Üzeyir Hacıbəyli ensiklopediyasının müəlliflərindən biri kimi böyük bəstəkarın həyat və yaradıcılığının bir çox qaranlıq səhifələrinin üstünə işıq salan onlarla yeni faktlar üzə çıxarmışdır.
Bundan başqa, Aslan Kənan Üzeyir bəy Hacıbəylinin “Azərbaycan” qəzetində çap olunmuş, lakin onun əsərlərinin heç bir nəşrinə düşməmiş məqalə və felyetonlarını ərəb əlifbasından latın qrafikasına çevirib 2011-ci ildə “Bayrağımız sarsılmaz” adı ilə kitab halında nəşr etdirmişdir.
Aslan Kənanı daim düşündürən, narahat edən mövzulardan biri də 1937-ci il repressiya qurbanlarının taleyi olmuşdur. Bu mövzuda onun silsilə yazıları dövri mətbuatda işıq üzü görmüşdür. “XX əsrdə repressiyaya məruz qalanlar”, “30-cu illərin günahsız qurbanları” adlı kitablar da bu ağır axtarışların bəhrəsi kimi ortaya qoyulmuşdur.
Aslan Kənan bir çox Azərbaycan yazıçıları və şairləri ilə dostluq etmişdir. Onlardan biri də Xalq şairi Hüseyn Arif idi. Aslan Kənan onun yaradıcılığını sevə-sevə izləyənlərdən biri olmuş, haqqında gözəl məqalələr yazmış, aforizmlərini toplayıb kitab halında nəşr etdirmişdir. Onu da deyim ki, bu, Nizami Gəncəvinin “Hikmət və nəsihətləri”, “Əlağa Vahidin aforizmləri” və “Səməd Vurğunun aforizmləri”ndən sonra həmin səpgidə Azərbaycanda işıq üzü görmüş dördüncü kitabdır.
Tovuzda yaşayıb-yaratmış "Qəmxar" təxəllüslü el şairinin iki kitabçası məhz Aslan Kənanın zəhməti və qayğısı sayəsində işıq üzü görmüşdür. Onun axtarışları Cəmşid Əmirovun oxuculara bəlli olmayan bir çox əsərlərinin üzə çıxarılması ilə nəticələnmişdir.
Azərbaycan musiqi tarixinin tədqiqində böyük xidmətləri olan Firudin Şuşinskinin hələ öz sağlığında işıq üzü görməyən “Sadıqcan” əsərini tapıb geniş oxucu kütləsinin ixtiyarına vermişdir. Həmçinin Cabbar Qaryağdıoğlunun həyat və fəaliyyətinə həsr edilmiş monoqrafiyanın üçüncü fəslini üzə çıxarıb əvvəlki nəşrə əlavə edərək “Musiqimizin peyğəmbəri” adı ilə yenidən çap etdirmişdir.
Bunlar Aslan Kənanın gördüyü işlərin hamısı deyil. Onun araşdırmalarının həm mövzu dairəsi, həm də coğrafiyası olduqca genişdir. Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Mikayıl Azaflı, Ələsgər Ələkbərov, Yusif Vəliyev və başqaları haqqında yazdığı orijinal, dolğun və yaddaqalan məqalələrin hər biri Aslan Kənanın yorulmadan apardığı axtarış və araşdırmalarının bəhrəsidir.
Aslan Kənan hazırda akademik, Xalq yazıçısı Mirzə İbrahimovun həyat yoldaşına və qələm dostlarına yazdığı məktubları ərəb əlifbasından latın qrafikasına çevirib çapa hazırlamışdır və kitab “Azərnəşr”də işıq üzü görmüşdür.
Aslan Kənan görkəmli tarzan Bəhram Mansurov haqqında arxivlərdə üstünü toz basmış sənədləri üzə çıxardı, onları kitab halında nəşrə hazırladı və işıq üzü gördü. Aslan Kənanın gördüyü işləri saymaqla qurtarası deyil. Çünki o bütün ömrünü bu cür ağır və gərəkli işlərə sərf eləyib. Gecələrini gündüzlərə qatıb, tariximizin, mədəniyyətimizin yüzlərlə heç kimin görmədiyi qaranlıq səhifələrinin üstünə işıq salıb, onları oxuculara çatdırıb. O, bu gün də yazıb-yaradır, tərcümə edir, tarixləşdirir...
İSLAM SADIQ,
Filologiya üzrə elmlər doktoru, şair-publisist