Sabah - fevralın 22-də Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.

Beləliklə, martın 1-də Od çərşənbəsi, martın 8-da Hava (Yel) çərşənbəsi, martın 15-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Xatırladaq ki, Novruz (yeni gün, bahar bayramı)  qədim türk və fars mənşəli xalqlara məxsus bayramdır.

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22- də) keçirilir. Bir sıra xalqlar bahar fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

Qeyd edək ki, bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

  • Birincisi, su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
  • İkincisi, od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
  • Üçüncüsü, yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
  • Dördüncüsü, torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib, buğda isladardılar. 

 

Xatırladaq ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.

Qeyd edək ki, bu il bahar fəsli yurdumuza martın 20-də daxil olacaq.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN