…Məhəlləmizdə uzun illərdir ki, Novruz tonqalı qalamırlar.
Boyüklərin yardımı ilə ordan – burdan əlinə keçən taxtapuşu tapıb gətirib tonqal qalayan o vaxtkı yeniyetmələr, gənclər artıq boyüyüb. İndikilər isə sanki həvəssizləşib…
Bu günkü “Od çərşənbəsi”ndə qonşu məhəllədəki tonqalın işığını görüb, çox sevindim. Həvəslə uzun illərdən bəri görmədiyim çərşənbə tonqalını seyr etməyə getdim. Alov dilimləri göyə qalxan tonqalın ətrafına, uşaqlı-böyüklü xeyli sayda insan yığışmışdı – hay-küylə tonqalın üstündən atılırdılar…
Lakin tonqalın ətrafından gələn yüksək mahnı sədaları məni təəccübləndirdi. Sanki “Od çərşənbəsi” adətinə uyğun qalanmış tonqal başına deyil, rus estrada ulduzlarının diskoteka mahnılarını dinləməyə gəlmişdim. Səs-küydən qulaq tutulurdu. Rusiyalı ifaçıların mahnıları bir-birini əvəz edirdi. Deyəsən, bu, heç kəsə qəribə gəlmirdi – məndən başqa…
Və kor-peşiman geri döndüm.
Dədələrimizdən bizə miras qalmış və bu günlərədək qoruyub saxladığımız Novruz adətinin bu vəziyyətə salınmasına, mat qalmışdım. Tonqal ətrafında milli mahnılarımızın, yallılarımızın səsləndirilməsi əvəzinə, rus mahnılarının səsləndirilməsi ağlasığmaz idi…
Biz deyirik ki, dil öyrənin – rusun, ingilisin, fransızın, lap elə üzdəniraq erməninin də... Avropada, qərbdə təhsil alın - çalışın, Azərbaycanı təmsil edin, elmimizi inkişaf etdirin. Demirik ki, adət-ənənənizi unudun, milli bayramlarımızı millilikdən uzaqlaşdırın, keçmişinizə xor baxın, manqurtlaşın, pis örnək olun…
Elə bu yerdə, Sabirin “Ürəfa marşı”ndan iki bəndi yada salmaq istədim:
İnteligentik bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qalibi irfan deyil,
Biz buna qail olan insanlarıq...
Ay bərəkallah, nə gözəl canlarıq!
Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq mana,
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!
JASMİN