“Hörmətli Asif Mərzili! Bu ədəbi oçerki yeni nəşr ediləcək “Ədəbiyyat tarixi” üçün yazmışam. Hələ ki, heç bir yerdə dərc edilməyibdir. Ənvər Əhmədin haqq dünyasına qovuşduğu hamımızı kədərləndirdi. Təsəlli üçün bu ədəbi oçerki dərc etməyinizi, xahiş edirəm!

Hörmətlə: Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas

17.02 2022”.

(Əvvəli ötən saylarda)

 ...Ənvər Əhməd üçün Vətən məhfumu Ana məhfumu ilə üzvi şəkildə birləşir, elə Vətən “Anamın izləri” şeirində olduğu təkin Ananın ayaq izlərindən başlayır:

Minib qarğı atları, yollar boyu çapardıq,

Palçıq üstə anamın izlərini tapardıq.

Əyilib o izdəki göz yaşı tək saf sudan,

İçərdik biz doyuncan!

Şair bu sudan doyunca içir ki, yanmış ürəyi sərinləsin. Doyunca içir ki, hamı bilsin, hamı duysun, hamı dinsin, hamı desin ki, Vətən bu ayaq izlərindən başlayır... Əslində, ananın bu ayaq izindəki göz yaşı təkin saf su - dirilik suyu, mənəviyyat, əxlaq çeşməsidir... Və bu Ananın ayaq izlıəri müqəddəsdir, toxunulmazdır:

Götürün, yolları üfüqdən asın,

Bir ana izi də tapdalanmasın!

Nə gözəl arzu! Nə gözəl istək! Yenə də, qeyri-adi orijinal poetik obraz, Ana məhəbbəti üfüqdən boylanan dan yeri rəngində bayrağa dönür...

Bax, ana heykəlini belə qoyarlar, o heykəli ürək kimi döyünən əlləri öz başı üstünə bax, belə qaldırarlar! Bayraq kimi... Dünyaya 13 övlad gətirmiş Ananın müqəddəs obrazı ölməzliyə şevrilir... Ənvərin əsərində natural detallar var, amma naturalizm - sırf natural təsvir, naturalistcəsinə münasibət yoxdur.

Ənvərdə qəribə, özünəməxsus ANA = Vətən aşiqliyi var, lap özü də Füzuliyanə bir aşiqlik... Bədii-estetik səviyyəyə yüksəlmiş, estetik kateqoriyalaşmış bir aşiqlik... Bu aşiqlik sufiyanə aşiqlik deyil, ifrat deyil, adi, həyati, insani, amma çox energetik bir aşiqlik... Ənvər Əhmədin ANA - VƏTƏN aşiqliyi real zəmin və məzmunda Füzuli babasının aşiqliyinəqiyasdır:   “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. ...Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir.”

Ənvər Əhmədin bu qəbildən  şeirlərindən ruh işığı gəlir. Yanan ürəyin, əlin, sözün, üzdən axan yaşın işığı olurmuş... “Ana!” şeirində olduğu kimi:

Bu zülmü mənəm ki çəkirəm, ana!

Yoxluğun əriyib gözümdən axdı,

Ölümün öldürdü mən qara baxtı.

Hönkürüb, hönkürüb bu gecə vaxtı

Qəbrini bağrıma bükürəm, ana!

 

Bu təsadüf deyilmiş. Ənvər Əhməd görür ki:

...Axşam qapımızdan başlanan bir iz,

Səhər görürsən ki, günəşə çatır!

 

Və yaxud qəlbən inanır ki:

... Torpağın arxası dağlar, dərələr,

İnsanın arxası eldir- obadır...

 

Keçmişdən üzü bəri nənə-babalarımız qorxulu yuxunu axar suya danışıblar və deyiblər: “Dərdini yaz kağıza, at suya, padşaha gedib çatacaq”.

Ənvər Əhməd də “Xudafərinin iş ərizəsi” şeirində həmin köhnə, sınanılmış yolla gedir. Lakin bu dəfə ərizəni adam deyil, bir körpü yazır - Xudafərin körpüsü. Tarix səhnəsində bu qədim körpü öz yerinin nə olduğunu bilmək istəyir. Şair ona yol göstərir:

At ərizəni Araza,

Araz bilər ünvanı!

Yəni, sənin dadına yetsə, suya atdığın ərizə yetəcək. Ərizəni hansı ünvana lazımdırsa oraya çatdıracaq:

Dekabrda yazmışdı

Xudafərin yəqin ki, bu ərizəni?!

O ərizənin suya atılmasından neçə dekabr keçib görəsən?..

Sular o ərizəni harda atıb-oynadır indi?!

Hər halda hələ ümid var.

Çünki ərizə suya atılıb!

Çünki dekabrda hər hansı bir kağızın

ölüm-itim xəbəri çıxmayıb hələ!

Özü də söhbət o sulardan gedir ki, qanlı, bulanıq olması öz yerində. Qorxusu bu deyil! Qorxusu odur ki, bu cür sularda şair demişkən, “Zəmanənin əliylə axtalananda məslək”, “Bəlkə balıq iştahla yeyir öz balasını”.

Oljas Süleymanovun şeirlərindən birinin epiqrafında belə bir məqam var: “Afrikada ana qəbirlərinin başdaşı üstündə açıla qalmış əl şəkli həkk olunub”. Sən demə, bunun mənası bu imiş:

Diləyimiz ömü-ömür qarıdı,

Şair demiş: Araz su yox, barıdı.

Ağlar gözün tutulmaqdır peşəsi,

Sərhəd üstə sındı könlüm şişəsi...

 

Biz keçırik, bu dağ, bu daş yşayar,

Lal dərələr qəzəb selin daşıyar,

Xudafərin körpüsündən naşılar,

Keçə bilməz, həsrət-həsrət boğular,

Köksümdə dərd toxumu doğular.

 

Ənvər Əhməd bütün ziyalı həy

atını Qarabağ ağrısı ilə keçirən, Qarabağ dərdini canının və qələminin giziltisində daşıyan vətəndaş şairdir və “Fani dünya bizi yaman sıxıbdır” - deyərək sızıldayır. Onun bu problemə baxışı və ədəbi konsepsiyası aydındır, şəffafdır: “Dağlıq Qarabağ  problemini “münaqişə” deyil, “ədalətsiz müharibə” adlandırmağın doğru olduğunu vurğulayan Ənvər Əhməd işğal edilən ərazilərin geri qaytarılmasını müharibədə görür: “Bu dəqiqə ermənilər “Cıdır düzündə” at oynadırlar. Biz isə Şuşanın işğalını Bakıda qeyd edirik. Şuşaya sözlə qayıdırıq, əməllə yox!”. “Şuşalı bülbül” şeirində bütöv bir xalqın Qarabağ - Şuşa dərdi “Xarı bülbül - Şuşalı bülbül” obrazında ağıya dönür, Şuşanın poetik dərd hekayətinə çevrilir, Pablo Pikassonun “Sülh göyərçini” tablosu təkin teokosmik mənada  simvollaşır, Şüşanın azadlığına çağırış simvoluna, rəmzinə dönür:

Bülbül, sənin işin qandı,

Şairlər oduna yandı,

Şuşada könlüm talandı,

O yer mənim daş yaramdı.

...Bülbül tir-tir əsirdi,

İlahi, bu nə sirdi?

Dəhşət vardı gözündə

Cıdır düzü üzündə,

Sırsıra bağlamışdı.

... Əvvəl elə bildim ki,

Həqiqi bülbül imiş.

Sonra gördüm, İlahi,

Xarı-Bülbül gülüymüş.

Sanki üzdü canımı,

O xanımlar xanımı

Natəvanın gülüymüş...

... Sarsılmışdım bayaqdan,

Səsindəki ah-aman,

Yaman bağrımı yardı,

Döşündə yara vardı.

Üz-gözü didim-didim,

Xarı-Bülbülüm, -dedim...

Ey əsir gülüm dedim.

... Baxışı şeir-şeir

Ürəyimə yazıldı,

Elə bildim sinəmdə

Ona qəbir qazıldı.

Əl atdım ki, götürüm,

Ürəyimə ötürüm,

Bacara bilmədim mən,

Can verirdi, deyəsən,

Bülbülü ölən Vətən!...

Gözümdən dünyam düşdü,

Allah, bu necə işdi?

Xarı-Bülbül Şuşadan

Dimdiyində qan gətirmişdi!!!

Teokosmik mətndə, mifoloji-dini ənənədə - Nuh peyğəmbərin daşqın əfsanəsində göyərçin dimdiyində həyat rəmzi olan yaşıl budaq gətirir və Pikassonun tablosunda sülh göyərçini kimi əksini tapır, Ənvər Əhmədin Xarı Bülbülü - Şuşalı bülbülü isə “dimdiyində  qan gətirir”, qana-qan çağırışı, qisas çağırışı, azadlıq çagırışı edir...

Bu mənada onun 2011-ci ildə qələmə aldığı “Xarı bülbül” lirik-epik poeması bu mövzuda yazılan əsərlər sırasında ən ləyaqətli yerlərdən birini tutur və bəlkə də birincisidir. Poema bir-neçə hissədən ibarətdir. Əsərin  girişi klassik poemalarda olduğu kimi Allaha müraciətlə - “Minacat” formatına uyğun yazılıbdır:  “Ümidi Şuşada daşa çırpılan”, “Gözü yaşlı Xarı - Bülbülə dönən”  müəllif, “Ya Rəbbim, sən məni içimə sıxma!, ...Allah, güc mələyin göndər yanıma!”- deyərək, bu mövzunu qədərincə əhatə etmək diləyi diləyir...  Sonra “Xarı bülbülüm, bülbülüm!..”;  “Mən Şuşaya necə gedim?!”; “Mən Şuşaya qayıdacam!”; “Qaya babam, daş babam!” başlıqları altında hissələrə bölünən lirik-epik-dramatik ovqatda, qələbəyə müstəsna  inam intonasiyasında, tarixi ekskurslarda, lirik-ornamental təsvir-təqdim üsulubunda, müasir məzmunlu  illustrasiylar ardıcıllığında, yüksək dərəcədə milli-mənəvi yozumda, hər cür manipulyasiyadan kənar, erməni paranoyasına qarşı hissi-psixoloji dinamikada, rəngarəng poetik çalarlarda yazılmış poemada müəllif dilədiyi diləyə, effektiv ideya-estetik qayəsinə çatmış olur...  Bununla da, müəllif əsəri yazarkan poetik obrazlarının dərinliyi ilə, fikri-hissi kontrastlarla - təzadlarla, minor və mojor fikri-hissi axının bir-birini əvəzləməsi ilə oxucusunu düşündürməyi və həyəcanlandırmağı bacarmışdır...

Müasir poeziyamızda Qarabağ mövzusunda dərd, qəm, hüzün dolu yazılan yüzlərlə şeirlər var və bunlar müəlliflərin yanğısından yaranır, amma nə gizlədək, şeiriyyət və poeziya bunların çoxunda olduqca xəfifdir...  Amma Ənvər Əhmədin bu mövzuda sistem, axar təşkil edən əsərlərində lirizm ilə, poetiklik ilə hiss, duyğu, fikir vəhdətdə üzə çıxır, fəal, proaktiv və praqmatik pafos üstünlük təşkil edir...  Yalnız bircə şeirini misal gətirirəm ki, yaxşı mənada nümunə olsun:

   Mən yolların göz yaşıyam,

   Məni buludlar ağlasın.

   Hönkürtümdən yellər əsib

   Məni o yurdlar ağlasın.

 

   Yox Vaqifin səsi, ünü,

   Qara geydi toy-düyünü.

   Xarı bülbülün yas günü

   Məni göy otlar ağlasın.

 

   Çəkilmədi yurd keşiyi,

   Yırğalanır qəm beşiyi,

   Yanıb sönən ev-eşiyi,

   Ellər-elatlar ağlasın.

 

   Zirvələrin buzu, qarı,

   Axıb gəlir mənə sarı.

   Çıxıb Şuşadan yuxarı

   Məni boz qurdlar ağlasın.

 Ənvər Əhmədin kitablarında, xüsusən də,  “Dünya əlimdən sürüşür” (2007) kitabında da,  Qarabağa aid çoxlu şeirlər və poemalar var. Hamısında dərd, qınaq, ittiham, kədərin böyüklüyündən yaşanan hisslərin tüğyanı, hətta göz yaşları...  Amma bunlar hamısı həm də poeziyanın dərdi, hüznü səviyyəsindədir. Belə ki, Ənvər Əhməd milli dərdin mahiyyətini  tarixi-mədəni kontekstdə  poeziyanın dərdinə çevirən şairlərimizdəndir. Onun “İttiham”, “Bu yara köz bağlamaz”, “Qara qutu”, “Qırğın”, “Qalx ayağa, Üzeyir” poemalarını... “Gəl, dərdləşək” poemasının poetik axarı, ictimai-sosial məzmunu, estetik qayəsi onun yaradıcılığının bu istiqmətini parlaq bir şəkildə əks etdirir.  “Ağlayır” şeirində olduğu təkin yeni deyim və obrazlar “Xocalını balaya döndərir, qana bələnir”, oxucunun “könül qalası uçub-dağılır, can oda sərilir”, “Göz yaşı daş üstə bitir”, “gözlər, baxışlar dərd dərir”, onun poetik sözü yarasının örtüyünə çevrilir, dərd çiçəyə dönüb qanda bitir:

Xocalı adlı balamı,

Qana bələyib gəlmişəm.

Uçurub könül qalamı,

Canımı oda sərmişəm.

 

Göz yaşım daş üstə bitib,

Şuşa boyda ömrüm itib.

Yaram məni boyda ötüb,

Dərdi gözümlə dərmişəm.

 

Yazım açmadı bir çiçək,

Dərdim qanımda bitəcək.

Ömrüm canımda itəcək,

Yaram üstə söz sərmişəm.

 

Onun bu qisim əsərləri millətimizin qanında vətənpərvərlik ruhunun oyatmağa xidmət edir. Onun poetik konsepsiyasında Qarabağ Azəraycanın ürəyidirsə, Şuşa onun tacıdı. Bu problem millətin şərəf və layaqət məsələsidir və münaqişə xalqımızın şərəf və layaqatinə uyğun həll edilməlidir. Ənvər buna qəlbən, ruhən inanır və qələbə-döyüş şeirini yazır:

Üçrəngli bayrağımı bağrım üstə sıxıram,

Qarğa qonan zirvəyə qartal kimi çıxıram.

Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,

Tətik çəkən əlindən öpəcək Azərbaycan!

...Döyüşə hər atılış, hər vuruş haqdır indi,

Ey vətən, o torpağın hər zərrəsi sənindi,

Cahangirlər böyüdən bu ulu xalq mətindi,

O yer, o yurd, o dağlar bizim məmləkətindi.

İldırımtək gurlayır, yüksəlir cəngi səsi,

Xan oxuyur Şuşada “Qarabağ şikəstəsi”!..

Odur pişvaza çıxır, saçları qan Natəvan,

Qucaqlayır oğlunu, Azərbaycan - Natəvan!

...Elə bu an, bu saat vətən andı içilir,

Düşmənin öz kəfəni öz qanından biçilir.

Daş qəfəslər əriyir, nəfəsinin odundan,

İgid komandirlərim, şeirimizin adından

Sizə alqış deyirəm,

Qələbə istəyirəm, qələbə istəyirəm.

...Gedir, gedir ordumuz, hücum əmri qətidir,

Qarabağ başdan-başa vətənin cənnətidir.

...Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.

Bu haqqın son çağırışı qələbə təntənəsidir.

...Eşit, general oğlan, millətin haqq səsini,

Öz qanınla bərpa et, Vaqifin türbəsini.

Mən də bir əsgər kimi döyüşməyə hazıram,

Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..

Ancaq bu iddianın sahibi - “şeiri ilə düşmənə ölüm hökmü yazan” və Qarabağ boyda dərdi ürəyinə döydürən,  şair belə deyə bilər:

Qəbrimi bu vətən boyda qazın ki,

Dərdimin kəfəni vətən boydadır!

Hələlik, bu mövzuda, vətənpərvərlik tematikasında belə giperbula, gipertəşbihə nə klassik, nə də müasir poeziyada rastlaşmak mümkünsüzdür... Və Ənvər Əhməd millətpərvər, xalqsevər bir şəxsiyyət tipi  kimi bu cür güclü bədii ifadə vasitələrindən üsulundan ustalıqla,  bacarıqla istifadə etmişdir. Belə bacarığa yiyələn qələm sahibi belə deyə bilərdi:

Təbrizə çatmayan şikəst yolları,

Doğrayın, qəbrimin tökün üstünə!

Vətənpərvərlik, vətəndaşlıq lirikasının özünəməxsus ədəbi-estetik funksiyaları, ifadə üsulları var. Burada müxtəlif ədəbi-poetik üsullsrdan - kəsgin ifşadan, öldürücü, tam inkar mövqedən tutmuş, islahedici dərəcəyə qədər müxtəlif estetik ifadə üsullarından - alleqoriya, ironiya, sarkazm, giperbula, qroteks, parodiya, fikri üstörtülü demək, tendensiyalılıq və s. mövcuddur. Bunlar ictimai lirika estetikasının, poetikasınn aksiomalarıdır... Bunlar Ənvər Əhmədə  qədər istifadə edilən ictimai-siyasi lirikanın ifadə imkanlarıdır, janra məxsus keyfiyyətlərdir ki, Ənvər də , bunlardan bacarıqla istifadə edə bilmişdir... Bu bədii ifadə imkanlarına və məzmununa görə ciddi, təsireici, katarsisə səbəb olan, ictimai rəy doğuran lirika, siyasi-ictimai lirika və s. öz-özünə, boş yerə yaranmayıb və Ənvər Əhməd də bunların hamısından vətəndaş, vətənpərvər bir sənətkar kimi  ustalıqla istifadə edibdir.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN