Azərbaycanda ilk muzey 1920-ci ildə yaradılıb.
“Doğma diyar” adlanan bu muzey Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Muzeylərə də əsasən o dövrün milyonerlərindən müsadirə edilmiş sənət əsərləri toplanırdı. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə və digər Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olur.
Daha sonralar - 1930-cu ildən etibarən ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr muzeyləri, həmçinin ev muzeyləri yaranmağa başlamışdı.
Qeyd edək ki, 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında qəbul olunmuş qərara əsasən, hər il may ayının 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.
Və həm Beynəlxalq Muzeylər Günündə, həm də bəzi xüsusi günlərdə Mədəniyyət Nazirliyi tərəfindən muzeylərə “Açıq qapı” günü elan olunur.
Ötən il Mədəniyyət Nazirliyi media nümayəndələri üçün də "Açıq qapı" günləri təşkil edib.
Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən, 22-25 iyul tarixlərində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə media nümayəndələri və onların birinci dərəcəli ailə üzvləri (valideynlər, həyat yoldaşı, bacı-qardaş və övladları) üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst oldu.
Hazırda Azərbaycanda 240 muzey var. Son illər muzey ziyarətçilərinin sayında artım müşahidə olunub. Məsələn, 2020-ci ilin əvvəlinə olan göstəricilərə əsasən, ziyarətçilərin sayı 3 milyon 343 min nəfər nəfər olub. Bu rəqəmə həm xarici turistlərin sayı, həm də yerli ziyarətçilərin sayı da daxildir. Azərbaycan Milli Xalça Muzeyi ən çox ziyarətçi qəbul edənlərdəndir.
Muzeylərdə keçirilən sərgilər, tədbirlər, ekskursiyalar bu rəqəmin atrmasında böyük rol oynayır.
Lakin bəzi muzeylər var ki, bilet qiymətlərinin baha olması ziyarət edənlərin sayına da təsir edir. Qiymətləri əcnəbi turistlər üçün daha baha təklif edilən muzeylər də var. Təəssüf ki, son illər baş verən pandemiya səbəbindən muzeylərə giriş sayı məhdudlaşdırılmışdı və bu da ziyarətçi sayına təsirsiz ötüşmədi.
***
Lakin bəzi insanlar var ki, muzeylərə getməyə tənbəllik edirlər. Hətta həyatında bir dəfə də olsun muzey görməyənlər var, yaxud illərlə getməyənlər...
Həm muzey ziyarətçilərinin sayını, həm də insanlara komfortlu xidməti təşkil etmək üçün məsələn, Mədəniyyət Nazirliyinin xətti ilə gün ərzində (ziyarət etməsi mümkün olduğu qədər) muzeyləri ziyarət etmək üçün Bakıda da (avtobuslar ayrıla) ekskursiyalar təşkil edilə və bu ekskursiyaların iştirakçılarına da endirimli qiymət (muzeylərə giriş üçün də) təklif oluna bilər. Bu ekskursiyaları daha maraqlı etmək üçün müxtəlif təkliflər də vermək olar.
JASMİN