Bir çox insanlar bilmir ki, "5 aprel Beynəlxalq Şorba Günü"dür.
Bu günün qeyd olunması, yəqin ki, şorbanın orqanizmə nə qədər faydalı olmasına diqqət çəkmək məqsədi daşıyır və ona nə qədər dəyər verildiyindən xəbər verir. Çünki elə insan var ki, tamamilə şorba sevmir və ya nadir hallarda bu xeyirli qidadan istifadə edir.
Bir anlıq düşünün: çoxlarının etiraz etməyərək yediyi kabablarla bağlı deyil, məhz şorbaya bu qədər üstünlük verilərək, xüsusi gün kimi qeyd olunur, həm də beynəlxalq səviyyədə.
Və burdan belə məlum olur ki, şorba heç də sevilməyəcək yemək deyil, məhz orqanizmin dostudur.
İndi isə şorbanın yaranma tarixi ilə bağlı bəzi məlumatlarla tanış olaq.
Bir çox yeməklərin tarixi kimi, şorbanın tarixi çox əsrlər əvvələ gedib çıxır. "Şorba" sözünün özü fransız dilindən götürülüb, "Soupe" isə Latın köklərinə malikdir - "Suppa". Bu söz bulyon və ya bulyonda isladılmış çörək kimi tərcümə edilir.
Məlumatlara görə, dünyada şorba bişirmə ənənəsi beş əsr əvvəl, qaynama prosesinə tab gətirə bilən güclü qablar meydana çıxdıqda formalaşmağa başlayıb. Qeyd etmək lazımdır ki, Skandinaviya və digər soyuq ölkələr şorba bişirməyi daha əvvəllər tətbiq edirdilər. Məlumdur ki, qədim Çin sakinləri bu yeməyi ilk dəfə eramızdan əvvəl I əsrdə dadıblar.
Bu gün hər bir ölkənin öz şorba növləri var. Azərbaycan mətbəxinin də çoxlu sayda sulu yeməkləri – şorbaları var.
Bundan başqa, Azərbaycan mətbəxi müxtəlif yemək növləri ilə də çox zəngindir və dünyaca məşhur olan saysız-hesabsız dadlı yeməkləri ilə öyünə bilir. Bunun tarixi kökləri isə çox qədim dövrlərədək gedib çıxır.
Hələ 17-ci əsrdə Azərbaycana səyahət etmiş ingilis səyyahı Antoni Cenkinsonun yazdığına görə, Şamaxıda xanın verdiyi qonaqlıqda "əvvəlcə 140 növ yemək gətirdilər. Sonra süfrə yığışdırıldı, təzə süfrə salındı və yenidən 150 növ yemək və çərəz gətirdilər".
Bəli, bu tarixi günü bilənlər və şorbaları sevənlər məhz bunu - sevimli şorbalarını bişirib yeməklə qeyd edirlər. Və yaddan çıxarmayaq ki, həkimlər ən ağır vəziyyətdə olan xəstələrə də (rahat həzm olunduğu üçün) ilk növbədə, şorba yeməyi məsləhət görürlər.
JASMİN