“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev ötən bazar efirə gedən müəllif proqramında yaradıcı şəxsləri, xüsusən də yazıçı və şairləri olduqca sərt tənqid edib. 

Jurnalist bildirib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbəsi hələ də yazıçıların, şair və bəstəkarların yaradıcılığında layiqli tərənnüm edilməyib, ifadəsini tapmayıb. Sitat: “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar? Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki, qələbəmiz var. Özü də necə bir qələbəmiz... Hanı operamız, nəğmələrimiz, hanı əsərlərimiz, hekayələrimiz?! Hara qeyb olmusunuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri”.

Mirşahin Ağayevin bu sözləri yazıçı və şairlərin kəskin etirazı ilə qarşılanıb. Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, yazıçı Seyran Səxavət, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, publisist Aqşin Yenisey KİV-də Mir Şahinin bu sözləri ilə qəti razı olmadıqlarını bildirərək etiraza qalxıblar.

Xalq şairi Vahid Əziz “Təzadlar”a göndərdiyi bəyanatında fikirlərini belə ifadə edib:

“BƏYANAT

"REAL" TV-nin rəhbəri və baş aparıcısı Mirşahin Ağayev, nəinki televiziya etikasına, adicə vətəndaş əxlaq çərçivəlırinə sığmayan davranışıyla Azərbaycan şair və yazıçılarını, bəstəkarlarını "GÖLMƏÇƏ BOYDA OLUB ÖZLƏRİNİ DƏNİZ SAYANLAR" adlandırmaqla təkcə ölkənin seçilib-sayılan mədəniyyət xadimlərini çox kobud şəkildə təhqir etməmişdir... Anlayışına və əxlaq dərəcəsinə uyğun olan bu bəyanatın sahibi unudub ki, Azərbaycan şair və yazıçılarının, bəstəkarlarının sırasında həm Ümummilli liderimiz Heydər Əliyev, həm də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən Azərbaycanın yüksək Fəxri adları, Orden və Medalları ilə təltif olunmuş görkəmli, dünya şöhrətli ziyalılarımız var! Belə hesab edirəm ki, Azərbaycan Yazıçılar və Bəstəkarlar birlikləri, Azərbaycan Mədəniyyət Nazirliyi Mirşahin Ağayevin jurnalistə yaraşmayan bu həqiqətdən uzaq olan bəyanatına öz münasibətlərini bildirməlidirlər. Əks halda "Real" TV-nin sahibi və baş aparıcısı Mirşahin Ağayev onun bu təhqirini "udmağımızdan" daha da cuşə gəlib bizləri daha ağır epitetlərlə "təltif" edəcək! Axı o kimdir ki, əlində heç bir əsas olmadan bizi təhqir etsin???”.

Xalq şairi Vahid ƏZİZ onu da əlavə etdi ki, o, öz etirazını və sözünü aidiyyəti dövlət qururmlarına fərdi qaydada çatdıracaq, Mirşahin Ağayevin təkzib verməsini tələb edəcək.

Təəssüf ki, Mirşahin Ağayev telefonuna etdiyimiz zəngə cavab vermədi. Onun da məsələyə dair mövqeyini təqdim etməyə çalışacayıq.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN