75-ci Beynəlxalq Kann Film Festivalında Özbəkistanın Milli pavilyonu açılıb.
Ölkə media məhsullarının çəkilişi üçün kino şirkətləri və telekanalları cəlb etmək niyyətindədir. Kanadalı-iranlı rejissor Mustafa Keşvəri Özbəkistanda Ömər Xəyyam haqqında film çəkməyi planlaşdırır.
Bu barədə "Uzbekistan’s club" media platforması məlumat yayıb.
Bildirilir ki, Mustafa Keşvəri son altı aydır ki, Ömər Xəyyam haqqında film üzərində işləyir. Özbəkistanın Milli Piar (PR) Mərkəzinin iştirakı ilə aparılan danışıqlar zamanı rejissorun iyul ayında Buxara və Qaraqalpaqıstana yerləri seçmək üçün səfəri ilə bağlı razılıq əldə olunub. Çəkilişlərin 2022-ci ilin sentyabrında başlanması planlaşdırılır.
***
Qeyd edək ki, Ömər Xəyyam 1048-ci ildə Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olub.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.
Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.
Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Ömər Xəyyam ilk fəlsəfi əsərini — "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlərinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.
Ömər Xəyyamın rübailərindən seçmələr Əkrəm Cəfər tərəfindən fars dilindən tərcümə edilmiş, kitab "Rübailər" adı ilə 1984-cü ildə çap edilmişdir.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.
JASMİN