Mədəniyyət kanalında “Vətənim” verilişinin görkəmli Azərbaycan filosofu, dahi mütəfəkkir Şəms Təbriziyə həsr edilən buraxılışı yayımlanıb.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqramda Şəms Təbrizinin həyat və yaradıcılığına geniş nəzər salınıb.
Alim qeyd edib ki, ilahi bir cazibə Şəmsi Ruminin yanına çəkib gətirir, 1244-cü ilin payızında Konya şəhərində tarixin ən mühüm görüşlərindən biri – Cəlaləddin Ruminin onun dünyagörüşünə əsaslı təsir göstərən, şəxsiyyəti sehr və dumanlara bürünmüş dərviş Şəms Təbrizi ilə görüşü baş tutur və beləliklə, onların hər ikisinin həyatında, həm də Yaxın və Orta Şərqin tarixində yeni bir səhifə açılır. Müasirləri bu görüşü “iki dənizin qovuşması” adlandırıblar.
R.Hüseynov Şəmsəddin Məhəmməd ibn Məlikdadın 1185-ci ildə Azərbaycanın qədim sənət ocaqlarından biri olan Təbriz şəhərində dünyaya göz açdığını diqqətə çatdırıb. Bildirib ki, Şəms hələ kiçik yaşlarından valideynlərini və ətrafındakı insanları anlaşılmaz, qəribə davranışları ilə təəccübləndirərdi. O, gələcək həyat yolu haqqında çox düşünüb və nəhayət, kamilləşmə, həqiqətə varma yolunu – dərvişliyi seçib. Bağdadda məşhur filosoflarla mükalimələr aparıb, Konyaya çatanadək bir müddət Ərzurumda dərs deyib. 1247-ci ilin ortalarında Şəmsin gözlənilmədən qeyb olmаsı çох hüznlü və qəribə şəkildə cərəyаn еdir. Mənbələrdə onun müəmmalı ölümü ilə bağlı müxtəlif fikirlər qeyd olunur.
Akademikin sözlərinə görə, Təbrizi irsindən günümüzə yalnız bir irihəcmli əsər – “Məqalət” (Söhbətlər) kitabı gəlib çatıb. Ölümündən sonra Şəmsin tələbələri onun söhbətlərini toplayıb bu kitabı hazırlamışlar. Sözügedən əsər çox əhəmiyyətli təsəvvüf mövzularını əhatə edir və eyni zamanda Mövlana Cəlaləddinin qaranlıqda qalmış bəzi yönlərini aydınlığa qovuşdurur.
Cəlaləddin Ruminin oğlu Sultan Vələdin danışdıqları əsasında görkəmli ədib Əflaki Dədənin 36 ilə qələmə aldığı kitabda Şəms, Cəlaləddin və onların ətrafındakı çılğın dərvişlərin həyatından, başlarına gələn maraqlı hadisələrdən bəhs edilir. Bu əsərdə Şəms Təbriziyə həsr olunmuş 1 fəsli oxumayan onu yaxşı tanıya bilməz.
Günümüzə qədər qorunub-saxlanmış 10 cildlik Şəms Təbrizi divanından bəhs edən alim qeyd edib ki, fərziyyələrə görə, Şəmsin ölümündən çox təsirlənən Cəlaləddin şair olur və “Divani-Şəms Təbrizi”ni yaradır. Özlərinin bir bədəndə iki can olduqlarını nəzərdə tutaraq divana Təbrizinin imzasını qoyur. Oxuduqca məlum olur ki, Şəmsin əsərləri ilə bu divandakı düşüncələr, baxışlar, təfəkkür istiqaməti və duyğu şəbəkəsi arasında çoxsaylı bənzərliklər var. Bu divanın Təbrizinin doğma irsi kimi araşdırılması mühüm əhəmiyyət kəsb edir. Rumi Şəmsi “Təbrizin fəxri” adlandırırdı, ömründə kimya, riyaziyyat, məntiq, nücum və o dövrün aparıcı elm sahələrini Təbrizi qədər mükəmməl bilən ikinci bir şəxs görmədiyini heyranlıqla yazırdı.
“Cəlaləddin Rumini mövlana məqamına yüksəldən, ona səxavətlə işıq payı verən Şəms Təbrizi günəşi oldu. Rumi onun sayəsində mövlana və böyük şair oldu, dünya ədəbiyyatı xəzinəsinə bəxş etdiyi “Məsnəvi”si ərsəyə gəldi. Sonrakı dövrlərdə də Ruminin birdən-birə artmış gur işığı, sanki Təbrizinin işığını azaltdı. Hazırda dühalar arasında Rumi günəştək parlasa da, ona o işığı verən Şəms Təbrizi unudulur”, – deyə bildirən akademik vurğulayıb ki, Şəms Təbrizi bütün Azərbaycanın tarix boyu qürur duymalı olduğu böyük övladlarındandır. Xalqımız bu tarixi şəxsiyyəti layiq olduğu ucalıqda tanımalı və bütün dünyada tanıtmalıdır.
E.ŞİRİNOV