Audiovizual Şura "Muz TV" peyk telekanalına efirdə qeyri-etik ifadələrə görə xəbərdarlıq edib.
Bu barədə Audiovizual Şurası məlumat yayıb.
Bildirilib ki, iclasda MTV televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə, saat 12.00–13.00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.
Buna səbəb isə müğənni Kərimin boşanan qadını efirdə təhqir etməsi olub. Belə ki, Kərim açıqlamasında boşanan qadını "yazıq" adlandırıb: "Kişi edib, qadın bağışlamalıdır. Kişi istədiyinə çatır, sonranı düşünmür. Kişini bağışlamaq olar: yaxşı kişidirsə, ailəsinə baxırsa... Bir xətadır edib.
Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbullanıb oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?
Mən də nəsə etsəm, evdə bilsələr, ailəm dağılar. Yol vermərəm, onu yola gətirə bilərəm. Amma bir dəfə, ikinci dəfə etsəm, deyəcək get".
Qeyd etdiyimiz kimi, Audiovizual Şura bunun “Media haqqında” qanunun irsi, dini, etnik, sosial və digər ayrı-seçkilik növlərinin təbliğ edilməsini qadağan edən 14.1.4-cü maddəsinin pozduğu qənaətinə gəlib.
Xatırladaq ki, bu pozuntu təkrarlandığı təqdirdə telekanala qarşı daha ciddi inzibati sanksiyalar tətbiq ediləcək.
E.ŞİRİNOV