"Elm və Təhsil Nazirliyinin də vəkili köhnə əlaqələrini işə salıb: məhkəmə hakimlərinə cıxış, tapşırıq axtarır, vəzifə səlahiyyətlərindən istifadə edərək proseslərə təsir göstərirlər...”
***
2011-ci ildən etibarən Azərbaycanda dövlət qurumları demək olar tam şəkildə elektronlaşıb. Amma bu istiqamətdə ən bərbad vəziyyətdə olan Elm və Təhsil Nazirliyidir. Bu ayrı bir məsələdir.
Bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, adıçəkilən nazirliyin məhkəmə çəkişmələri barədə araşdırma aparıb və bunun üçün 2 aydan çox vaxt sərf edib.
Və məlum olub ki, nazirlik digər qurumlarla müqayisədə daha çox məhkəmə çəkişmələrinə cəlb olunur və əksər hallarda məhkəmə proseslərini uduzan tərəf olur...
“Mənə Elm və Təhsil Nazirliyinin hüquqi fəaliyyətini araşdırmaq maraqlı gəldi. 2 aydan çox müddət ərzində bu qurumun məhkəmə proseslərini müxtəlif mənbələrdən araşdırıram. Bunun üçün ilk e-mehkeme portalında kiçik bir axtarış etdim. Qarşıma çıxan mənzərə ürəkaçan deyildi.
Belə ki, Elm və Təhsil Nazirliyinin iştirakı ilə baş tutan məhkəmə proseslərinin sayı digər qurumlar ilə müqayisədə daha çox idi. Diqqəti cəlb edən həm də o idi ki, demək olar bütün iddialarda Elm və Təhsil Nazirliyi məhkəmə prosesində uduzub”, - deyə ekpert bildirib.
Onun sözlərinə görə, iddiaların əksəriyyəti Elm və Təhsil Nazirliyinin işçiləri əsassız işdən azad edilməsi ilə bağlıdır və bu iddiaların hamısı təmin olunub.
Kamran Əsədov diqqətə çatdırıb ki, məhkəmədə nazirlik uduzsa da bununla barışmır, növbəti dəfə instansiya, apellyasiya məhkəməsinə müraciət edir və yenə də uduzmaqda davam edir...
“Məhkəmə prosesində təsdiq olunub ki, Elm və Təhsil Nazirliyi əsassız olaraq, öz maraqlarına uyğun olaraq işçini azad edir. Amma biabırçılıq bununla bitmir, qanunsuz işdən azad edilməsi faktlarına görə məhkəmə prosesini uduzan Elm və Təhsil Nazirliyi qərardan şikayət edir ki, bundan sonra proses yuxarı instansiya məhkəməsinə təqdim olunur. Bu məhkəmədə də müvafiq qurum uduzur, amma yenə də qərardan apellyasiya şikayəti verilir. Yəni bu qurumun işi hüquqi baxımdan insanları narahat etmək, süründürməkdən ibarətdir.
Maraq üçün müvafiq qurumun hüquq şöbəsini, BŞTİ-nin hüquq sektorunun müdirini araşdırdım, ortaya onlar ilə bağlı xoş mənzərə çıxmadı. Bu şəxslərin əvvəlki illərdə fəaliyyəti, bağlı olduğu şəxslərin ölkə üçün nə qədər təhlükəli olduğunu mətbuatdan bilirik.
Məhkəmədə qalib gələn bir neçə şəxs ilə əlaqə saxlayıb öyrəndim ki, Elm və Təhsil Nazirliyinin də vəkili köhnə əlaqələrini işə salıb - məhkəmə hakimlərinə cıxış, tapşırıq axtarır, vəzifə səlahiyyətlərindən istifadə edərək proseslərə təsir göstərirlər”, - deyə Kamran Əsədov qeyd edir.
O, həmçinin vurğulayıb ki, nazirlik məhkəmələrin qəbul etdiyi qərarların da icrasından boyun qaçırır.
“Diqqəti çəkən həm də odur ki, Elm və Təhsil Nazirliyi məhkəmə qərarını icra etmir...”, - ekspert xatırladıb.
Y.MƏMMƏDLİ