“Tbilisi Dövlət Universitetində "ermənişünaslıq", "iranşünaslıq", "rus dili filologiyası" və s. ixtisaslar var, ancaq nə "Azərbaycanşünaslıq", nə də ki, "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası yoxdur, bu gediş və "dəstək"lə nə vaxtsa olması da böyük sual altındadır.”

***

Gürcüstanda ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva ölkənin elm və təhsil naziri Mixeil Çxenkelini Bakıya səfəri zamanı yalan məlumat verməkdə günahlandırıb.

Bu barədəAygül İsayeva şəxsi facebook səhifəsində qeyd edib.

"Bizim təhsil və elm nazirimiz Azərbaycana səfər edib keçirdiyi rəsmi görüşlərdə 'Tbilisi Dövlət Universitetində "Azərbaycanşünaslıq" ixtisasının tədris edildiyini' rəsmi qurumların diqqətinə çatdırır. Əksər azərbaycandilli media orqanları araşdırma aparmadan nazirimizin söylədiyi fikirləri tirajlayırlar. Tbilisi Dövlət Universitetində "ermənişünaslıq", "iranşünaslıq", "rus dili filologiyası" və s. ixtisaslar var, ancaq nə "Azərbaycanşünaslıq", nə də ki, "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası yoxdur, bu gediş və "dəstək"lə nə vaxtsa olması da böyük sual altındadır. "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisası nə vaxtsa var idi, 2010-cu ilə qədər mövcud idi, daha sonra bağlandı. 10 ildən çoxdur yeni kadrlar hazırlanmır. Elə məktəblər var ki, ana dilimizi artıq təqaüd yaşını çoxdan adlamış yaşlı müəllimlər tədris edir. Sabah bu müəllimləri əvəz edəcək kadrlarımız yoxdur. 12 ildə bu problemi, kadr çatışmamazlığını həll etmək mümkün deyildimi? Əlbəttə ki, mümkün idi, təki istək olsun! Daha sonra nazirimiz rəsmi görüşlərində deyib ki, "Azərbaycan dili və ədəbiyyat müəllimlərinə bu ildən sertifikatlaşdırma, fənn imtahanlarında iştirak etmək imkanı yaradıldı, bu da onların karyera yüksəlişi və əmək haqlarının artırılmasına təsir etdi." Diqqətinizə çatdırım ki, fənn imtahanında 239 "təcrübəçi" statusu olan müəllim iştirak edib, 177 müəllim imtahandan keçib, ancaq cəmi 9 müəllim "baş müəllim" statusunu alıb. Yəni cəmi 9 müəllimin maaşında artım olub, yerdə qalanlar isə süni maneələrin qurbanı olmaqdadır. 10 il ərzində "Azərbaycan dili və ədəbiyyat" müəllimləri üçün sertifikatlaşdırma imtahanını təşkil etmək mümkün deyildimi? 1 testi hazırlamaq nə çətin iş imiş? Bunun üçün 10 il gözləmək lazım idi? Əlbəttə hər şey mümkün idi, istək olan yerdə... Kimliyindən, hansı vəzifə sahibi olmağından asılı olmayaraq "Damokl qılınc"ı kimi başınızın üstünü kəsdirmişik. Yaxşı işləriniz təqdir ediləcək, yalanlarınız isə ifşa! Uşaqda fərasətə bax, hamını aldadıb! Nə vaxta qədər?", - gənc alim qeyd edib.

Xatırladaq ki, Aygül İsayeva əvvəllər də Gürcüstanda yaşayan soydaşlarımızın azərbaycan dilində təhsil alma, ana dilinə dərs saatı ayırma probleminin olmasını daima gündəmə gətirib.

O, bir müddət əvvəl KİV-ə açıqlamasında bildirmişdi ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il il tarixində “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı №93/ნ saylı sərəncam imzalayıb:

“Yeni qəbul edilmiş sərəncamda ana dilimizlə bağlı belə qərar yer tapıb: “Azərbaycan dili və ədəbiyyat fənninə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır”. Bu sərəncan 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.

İkinci xarici dil üzrə saatların artırılması qətiyyən ana dili üzrə saatların azaldılması hesabına olmalı deyil. Azərbaycan məktəblərində necə ki, gürcü dilinə 5 saat ayrılır, ana dilinə də eynilə 5 saat ayrılmalıdır. Dövlət dili ilə ana dilinə ayrılan saatlar arasında fərq olmalı deyil. Gürcüstan dövləti qeyri-gürcüdilli məktəblərdə ikidilli (bilinqual) təhsilə keçməyi planlaşdırılır. Milli kurrikulumda ana dili üzrə dərs saatlarının azaldılmasına dolayı yolla imkan yaratmaqla bu məqsədə necə nail olmaq olar? Hələ mən, universitet səviyyəsində ümumiyyətlə ikidilli kadrların hazırlanmamasından danışmıram”, - deyə diqqətə çatdırmışdı.

***

Qeyd edək ki, Aygül İsayeva 17 Oktyabr 1985-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Kosalı kənd orta məktəbini əla qiymətlərlə bitirərək, məktəbin ilk “Fəxri şagirdi” olmuşdur. 2002-2006-cı illərdə Bakıda - Xəzər Universitetində bakalavr təhsili alan A.İsayeva Beynəlxalq İqtisadi Əlaqələr üzrə 4 illik proqramı, vaxtından əvvəl, 3 il yarıma Fərqlənmə diplomu ilə bitirmişdir.
Bir sıra nüfuzlu jurnallarda məqalələrlə çıxış edən A.İsayeva hələ bakalavr pilləsində təhsil aldığı müddətdə Xəzər Universitetində Peşə və İnkişaf Mərkəzində koordinator vəzifəsində çalışmışdır.

Bakalavr dərəcəsinə yiyələndikdən sonra Norveçin Xarici İşlər Nazirliyi tərəfindən təqaüd proqramını qazanmışdır. Norveç hökümətinin xüsusi Qafqaz proqramı üzrə seçim turlarında qalib gələn 2 nəfər namizəddən biri olmuş və 2006-2008-ci illərdə Oslo şəhərində yerləşən Norveç Biznes İnstitutunda Biznes və İqtisadiyyat proqramı üzrə magistr təhsili almışdır. Norveçdən Azərbaycana qayıtdıqdan sonra Xəzər Universitetində rektorun Beynəlxalq Əlaqələr və Layihələr üzrə müavini işləmiş, eləcə də pedaqoji fəaliyyət göstərmiş, İqtisadiyyat və Menecment fakültəsində bir sıra fənləri tədris etmişdir. 2010-cu ildə Bakıda Azərbaycan Marketinq Cəmiyyətində İcraçı Direktor vəzifəsində, 2011-ci ildən bu günə kimi isə Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyində çalışır.
2011-ci ildə Tbilisidə yerləşən Beynəlxalq Qara Dəniz Universitetində Biznes və Menecment fakültəsində bir sıra fənlərdən dərs demək üçün dəvət almışdır və həmçinin magistr tələbələrin elmi rəhbəri olmuşdur. 2011-2013-cü illərdə Beynəlxalq Qara Dəniz Universitetində Marketinq ixtisası üzrə doktoranturanı bitirən İLK tələbədir. 2013-cü ildə marketinq sahəsində elmi işini uğurla müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülmüşdür. 1995-ci ildən Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin tarixində marketinq üzrə dissertasiya işini ingilis dilində müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülən ilk azərbaycanlıdır.

Marketinq Peşəkarlarının Beynəlxalq İnstitutunun üzvüdür. ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdə bir sıra beynəlxalq konfrans, seminar, təlim və biznes forumların iştirakçısı olmuş, Kembric, Roma, Buxarest və s. kimi universitetlərdə elmi məqalələrlə çıxışlar etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur. 2015-ci ildən bu günə kimi Beynəlxalq Qafqaz Universitetində iqtisadiyyat fakültəsində Beynəlxalq Biznes; Marketinqin əsasları; Xidmət Marketinqi; İnteqrasiya olunmuş marketinq kommunikasiyaları; Brend Menecment; Sosial Media Marketinqi; Beynəlxalq Marketinqin Menecmenti; İctimaiyyətlə Əlaqələr fənlərindən dərs deyir, Almaniya və Gürcüstanda kitabları çap edilmişdir, nüfuzlu nəşrlərdə çap edilmiş bir sıra elmi məqalələrin müəllifidir. Eyni zamanda, A.İsayeva Beynəlxalq Qafqaz Universitetində Assosativ Professor, Beynəlxalq Qara Dəniz Universitetində İdarə Heyətinin üzvü, doktorant (PhD) tələbələrin dissertasiya işləri ilə bağlı daxili ekspert qismində çalışır.

Aygül İsayeva, həm də həvəskar idmanıçıdır. A.İsayevanın idman yarışlarına qatılmasında əsas məqsədi insanlara sağlam həyat tərzini aşılamaq, siqaret və içkidən uzaq durub idmanla məşğul olmağa həvəsləndirməkdir.
Aygül İsayeva 2014-cü ildən etibarən hər il Gürcüstanda keçirilən “Həyat üçün Qanadlar - Dünya Qaçışı” adlı marafonda iştirak edir və iki il dalbadal bu yarışda birinci yeri qazanıb (SOCAR Gürcüstanın bütün işçiləri arasında). A. İsayeva peşəkar marafonçu olmasa da 2018-ci il iyunun 17-də Kvarelidə keçirilən və peşəkarların qatıldığı yarım marafonda 21,1 km məsafəni 1 saat 56 dəqiqəyə qət edərək xanımlar arasında 3-cü yerə çıxıb. Qarşısına böyük məqsədlər qoyan A.İsayeva Gürcüstanın Kazbeki dağlarında keçirilən tam marafonu (42 km) da uğurla sona çatdırıb. Onu da qeyd edək ki, Aygül İsayeva 2008-cı ildə Fransanın paytaxtı Parisdə Kung Fu üzrə beynəlxalq yarışda da 1-ci yeri qazanıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN