...Bir zamanlar, məmləkətimin Rusiyanın “qardaşlıq” nağıllarına qulaq asa-asa böyümüş nəsilləri üçün bu ölkənin dilini bilmək nəinki məcburi, həm də zəruri idi. Çünki ölkəmizdə sənədləşmə işləri belə ana dilimizdə aparılmırdı. Təhsilimiz də Rusiyanın diqtəsi altında idi. Məktəblərdə rus dili saatları da çox idi. Rus dilini bilmək də mütləq idi. Yüksək vəzifələrə təyinatda bunun xüsusi əhəmiyyəti vardı, hətta daha yaxşı olardı ki, ailə qurarkən qarışıq milliyyəti olan şəxslə və yaxud rus, erməni... olanlarla evlənəydin... Bu, Moskvaya daha xoş gələrdi, çünki yüksək vəzifə postlarına təyin olunanların təmiz Azərbaycanlı bağlarının olması, öz millətinə, adət-ənənəsinə dəyər verməsi arzuolunan deyildi.

İllər keçdi, dövr dəyişdi, müstəqillik qazandıq. Bu dəfə isə 70 ilin rus imperiyasına olan qızğınlığımız bizi bu dillə qəti şəkildə mübarizə aparmağa sövq etdi: məktəblərdə rus dilinin sayı dəfələrlə azaldıldı, digər xarici dillərə, əsasən də ingilis dilinə önəm verilməyə başlanıldı. Həmin dövrün uşaqları rus dili sarıdan kasad oldu. Orta məktəblərin bir çoxunda birinci sinifdən ingilis dili tədris olunmağa başladı. 

...Hazırda yenə də valideynlərin bir çoxu uşaqlarının rus dilində təhsil almasında maraqlıdır və uşaqlar artıq bağça yaşından rus qruplarına yönləndirilirlər. Bu, rus dilində verilən təhsilin keyfiyyətinin, yaxud rus dilində təhsil alanların gələcəkdə daha yüksək biliklərə və savada sahib olacağı səbəbindən deyil. Qeyd edildiyi kimi,  bu gün ölkədə ana-dilində təhsil almaq kifayət etmir, işəgötürənlər üçün kadrların rus dilini bilməsi mühüm şərtlərdən birinə çevrilməkdədir. Lakin rus dilini bilmək ingilis dilinə olan tələbi də azaltmır.Çünki bir çox hallarda işə qəbul zamanı bir neçə xarici dil bilənlərə daha çox önəm verilir. Ana dilində təhsil alanlarımız isə kölgədə qalmağa başlayır, savadından asılı olmayaraq. Xarici dillərə verilən önəm dilimzi sıxışdırmaqdadır...

Bu günlərdə  elm və təhsil naziri Emin Əmrullayev doktorantların və gənc tədqiqatçıların konfransında çıxışı zamanı elm ictimaiyyətinə “İngilis dilini bilməyən şəxs müasir elmlə necə məşğul ola və keyfiyyətli nəticə əldə edə bilər?” sualını ünvanlayıb. Nazirin bu sözləri birmənalı qarşılanmayıb, ictimaiyyət arasında müzakirələrə səbəb olub.  Sabiq təhsil naziri Firudin Cəlilov isə nazirə dəstək çıxaraq bildirib ki, vaxtı ilə Azərbaycanda rus dilini bilməyənlərə vəzifə verilmirdi:

“ ...Elə vaxt gələcək ki, ingilis dilini bilməyənlərə vəzifə verilməyəcək. Buna görə nazirin fikirləri gerçəkliyi ifadə edir. Mən də hesab edirəm ki, elmlə məşğul olan bütün gənclər ingilis dilini bilməlidir”, - deyə o, bildirib.

Düşünürük ki, sabiq nazirin də fikrində bir gerçəklik var ki, “vaxt gələcək ki, ingilis dilini bilməyənlərə vəzifə verilməyəcək”.

Çox acınacaqlıdır. Lakin bu hal günbəgün gerçəyə çevrilməkdədir.

Bir məqamı da yaddan çıxarmayaq ki, bu gün ingilis dili  dünyada əhəmiyyət daşıyırsa, bir neçə ildən sonra başqa bir dil – məsələn çin dili daha çox önəm daşıya bilər. Onda vay bizim halımıza...

 P.S. Əlbəttə, bir neçə xaric dil bilmək çox yaxşıdır. Məsələn, Nelson Mandela deyib ki, “ Əgər sən bir insanla onun anlayacağı dildə danışırsan sa, sən onun ağlı ilə danışmış olursan. Əgər sən onunla onun ana dilində danışırsansa, deməli sən onun ürəyi ilə danışırsan”.

 Yohann Volfqanq Hötenin fikri ilə isə razılaşmaq olmur “Xarici dil bilməyən, öz dilinidə, ümumiyyətlə heç nə bilmir”. 

...Heç bir vəzifə kürsüsündən asılı olmayaraq, ana dilimizi sevmək, qorumaq, onun ölkəmizdə dominantlığını təmin etmək hər birimizin boynunun borcudur. Heç bir dil ana dilimizi kölgədə qoymamalı və ölkə daxilində üstünlük əldə etməməlidir. Çünki öz dilimizə qoyacağımız hörmət qədər əcnəbilər də bizə hörmət qoyacaq...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN