İlk dəfə 1969-cu ildə ABŞ-dakı orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunmuş test üsulu, ölkəmizdə düz 23 il sonra – 1992-ci ildən tətbiq olunmağa başlayıb.
Belə ki, həmin ildən ali məktəbə tələbə qəbulu prosesində, sonradan isə orta ixtisas məktəblərinə qəbulda da tətbiq olunub. Və 31 il idir ki, bəzi təkmilləşdirmələrlə davam etdirilir...
Onu da qeyd edək ki, ABŞ-ın bu təcrübəsindən qardaş Türkiyədə də istifadə olunurdu.
Bu üsulun Azərbaycanda tətbiqi məktəblərə qəbul zamanı baş alıb gedən rüşvətxorluğun qarşısını almaq, kasıb ailələrin savadlı övladlarının da ali təhsil almasına yaşıl işıq yandırmaq məqsədi daşıyırdı və o zamankı hakimiyyətin ən böyük islahatı hesab olunur.
Zaman keçdikcə test üsuluna qarşı çıxanların sayı da artmağa başlayıb.
Ümumiyyətlə, test üsulundan birdəfəlik imtina etmək lazımdırmı, həmin dövr bitmiş hesb olunurmu və yaxud bu imtina ədalətsizliyə yol aça bilərmi?
***
Milli Məclisin deputatı Fazil Mustafa da test üsulunun əleyhinə olanlardır.
Onun sözlərinə görə, test üsulunun dövrü bitib və ondan imtina edilməlidir.
O, KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, ali məktəblərə qəbul zamanl test üsulu rüşvət piramidasının sındırılmasında əhəmiyyətli rol oynayıb, lakin bu üsulun tətbiqindən 3-4 il sonra yeni bir üsul fikirləşilməliydi.
“Test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz”, -deyə o, bildirib.
Fazil Mustafa tələbələr arasında kütləvi tənbəlləşmə aurası gördüyünü və buna üzüldüyünü dilə gətirib. Millət vəkili çıxış yolunu ali məktəblərin girişini açıb çıxışını daraltmaqda gördüyünü bildirib.
JASMİN