Allahverdi Eminov

Mənim qeyri - müstəqillik dövrünə qayıtmağımı təsadüfi hesab etməyin, varislik təkcə gen yaddaşı ilə qiymətləndirilmir, sosial sferalara da bilavasitə aiddir. Onu nəzərdə tuturam ki, ötən əsrin 64-cü ilindən pedaqoji fəaliyyətdəyəm. “Azərbaycan məktəbi”  jurnalında (məsul katib), “Azərbaycan müəllimi” qəzetində çalışmışam (şöbə müdiri), “Maarif” tədris dövlət nəşriyyatında baş redaktor və direktor əvəzi (1984-1992) vəzifələrində illərimi əritmişəm, otuz il ali təhsil ocaqlarında dosent vəzifələrini tutmuşam.

Bunu ona görə sadaladım ki, akademik Mehdi Mehdizadənin təhsil naziri olduğu dövrlərdən fəaliyyətə başlamışam. O, sözün həqiqi mənasında xalq maarifinin (təhsilinin) akademiki idi! Bu epitetdən sonra xeyli yüngünləşdim. Ona görə ki, Mehdi müəllim müsbət və mənfi işlərə reaksiya verirdi. Xatırlayıram ki, qəzetdə “Fiziklər və liriklər”, “Tədris prosesində fikri eksperimentin tətbiqi” adlı məqalələrimə (1976-1977) reaksiya vermiş, qəzetin baş redaktoru, mərhum professor Şahin Səfərova demişdir ki, Allahverdi Eminov ilk dəfə qaldırdığı mövzunu davam etdirsin... Bu, o deməkdi, Mehdi Mehdizadə mətbuata dərin hörmət bəsləyirdi, nazir, yaxud oxucu kimi dərhal reaksiya verirdi.

Bu münasibəti bir də eks-təhsil naziri, professor Misir Mərdanovun fəaliyyəti illərində (təxminən on beş il) şahidi olmuşam. Misir müəllim tənqidə, xüsusilə operativ reaksiya verirdi. İndi bu sətirləri yazanda keçmişdə qalan xatirələri - hisslərimi yaşadım. Necə olur, Misir Mərdanovdan sonra nazir kreslosunda əyləşdirilən şəxslər onlara ünvanlanan məktublara reaksiya vermirlər. Ölkə Prezidentinin vəzifəli məmurlara ciddi tövsiyə etdiyi sözlərinə diqqət ayırmırlar. Prezident İlham Əliyevin müraciətidir: “...Mətbuata heç vaxt hücum etmək olmaz. Xüsusilə, dövlət işində işləyənlər tərəfindən, məmurlar tərəfindən, digər vəzifəli şəxslər tərəfindən bu, yolverilməzdir. Mən yenə deyirəm ki, özüm heç vaxt bunu etməmişəm, etməyəcəyəm də. Və bütün məmurlara deyirəm ki, məndən nümunə götürsünlər”.

İqtibasın mənəvi - sosial və humanist səslənməsi təəssüf ki, təhsil naziri, böyük ümidlər bəslədiyim Emin Əmrullayevə hələ də çatmamışdır. Vaxtilə bu yanaşmanı sezmişdim.

Ortaya yaş məsələsi atılanda təcrübəli müəllimlərin ali məktəb sistemində çalışan alim - pedaqoqların kütləvi təqaüdə göndərilməsi probleminin yaranacağını hiss edən cənab Prezident vurğulamışdır ki, sağlam və məhsuldar alimlərin işləməsi məqsədəuyğundur. İş elə gətirdi bu xof mənim və həmkarlarımın başına gəldi. O vaxt 2016-cı ilin aprelində (səhv etmirəmsə) Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun dosentiydim.

Təhsil Nazirliyinin əməkdaşı idim (eləcə də digər elmi dərəcəsi olanlar). Nazirliyin əməkdaşı Emin Əmrullayev məni qəbul edib rəsmi bildirdi ki, Sizi də təqaüdə yola salırıq, yaşınızla bağlı olaraq. Mən ilin dörd ayında çapdan çıxmş iki monoqrafiyamı: biri uzaq bölgədə fəaliyyət göstərən istedadlı pedaqoq - müəllimə haqqında nəzəri - praktik kitab idi. Bu, ilk təşəbbüs idi qələmə almışdım, ona təqdim etdim. Əlinə aldı, gözucu nəzər yetirdi, sanki təhsil sistemində deyil, kənd təsərrüfatında işləyirdi. Oxucular təsəvvürə gətirər ki, yaradıcı pedaqoqa - alimə bu soyuqluq nə deməkdir! Və özümə qaytardı, elə bil çaydan çıxarılmış ölü balıqdı! Barmaqlarım gizildədi. Onu xatırlatdım ki, Emin Əmrullayev, Siz cənab Prezidentin humanist addımının əleyhinə çıxırsız. Mən işlədiyim illərdə bir gün də olsun büllitenə çıxmamışam və 40-cı kitabımdır, elmi məqalələrimin sayını itirmişəm. O, üzünü naməlum nöqtəyə tutub: “Növbə kimindir?” - sualını verdi. Onu da xatırlatdım ki, təqaüdə göndərilənlər urvatla yola salınmalır.

***

...Biz pedaqoqlar və əməkdaşlar yazılmamış ağ vərəq kimi yumurlanıb döşəməyə atıldıq. Mən bu barədə mətbuatda geniş məqalə ilə çıxış etdimsə... faydasız alındı. Sən demə, ömrünü təhsilə bağışlamış alimlər, pedaqoq - mütəxəssislər diriykən “ölüm”ə beləcə yola salınırmış son təhsil nazirləri tərəfindən.

Hörmətli nazir, Siz bu mötəbər və strateji vəzifəyə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təyin edilmisiz, bu isə böyük və ümidli etibardır, barı, ölkə Prezidentinin xatırlatdığım ciddi rəsmi tövsiyəsinə hörmət edin, bu ki özünüzdən asılıdır. Anlamaq istəməzdim tam orta məktəbdə çalışan filologiya elmləri doktoru Sərdar Zeynalovun sizə ünvanlanan haqlı şikayətinə haqsızcasına susmağınızın səbəbi nədir? Vəzifənizin məsuliyyətini idrak etməməkmi, yoxsa ətrafınıza topladığınız bəzi məmurların təhsil bir yana dursun, insan faktoruna laqeydliyimi? Bəlkə üçüncü səbəb də vadır? Mən Sərdar müəlimi uzaqdan da olsa yaxşı tanıyıram, yeganə elmlər dok-torlarından biridir ki, şagirdlərə dərs deyir, çalışdığı təhsil ocağının nüfuzunu qaldırır! Nazirlik fəxarət duymalıdır ki, onun sistemində baytarlıq, iqtisadiyyat, aqronomluq və sair şəxslər yox, bu sahə üzrə dilçi - filioloqlar, pedaqoqlar, riyaziyyatçılar, tarixçilər, təhsilə birbaşa aidiyyəti olan alim - pedaqoqlar dərs deyir. Alim üçün qələmi olanlara yaş senzini mütləqləşdirmək yalnız orta təhsilin inkişafı üçün çöküşdür, uşaqların intellektual tərbiyəsi üçün mənfi münasibətdir. Pedaqogika elmində “nümunə” deyilən tərbiyə üsulu da var: şagirdlər müəlliminin elmi potensialından ruhlansınlar, onlardan nümunə alsınlar...

Cənab nazir, xətrinizə dəyməsin, Siz elmi tədqiqatdan uzaq nazirsiz. Amma sizə qədər işləyən nazirlər (K.Rəhimov, E.Qafarova, R.Feyzullayev, M.Mərdanov) elmin qədrini bilirdilər, çünki bir fikrin, ideyanın, nəzəriyyənin, fərziyyənin tapılması, şərhi, tətbiqi imkanlarının nə olduğuna hörmət bəsləyirdilər. S.Zeynalov və onun kimi alim - müəllimlərin pedaqoji və yaradıcı əməyinə hörmətlə yanaşmaq, xüsusilə nazirlik tərəfindən diqqətdə dayanmalıdır. Bir də tələbin mahiyyətində duran: “Elmi dərəcəsi və müxtəlif fəxri adları olan pedaqoji kadrların əmək haqqı nə üçün daxili çalışanlardan az hesablanır?” iddiası ilə oynamaq nəyə lazımdır? Mən diqqəti “əmək haqqı” məsələsinə yönəltmək istərdim. Məşhur fransız pedaqoqu Jan Jak Russo bu problemə - idarəet-mədə maddiyyata xüsusi diqqət yetirməyi tövsiyə etmiş və yazmışdır ki: “Ən yaxşı idarə üsulu qüvvətli idarə üsulu deyil, xalqı ən xoşbəxt olan idarə üsuludur”. Bu isə öncə maddi təminatla bağlıdır, ehtiyaclı insanın ağlına orijinal fikir (ideya) gələ bilməz: bu faktdır!

 Təəssüf ki, vəzifəyə gətirilən elə kadrlarla qarşılaşırıq - dünəni tamamilə unudur, sanki kabinetində doğulmuş, böyümüş, bu çağına çatmışdır. Bəzi iri kalibirli vəzifə tutanlar mövcuddur ki, özündən aşağı təbəqədə fəaliyyət göstərənləri öz təbiəti ilə yaşamağa imkan yaratmırlar, əks halda xeyirxah olarlar, əsəbi hisslərinə yol verməzlər, ürəklərində birgə yaşamaq toxumu cücərər.

Mən həmişə nəsihətçilikdən qaçmağa çalışmışam, bu dəfə isə fəaliyyətinə inandığım, müstəqil (fikirli, hərçənd təqaüdə yola salmada Emin Əmrullayevdə bu hissi sezmədim) nazir kimi bəzi məqalələrimdə vurğulamışdım: ona (nazirliyə) etimadla yazılan, öz təkliflərini bildirən peşəkar pedaqoqlara, müəllimlərə, alimlərə reaksiya verəcəyinə əmindim. Yanılmışam təsəvvürümdə. Təhsilin inkişafını Sizin idarəetmə üsulunuza güvənmək olmaz, peşəkar pedaqoqların, mütəxəssislərin, müəllimlərin və valideynlərin yazdıqlarına münasibət bildirilməlidir. Hər halda on-lar (bu sətirlərin müəllifi də) mono düşüncənizdən yuxarıda dayanır, dəyərli təklifləri nəzərə almaq isə fayda gətirər.

Mən KİV-də dərc olunan “Müəllimlərin işə qəbulunda biabırçı mənzərə” məqaləsi haqqında qısa da olsa fikrimi gizlətməyəcəyəm: Tənqiddə göstərildiyi kimi, bu üsul tamamilə absurd bir yoldur və təzə (yeni) deyildir. Bir neçə yazımda vurğulamışam və bir mühüm faktı misal gətirmişdim. Məsələn, Ali Pedaqoji təhsilli məzun universitetdə (yaxud, institutda) 4-5 il oxuyub ixtisas fənlərindən zaçot və imtahan verir, professor - müəlimlərdən biliyi qiymətləndirilir. Dövlət (yaxud, buraxılış) imtahanından sınaqdan keçir, pedaqoji savadını nümayiş etdirir. Dövlət imtahanına düşən müəllim heyətini universitetin rektoru təsdiq edir Elmi Şurada. Dövlət imtahan komissiyası sədrini isə Təhsil naziri rəsmiləşdirir. Bu mərhələlər ciddi və inamlı imzalarla şərtlənir. Paradoksa baxın: hörmətli nazir, bu imzalardan biri sizindir, yəni mövcud nazirindir, elə isə az - çox pedaqoji təcrü-bəyə malik müəllimlərə etimadsızlıq göstərib dolaşıq, bilərəkdən mücərrəd, utanc gətirən sualları, “dəmir müəllimin” ixtiyarına buraxmaqla tale həll etmək nə dərəcədə ədalətlidir?

 Yaxud, hələ pedaqoji işinə başlamayan gəncin taleyini testlərə tapşırmaq yalnız süni - şəxsi məqsədlər üçün hesablanmışdır. Sual olunur: dörd - beş il ali pedaqoji təhsil alan, onu auditoriyaya gətirən həvəsli, müəllim olacaq arzulu gəncin taleyilə oynamaq deyilmi? Əksinə, ona işləyəcəyi məktəbdə Təhsil Nazirliyi şərait yaratmalı, təcrübəli müəllimlərdən biri ona həvalə edilməlidir, məccani olmamaq şərtilə. Bəzi sivil ölkə məktəblərində bu üsul on illərdir tətbiqini tapmışdır. Məgər “çıxdaş” hesab olunan təcrübəli müəllimi məktəbə dəvət edib gənc müəllimi ona tapşırmaq məqsədəuyğun deyilmi? Dövlətimiz təhsilə milyonlarla vəsait (pul) ayırır, bəzi direktorlar o pulu sovurmaq həvəsinə düşürlər. Təhsil Nazirliyi bu məsul işi hökumət rəhbərliyi ilə birgə müzakirə edib qanuniləşdirməlidir. Müəllimlərin işə qəbulunun belə bir sistemi ləğv edilməlidir, ixtisaslara süni yolla nail olmağa ehtiyac yoxdur. Bir tələbənin aldığı təhsilə nə qədər pul xərclənir! Sonu da “Get, hazırlaşıb  “dəmir müəllimə” imtahan verərsən”! Paradoks!

Qaldı mətbuata qarşı laqeydlik göstərmək probleminə - keçmiş mətbuat işçisi, jurnalist kimi - nazir üçün problem yaradır.

 Sizə gənc demək olmaz, amma fəaliyyətinizdə gəncsiz, bəlkə də müstəqil deyilsiz, “yuxarı”larla da “dil” tapmaqda çətinlik çəkirsiz, belə olmuş ki, milli təhsilimiz millilikdən uzaqlaşmaqdadır, xarici təhsil strukturlarının təsiri altındadır, onlar heç bir dövrdə islam Şərqinin təlim - tərbiyə dəyərlərilə barışmamışlar. Gənclərin humanist formalaşmamasında tərbiyə anlayışını rədd etmişlər, intellekti fetişləşdirmişlər. Unutmayaq ki, tarixən qan tökən, özgə torpağına göz dikən dövlət baş-çıları intellektual olmuşlar, tərbiyəli olmamışlar. I Pyotr, Napoleon, Lenin, Hitler və başqalarının qanla yoğrulmuş iddialarını yada salmaq kifayətdir...

Sonda: yaşlı pedaqoqlara, müəllimlərə pıçıldayıram ki, Ölüm- qocalığın nəticəsi deyil, unutqanlığın nəticəsidir! Çalışın qocalmayın!!!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN