Qar yağmağı ilə Bakıdakı məktəblərdə şagirdlərin davamiyyət göstəriciləri aşağı düşüb.
Əslində, gecədən yağmağa başlayan qar da, mənfi temperaturda yollarda dəhşətli buz bağlayıb, hündürlüyü neçə santimetrə çatan, çovğunu, iri dənələri ilə gözünü açmağa qoymayan qar deyildi.
Qar yağdı – avtomobillərin, damların üstündə qalan, hətta Bakının bəzi əraziliərində varlığı belə hiss olunmayan sulu qar! Çoxdan həsrətlə yolunu gözlədiyimiz qarı, çoxumuz seyr edə də bilmədik: bəzi sosial şəbəkələrdə istifadəçilərin paylaşımlarında, TV-lərdə gördük - şəklini, videosunu…
Amma sən demə, bu qar yağmağı ilə böyük “günaha” batıb: məktəbliləri sevindirib məktəbə getməyə həvəsləndirmək əvəzinə, dərsdən edib…
Bu gün bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
BŞTİ-nin məlumatına görə, Bakıda fəaliyyət göstərən məktəblərdə qeyri-sabit hava şəraiti ilə əlaqədar şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
“Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurum və təşkilatlarla əlaqələr gücləndirilib. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir", - deyə məlumatda qeyd edilib.
İndi belə çıxır ki, ən soyuq və daha çox yağış- qar yağan ölkələrdən olan Rusiyada payızdan yazdək məktəblər bağlansın, yaxud İslandiyada, Finlandiyada, ABŞ və Kanada da heç kəs evindən bayıra çıxmasın?..
Bu bəhanələrin təhsilimizə, yaxud dərsə getməyən şagirdlərə xeyri varmı?..
Sön illər pandemiya səbəbindən, daha çox “yara alan” sahələrdən biri də təhsil sahəsidir. Uzun müddət məktəblər bağlandı, yaxud fasilələrlə, az saatlarla dərslər davam etdi. Dərslər onlayn qaydaya keçildi. Və bu da canlı müəllim-şagird ünsiyyətini əvəz edə bilməzdi.
Hələ ki, koronavirusa yoluxmaların az olduğu günlərdəyik. Məktəblər açılıb və hamı bunun davamlı olmasını istəyir. Belə vaxtda, bu fürsəti əldən vermək olmaz. Pandemiyaya görə itən zamanı kompensasiya etməyin yolu isə, məktəblərdə şagird davamiyyətinin yüksək səviyyədə olmasından asılıdır.
Odur ki, yağan qarı –yağışı, küləyi bəhanə etmədən şagirdlərin məktəbə getməsi çox vacibdir.
Və bu işdə valideynlər də az rol oynamır.
Y.MƏMMƏDLİ