Həmidə Xanım və Mirzə Cəlilin həyatı hələ çox öyrəniləcək...
Lakin öyrədənlər öncə onu bilməlidirlər ki, Həmidə Xanımın bioqrafiyasında Mirzə Cəlillə evlilikdən öncə və Mirzənin ölümündən sonra da möhtəşəm bir HƏYAT var. Və bu xanım-ağa (Qarabağın mülkədar xanımlarına xanım-ağa deyirdilər) sadəcə, Mirzə Cəlilin kölgəsində öyrənilərsə - öyrənilə və öyrədilə bilməz.
Əlbəttə, ötən zamanları bilmək, hiss etmək, çoxdan keçib getmiş zamanın şüurunu və həyəcanlarını anlamaq asan iş deyil. Bəzən mümkün belə deyil. Çünkü zaman kəsiyi dediyimiz vaxt, insan şüuru, insan qəlbi qədər çoxdetallı, çoxmətləbli, çoxduyğulu, qarışıq, tərəddüdlü və bir çox bu kimi titrəşimlərdən ibarətdir.
Zamanın işləklərini anlamaq üçün dövrün nəbzini eşitməlisən, ruhunu duymalısan. Bu, az halda mümkün olur. Zaman keçdikcə duyğular və həyəcanlar yerini statistikaya verir. O statistika isə zamanın özü ola bilmir, çox halda təhrifi olur.
Məsələn, Azərbaycan insanı dünənki dövrü - Milli Azadlıq Hərəkatının hadisələrini belə - ifadəyə görə üzr istəyirəm - anlamır.
Anlamamağı da təbiidir, çox yağışlar yağıb... çox izlər yuyulub... bir tərəfdən də rəsmi əks təbliğat, qarayaxma boğaza çıxıb...
50 il, 100 il öncəyə, 1000 il öncəyə gedəndə vəziyyət daha da mürəkkəbləşir. Niyələr, nədənlər artır... bilməzlikdən doğan ittihamlar meydan sulayır...
Qayıdım mətləbə...
Çox hörmətli professor Rəhman Bədəlov Həmidə xanım və Mirzə Cəlil haqqında söhbətlərə dəvət edir, maraqlı mühazirələr oxuyur.
Qiymətli işdir.
Məlumunuzdur ki, Həmidə Xanımın `Xatirələrim` əsərini 80 illik Mircəfər yasağından sonra ilk dəfə tam şəkildə (nisbətən tam, çünkü arxiv dəftərlərinin bir sıra səhifələri çırılıb, oğurlanıb, senzor edilib) mən tərcümə etmiş, çapa hazırlamış, önsöz yazmış (ikinci önsözü professor Ədalət Tahirzadə yazıb) və nəşr etmişəm. Kitab toplumda geniş populyarlıq qazanıb.
Rəhman müəllim, işlək dili rus dili olsa da FB statuslarında mənim tərcüməmə bir sıra iradlar tutur. Olsun. İş olan yerdə irad da olar.
Diqqətə çatdırım ki, bu tərcüməni ilk oxuyan Ədalət Tahirzadə mətnin gözəlliyinə heyranlığını xoş sözlərlə ifadə etmişdi. O Tahirzadə ki, ana dilində 20-dən çox kitab yazıb və işlək dili Azərbaycan türkcəmizdir.
Əlbəttə, hər iki uzmanın - həm Ədalət Tahirzadənin, həm Rəhman Bədəlovun fikirləri mənim nəzdimdə qiymətlidir. Buna söz yox!
Lakin yazılarında, Həmidə xanımın və Mirzə Cəlilin şəxsi həyatı haqda fikirlərindən hiss edilir ki, Rəhman müəllim bir az dövrü, bir az Həmidə Xanımı, bir az da Mirzə Cəlili yetərincə tanımır. Bolşevik-sovet ideolojisinin Mirzə Cəlilin kölgəsinə sıxışdırdığı Həmidə Xanımı elə o kölgədə görə bilir.
Professor, bu ər-arvadın, belə ifadə mümkünsə, rusca məktublaşmasına heyran olur. Səbəb? Məncə, bu həyat tərzi, yəni evdə rusca danışmaq ona doğma, özündən olan kimi görünür. Professor, sanki rusdilli olmağı, ailədə ana dilində deyil, rusca danışmağı, yazışmağı hələ də yüksək mədəniyyət sayır. İşğal dövrümüzün bu mənfi simtomlarını müsbət kimi dəyərləndirir, təqdir edir, toplumda davamını arzulayır. Əlbəttə, bu da zamanından qopa bilməmək, durduğun yeri dəyişmək gücünü itirmək kimi qiymətləndirilə bilər və anlayışla qəbul oluna bilər.
s.a. 19-cu əsrə kimi rus zadəganları bir-biri ilə fransızca danışır, yazışırdılar. Bu gün heç bir rus ziyalısı bu keçmişi təqdir etməz və fransızcanın rus evlərinə girməsini `dünyaya pəncərə`, `mədəni hadisə` deyə qiymətləndirməz. Belə bir tarix - yabançı dillərə boyun əymək bütün xalqların tarixində olub. İngilis yazıçısı latınca, rus fransızca, Türk - biz ərəbcə, farsca yazmışıq. Lakin bu, dünya mədəniyyətinin keçmişidir. Hətta bütün 20-ci əsrdə - rus dilinin Azərbaycanda qolçomaqlıq etdiyi dövrdə belə bizim ədiblər ana dilində yazıblar.
Məncə, bir ziyalının öyünəcəyi məqam budur!
Mirzə Cəlilin övladları ilə rus dilində danışması deyil.
Əlbəttə, Rəhman müəllimə hörmətlərimi bildirərək yaradıcılıq uğurları arzu edirəm. Fikirlərinə anlayışla yanaşır, həm də etiraz edirəm.
Mehriban Vəzir,
Yazıçı
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN