Fevralın 1-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. BSU-nun tələbə ictimai təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirdə rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tələbələri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara həyatda və təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib, Ulu Öndərin 1997-ci il həmin tarixdə imzaladığı Fərmana əsasən, Azərbaycan Gəncləri Günü elan edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin ilk növbədə, vətənpərvər olmasını önə çəkib. Vətənpərvərlik Vətəni ürəkdən sevmək, onu qorumaq, əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi yetişmək, dövlətə və dövlətçiliyə sadiq olmaqdır. Ulu Öndərin gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdilər. BSU-nun məzunları onların sırasında Azərbaycanın bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdilər. Çıxışda vurğulanıb ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Ölkə rəhbərliyi elm, təhsil, mədəniyyət, idman və digər dövlət proqramları, layihələri ilə gəncliyin inkişafına dəstək verir. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi diqqət mərkəzindədir. Universitetimizin məzunları həm respublikamızda, həm də xaricdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə öz töhfələrini verməlidirlər. Anar Nağıyev çıxışının sonunda BSU-nun tələbələrinə gənclər üçün yaradılmış əlverişli şəraiti düzgün qiymətləndirməyi və gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı naminə əzmlə fəaliyyət göstərməyi tövsiyə edib. Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Yeni Azərbaycan Partiyasının ( YAP) Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova, tədbirin moderatoru, Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Yəmən Həsənova, Magistrantlar Şurasının sədri Əli İsmayılov, YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin ümumi koordinatoru, Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Tural Məmmədli müasir Azərbaycan gəncliyinin missiyası barədə fikirlərini bölüşüblər, “Keçmişdən gələcəyə Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirilib və xatirə şəkli çəkdirilib.
A.Məmmədli
.