Belə bir fikir var ki, uşaq və gənclərin fiziki, mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Çünki uşaq hansı mühitdə böyüyürsə, tərbiyə alırsa, gələcəkdə də o mühitdə görüb-götürdüklərini nümayiş etdirir.

Məhz bu baxımdan, xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasında cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi dayanır. Odur ki, uşaq və gənclərimizin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz bütün imkan və şəraiti yaradıb.

Lakin son vaxtlar sosial şəbəkələrdə, mediada bəzi müəllimlərin şagirdlərə fiziki təzyiq göstərmələri, yaxud şagirdlərin müəllimlərə qarşı tərbiyəsiz və hörmətsiz davranmalarını əks etdirən videoların yayımlanması cəmiyyəti narahat etməyə bilməz. Əlbəttə, belə halları bütün təhsil sisteminə aid etmək olmaz. Ancaq etiraf edək ki, bu görüntülər bir möddət ölkə mediasının gündəmindən düşmədi və cəmiyyət arasında geniş müzakirələrə səbəb oldu.

Bütün bunları nəzərə alaraq, ölkəmizdə müəllim-şagird münasibətləri, müəllimlərin şagirdlərlə rəftar qaydaları ilə əlaqədar araşdırma apararaq təhsil sahəsində tanınmış, öz işinin peşəkaları olan şəxslərin fikirləri ilə tanış olduq  və nəticə olaraq belə bir suala cavab tapmağa çalışdıq: müəllim-şagird münasibətləri necə qurulmalıdır ki, tərəflər arasında hər hansı bir problem yaşanmasın? Fikirlər fərqlidir.

Bir məsələni unutmayaq ki, ötən əsrin ortalarında ölkəmizdə mövcud olan təhsil sistemində formalaşmış müəllim-şagird münasibətləri indikindən fərqli idi. Doğrudur, o zamanlar da yüzlərlə savadlı Azərbaycan gənci yetişib. Ancaq müstəqil Azərbaycan dövləti qurulduqdan sonra təhsil sistemimizdə təkmilləşdirmə işləri həyata keçirilib, islahatlar aparılıb. Bu islahatlardan sonra, təbii ki, müəllim-şagird münasibətlərində də müəyyən dəyişiklik baş verib. Məsələn, hazırda orta məktəb şagirdləri əvvəllər olduğu kimi, müəllimdən qorxmur. Belə demək mümkünsə, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət, anlayış üzərində qurulub. Şagirdə fiziki üsullarla cəza vermək isə bu gön birmənalı olaraq qəbul edilmir.

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarovun fikrincə, müəllimi və məktəbi hər şeydə günahkar elan etmək düzgün deyil: “Təhsil Nazirliyində funksional vəzifələrdə oturanlar daxil olan məlumatla bağlı ajiotaj yaratmaqla birbaşa məktəbi və müəllimi günahlandırırlar. Əslində, problemin kökü təhsildə yaranmış boşluqlardan qaynaqlanır. Təhsillə əlaqəsi və təcrübəsi olmayan, yalnız xaricdə təhsili və ingilis dili bilgisi olanların əsas funksional vəzifələrə çəkilməsi təhsilin idarə olunmasındakı boşluqları daha da dərinləşdirir”.

Ekspert qeyd edib ki, illərdir islahatlar aparıldığı deyilsə də, müəllim peşəkarlığının artırılması ilə bağlı addımlar atılmır: “Bu məqam da məktəblərdə belə halların yaranmasına səbəb olur. İstənilən hadisədə araşdırma aparmadan, günahı oldu-olmadı tez-tələsik müəllimin üstünə atırıq. Müəllimlər işlərindən olmasınlar deyə şagirdlərin şıltaqlıqlarına dözməyə məcbur olurlar. Bu, artıq kütləviləşir, şagirdlər “Tik-Tok” kimi sosial şəbəkələrdə ulduza çevrilmək üçün bu cür videolar çəkirlər. Bu, mənfi mənada dəb halını almağa başlayıb”.

E.Qafarov məsələnin çıxış yolu kimi dövlət başçısının təhsili şəxsi nəzarətinə götürməsini, təhsilin idarəolunması ilə bağlı hüquqi normativ sənədlər hazırlanmasını təklif edir.

Təhsil eksperti Elçin Əfəndi isə belə halların həmişə olduğunu, vaxtında qarşısı alınmadığından bu günə daşındığı qənaətindədir: “Səbəb təhsil müəssisələrində anarxiyanın olmasındadır. Məktəbə uşaqlar ancaq attestat xatirinə gedirlər, qalan vaxtları repetitor yanında keçir. Buna görə məktəblərdə dərs mühiti qalmayıb. Əvvəllər ibtidai sinif müəllimləri arasında da kişilər vardı. İndi elə deyil. Qadın məsələyə ana kimi yanaşır, humanistdir. Kişi müəllimlərdən şagirdlər çəkinirlər”.

Ekspertin fikrincə, məktəblərdə nizam-intizam yaratmaq məqsədilə mühafizə polisi xidmətindən istifadə edilə bilər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bu məsələlərdə cəmiyyətin məktəbin üzərinə getməsinin əleyhinə olduğunu bildirib: “Təbii ki, məktəbdə bu cür hallar olmamalıdır. Məktəbə yaraşmayan belə videoların yayılması arzu olunmazdır. Məktəb hamının işidir. Təhsilə yalnız Təhsil Nazirliyi cavabdehdir yanaşması doğru deyil. Hansı məktəbdə şagirdə bu cür davranış təlqin olunur? Şagird günün ən çox 6 saatını məktəbdə olur, digər vaxtlarda o ailəsilədir. Nəyə görə bu cür davranışda ancaq məktəb günahkar hesab olunur? Burada valideynin də məsuliyyəti var. Nə qədər travmalı uşaqlar var. Mən şagirdə zorakılığa qarşıyam. Amma bəzən olur ki, bir tənbeh yerinə düşür. Bəzən bir kitab oxumamış valideyn müəllimi təhqir edir”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlərin 2021-ci ilin yayından etibarən başladığını deyib: “Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlayanadək yeni nümunəvi qaydaların təqdimatı olacaq”.

Təhsil eksperti, professor Şahlar Əsgərov isə klassik təhsil sistemində fiziki cəza olduğunu və bunun cinayət sayılmadığını deyib: "Güman edirəm ki, "qulaqburma olmaz" tezisi bizim tarixi-pedoqoji təfəkkürün məhsulu deyil, xaricdən gələn ideoloji müddəadır. Keçmiş zamanlar atalar uşqalarını müəllimə təhvil verəndə, "əti sənin, sümüyü mənim" - deyərdilər. Biz isə müəllimi cəzalandırmaq üçün sanki girəvə gözləyirik".

Professor son zamanlar mediada yayılmış videogörüntülərə də münasibət bildirib: "Sumqayıtda, sonra da digər məktəblərdə baş vermiş "müəllim-şagird" münaqişəsi düzgün yayımlanmadı. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim öz məsuliyyətini anlayır, şagird isə anlamır. KİV-lər, TV-lər məsələni düzgün olmayan insanlardan soruşurlar. Nəticədə, cəmiyyətə ötürülən məlumatlar ziddiyətli, çox vaxt şablon düşüncənin məhsulu olur və çaşqınlıq yaradır”.

Ş.Əsgərov qeyd edib ki, inkişaf etmiş ölkələrdə təhsil dərk edilmiş həqiqətdir: "Yəni məktəbdə hər iki tərəf təhsilə şüurla yanaşır və hikmətini dərindən dərk edir. Gənclər istədiyi müəllimləri, sinifləri, fənləri seçdiklərinə görə həvəslə dərsə gedir, öyrənir və dərsdən yayınmırlar. "Qulaqburma"ya heç ehtiyac da qalmır".

Ekspert bildirib ki, başqa pedaqoji üsullar kömək etməyəndə, müəllimin şagirdə verdiyi "qulaqburma" dövlət mənafeinə uyğun və xoş niyyətli olur.

Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova şiddət görən şagirdlərin psixoloji zərbələrə məruz qaldığını vurğulayıb: "Şiddət görən şagirdlərdə ilk növbədə özünəgüvənsizlik, zəiflik yaranır, qarşı tərəfə aqressiv münasibət formalaşır. Nəticədə, həmin şagird qeyri-adekvat davranış irəli sürür. Şagirdin əzilməsi və gördüyü şiddət onu gələcəyin cinayətkarına çevirir. Belə şagirddə birbaşa özünəqapanma və depresiya halları yaranır".

Psixoloq bildirib ki, nə olursa-olsun, müəllim şagirdə səbrlə yanaşmalıdır: "Məktəblərdə psixoloqun fəaliyyət göstərməsi çox önəmlidir. Bu cür şiddətin, münaqişənin baş verməməsi üçün məktəb psixoloqları mütəmadi şəkildə heç olmasa, ayda bir dəfə uşaqlarla görüşüb, onlar arasında psixoloji testlər keçirməli, hazırki durumları ilə maraqlanmalıdırlar. Çünki hər bir şagird müxtəlif ailələrdən gəlir və müəyyən problemlər yaşayırlar".

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, son zamanlar insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə olunur: “İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Son vaxtlar ictimai nəqliyyatda sürücü-sərnişin davaları da pik həddə gətirib. Demək olar ki, cəmiyyəti aqressiyalar öz ağuşuna alıb. Təəssüf ki, bunu biz təhsil müəssisələrində, orada işləyənlərə qarşı da hiss edirik”.

Ekspertə görə, aqressiya ailədən qaynaqlanır, ardınca orta məktəbdə inkişaf edir. Təhsilin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır. Təhsildə aqressiya şagird-müəllim münasibətlərinə də mənfi təsir göstərir: “Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq məktəbdə böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra bu, sadəcə, məktəb daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir. Son dövrlərdə ali məktəblərə qəbul, buraxılış imtahanlarındakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir. Müəllimlərin repetitor kimi pul yığması, bəzi məktəblərdə idarəetmədəki boşluqlar təhsil üçün ciddi problemlər yaradıb”.

K.Əsədovun sözlərinə görə, ibtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir: “Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzu günü-gündən aktuallaşır”.

Ekspert deyib ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil: “Ümumiyyətlə, mən tərəfdarıyam ki, hər kəs öz vəzifə səlahiyyəti çərçivəsində nə isə etməyə çalışsın. Əksərən vəziyyət belədir: yığışıb bütün günü şikayət etmək və özünün dəyişə bilməyəcəyi məsələləri təkrar-təkrar müzakirə etməklə yerlə-göylə əlləşmək. Aydın məsələdir ki, orta məktəb müəlliminin nə qanunu dəyişmək, nə də yeni bir proqram həyata keçirmək səlahiyyəti var”.

Ekspert sonda vurğulayıb ki, təhsil müəssisələrində zorakılığın olmaması üçün məktəblərə təlim-tərbiyə funksiyasını da qaytarmaq və bunu müasir üsullarla icra etmək lazımdır: “Hər ailədən müxtəlif dəyərlərlə gələn uşaqlar təhsil müəssisəsinin hər kəs tərəfindən qəbul olunmuş ümumi dəyərlərini qəbul etməli və o dəyərlərə uyğun hərəkət etməlidir. Bu təhsil müəssisəsinin dəyərləri yalnız uşaqlar üçün yox, həm də işçi heyəti tərəfindən qəbul olunmalıdır. İşçi heyəti təhsil müəssisəsinin dəyərlər sisteminin icrası zamanı örnək təşkil etməli və nümunə olmalıdır”.

Mövzu ilə bağlı bəs orta məktəb müəllimlərinin mövqeyi necədir? Müəllimlərdən sorğumuza aldığımız cavablarda bildirilir ki, uşağın məktəbdəki davranışına ilk növbədə valideyn cavabdehdir: “Əgər valideyn öz övladını beşikdən başlayaraq düzgün tərbiyə edərsə, o, istər məktəbdə, istərsə də ictimai yerlərdə tərbiyəsizlik etməz. Üzr istəyirəm ifadəyə görə, bəzi valideynlərin harınlığı övladını bu vəziyyətə gətirir. Məsələdə məktəbin də müəyyən qədər günahı var.

Şagirdlərin mobil telefonları məktəbə gətirməsi məsələsinə gəlincə, şagirdlərə nəinki məktəbdə, hətta ailədə də telefondan düzgün istifadə qaydaları öyrədilməlidir. Məktəbə gələrkən telefonları qoymaq üçün ayrıca yer olmalıdır. Yaxud sinif rəhbərləri telefonları toplamalı, dərs bitdikdən sonra şagirdlərin özlərinə qaytarmalıdır ki, evə dönmələri barədə valideynlərinə, yaxud digər ailə üzvlərinə xəbər verə bilsinlər. Yəni telefonların sinif otaqlarına daxil olmasına icazə verilməməlidir.

Şagirdlərin dərsdə intizamsızlıq etmələrinin bir səbəbi oldur ki, müəllim boş vaxt yaradır, şagirdin fikri dərsən yayınır və başqa hərəkətlərə yönəlir. Müəllim 45 dəqiqəlik dərsini elə qurmalıdır ki, şagirddə mövzuya qarşı maraq yaratsın.

Eləcə də biliyinin qiymətləndirilməsi zamanı ədalətsizliyə yol verilərsə, o zaman şagirdin müəllimə, məktəbə hörmət və sevgisi azalır. Eyni zamanda, məktəb rəhbərliyinin dərs zamanı şagirdlərin repetitor məşğələlərinə cəlb edilməsinə göz yumması ikinci dərəcəli fənlərin müəllimlərinə qarşı hörmətsizliyə gətirib çıxarır.

Təbii ki, bütün bu hallar müəllim hüfuzunun aşağl düşməsinə təsir edir. Mən bunun günahının 80 faizini valideynlərdə görürəm. Məsələn, mən öz övladlarıma deyirəm ki, uşaqlarınızın yanında heç vaxt  müəllimin əleyhinə danışmayın. Əgər siz müəllimin əleyhinə bir kəlmə belə danışsanız, uşaq da müəllimə qarşı hörmətsizlik edəcək. Ona görə də valideynlər belə məsələlərdə diqqətli olmalıdırlar. Heç uzağa getmirəm, yeznəm deyir ki, müəllimin hünəri nədir mənim uşağıma əl qaldıra, ona güldən ağır söz deyə... Bundan sonra o uşaq müəllimi sayarmı? Əlbəttə, yox. Məktəbdə partanı da çevirəcək, lap müəllimin çiyninə də çıxacaq. Demək olar ki, hazırda valideynlərin əksəriyyəti bu fikirdədir. Belə olmaz axı. Bu məsələyə çox ciddi şəkildə yanaşılmalı və mövcud problemlər aradan qaldırılmalıdır”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev də son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirdi.

Bununla bağlı açıqlama verən nazir deyib: "Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var. Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük. Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil".

Nazir əlavə edib ki, azərbaycanlı şagirdlər son illərdə 304 beynəlxalq olimpiadada medal qazanıb: "Amma, nədənsə, biz həmin şagirdlərin videolarını çəkib sosial mediada böyük həvəslə paylaşmırıq. Onlar da azərbaycanlı şagridlərdir və dövlətimzin adını və bayrağını ucalara qaldırıblar. Təbii ki, nadinc uşaqların, partanın üzərinə çıxan uşaqların bu davranışları problemdir. Amma bu, məktəbdaxili problemdir. Bu, şagird davranışı problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm. İnanmıram ki, bu videoların bu və digər formada, bu miqyasda və bu çapda müzakirəsi bizim cəmiyyətimizi və ölkəmizi irəli aparır. Bu videoların hansısa bir formada nümunə olmasını da uyğun hesab etmirəm".

Göründüyü kimi, müəllimlik peşəsi təkcə öz fənnini tədris etməklə bitmir. Bu peşə müəllim adını daşıyan şəxsdən pedaqoji fəaliyyət tələb etməklə yanaşı, onda yüksək insani keyfiyyətlərin olmasını, psixoloji biliklərə yiyələnməyi, şagirdlərlə ünsiyyətdə etik-estetik mədəniyyəti şamil etməyi tələb edir.

Ümid edirik ki, qədim zamanlardan bəri müəllimlik peşəsinə böyük hörmətlə yanaşıldığı kimi, bundan sonra da bu proses davam edəcək.

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.6.3.19)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN