“Təəssüf ki, bu gün Azərbaycanda bir çox sahələrdə qərarı mütəxəssislərdən ibarət konsilium yox, məmurlar verir deyə ciddi narazılıq və problemlərlə üzləşirik” – RAZİ NURULLAYEV
***
“Taleh Camalovun ayağının kəsilməsi barədə verilən qərarların heç bir tibbi əsası yoxdur.”
Taleh Camalovun bir ayağı dizdən aşağı kəsilib. O biri ayağını qorumaq üçün özü və atası Musa kişi neçə aydır ki, dirəniş göstərir. Taleh “Yaşat” Fondu tərəfindən Türkiyəyə göndərilib və müalicə alıb. Amma, ayağının kəsilməsi ilə bağlı müəyyən rəylər olub və bizim qərarverənlər də bunu əsas gətirərək onun başqa ölkələrdə müalicəsinə isti yanaşmayıb.
Bu sözləri millət vəkili, MCP sədri Razi Nurullayev deyib.
O, Talehi və atası Musa kişini iki ildir ki, tanıdığını bildirib.
“ Mən onlara inandım, əmin oldum ki, Talehin ayağının kəsilməsi və ya saxlanılmasına bir nəfər yox, həkimlər konsiliumu rəy verməlidir. Talehin həkimi bu sahədə tanınmış professor Çingiz Əlizadədir və o Talehin ayağının 100 faiz sağala biləcəyini deyir”, - millət vəkili qeyd edib.
Razi Nurullayev bu məsələni nəzarətə götürdüyünü, “Yaşat” Fondunun rəhbəri ilə razılaşdırdığını və TƏBİB rəhbəri Vüqar Qurbanovdan tibbi konsiliumun çağırılmasını xahiş etdiyini açıqlayıb:
“ Məsələ iki gün ərzində həllini tapdı və bu gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təşkil olunan 10-15 həkimin toplaşdığı tibbi konsilium yoxlama aparıb rəyini verdi. Konsiliumda mən də iştirak edib hər bir çıxışı dinlədim. Talehin həkimi - professor Çingiz Əlizadənin qənaəti təsdiq edildi. Taleh Camalovun ayağının kəsilməsi barədə verilən qərarların heç bir tibbi əsası yoxdur”.
Razi Nurullayev vurğulayıb ki, Vətən müharibəsinin qəhrəman qazisi həm yeriyə, həm də normal həyatını bərpa edə bilər, lakin Almaniyada müalicəsi vacib şərtdir.
“ Hazırda da yeriyə bilər və ayağı tam olaraq sağalıb. Amma gələcəkdə mümkün ola biləəck fəsadları aradan qaldırmaq üçün Almaniyada ixtisaslaşmış klinikada müalicəsi vacibdir.
Təəssüf ki, Konsiliumda iştirak edən bütün həkimləri tanımaq imkanım olmadı. Amma, tanıdığım həkimlərin adını çəkib təşəkkür etmək istəyirəm: Professor Çingiz Əlizadə, İnstitutun direktoru ortoped-travmotoloq Elviz Qasımov, Yaşar Cəlilov, Qələndər Canbaxışov, Cəbrayıl Ələkbərov və digərləri qazi Taleh Camalova ciddi can yandırdılar və onlara təşəkkür edirəm. Hər zaman Talehin yanında olan və doğma qardaşı qədər can yandıran bloger Elçin Ləmbəranskiyə də təşəkkür borcumuz var.
Məsələni operativ həll etdiyi üçün TƏBİB rəhbərliyinə də təşəkkür edirəm”,- deyə minnətdarlıq edib.
Razi Nurullayev diqqətə çatdırıb ki, qərarı məmur yox, mütəxəssislər verməlidir - bir nəfər yox, sahənin bütün bilicilərinin toplaşdığı konsilium.
“Təəssüf ki, bu gün Azərbaycanda bir çox sahələrdə qərarı mütəxəssislərdən ibarət konsilium yox, məmurlar verir deyə ciddi narazılıq və problemlərlə üzləşirik”, - sonda millət vəkili Razi Nurullayev təəssüfünü də gizlətməyib.
Xatırladaq ki, MCP lideri Razi Nurullayev 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilib. Razi Nurullayev MM-in fəal millət vəkillərindəndir və bu fəallığına görə də seçicilərinin rəğbətini qazanmağı bacarıb. Millət vəkili tez-tez seçiciləri ilə görüşür, onların problemləri ilə maraqlanır və çözülməsinə yardım edir.
Bu dəfə isə Qarabağ uğrunda döyüşlərdə əzasının birini itirmiş qəhrəman qazimiz Taleh Camalovun hansısa məmurun səhvi ucbatından digər ayağını itirməsinə mane olub. Professor Çingiz Əlizadə ilə birgə əl-ələ verərək konsilium çağırılmasına nail olub. Sonu isə göründüyü kimi sevindirici nəticələnib. Beləliklə, fəal deputatımız bu dəfə Talehin taleyinə biganə qalmayıb və onun gələcək həyatının asanlaşmasına yardımçı olub.
Bizə isə yalnız təşəkkür etmək düşür.
JASMİN