Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Xaçmaz rayonunun Ağçay kəndində fiziki şəxs Sultanov Azər Adgözəl oğluna məxsus süd emalı sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi və çıxarışla təmin edilmədiyi, sanitar-gigiyena qaydalarına əməl olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu və digər nöqsanlar müəyyən edilib. Həmçinin sexdə mənşəyi məlum olmayan süddən hazırlanmış və üzərində etiket məlumatları olmayan, ümumi çəkisi 1500 kiloqram pendir aşkarlanıb.
İstehsal edilən pendir məhsulundan nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb.