Çernobılda baş vermiş məlum partlayışdan sonra ağır xəstəlik tapmış qadın Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEM-də süründürməçiliyə məruz qalıb...

Şikayətçinin "Təzadlar"a göndərdiyi ərizəsində deyilir: "Hörmətli “Təzadlar qəzeti, mən Rüstəmova Zülfiyyə Allahverdi qızı, yaşadığım Bryansk şəhərinin Novozıbkov şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Toksiki Ensefalopatiya xəstəliyinə düçar olmuşam. Bu səbəbdən həmin şəhərdə yaşayanlar məcburi köçürüldükdən sonra mən də həyat yoldaşım və iki övladımla birlikdə Azərbaycana xəstə kimi qayıtdım.

1986-cı ildən aldığım şüa ilə əlaqədar xəstəlikdən əziyyət çəkirəm. 35 ildir etdirdiyim müalicələrin heç bir nəticəsi olmayıb. Yaşadığım Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdayam. 2018-19-cu illərdə xəstəxanada üç dəfə müalicə olunmuşam. 17. 07. 2019-cu il tarixdə 29 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən 088 saylı göndəriş Tibbi Sosial Ekspertiza  Komissiyasına göndərilərkən 02. 12. 2018, 03. 03. 2019 və 04. 07.2019-cu il tarixlərdə xəstəxanaya müraciətlərimə dair sənədlər təqdim edildi. Komissiyanın cavab məktubunda imtinanın səbəbi əlavə müalicəyə ehtiyacın olması və ətraflı ixtisaslaşmış müalicə və müayinənin davam etməsi göstərilib. Komissiyanın tələblərinin yerinə yetirimək üçün 01.12.2018,17.07.2019 və 17. 10. 2019-cu ildə yenidən xəstəxanaya müraciət etməklə 2 dəfə O. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunduqdan sonra 12. 11. 2019-cu il tarixdə yenidən tərtib olunan «Forma-88» komissiyaya göndərilib. Bu dəfə isə komissiyanın cavab məktubunda Dövlət səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulduğu qeyd olunub. Həmçinin göstərilib ki, aldığım stasionar müalicə yetərli deyil, ixtisaslaşmış müalicə və müayinənin davam etməsi lazımdır. Odur ki, bu dəfə 15.04.2020, 16.06.2020,15.08.2020 və 22.09.2020-ci il tarixlərdə xəstəliyim ilə əlaqədar yenidən xəstəxanaya müraciət etmişəm. O cümlədən 23.09.və 10.01.2020-ci il tarixlərdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunduqdan sonra yenidən 29 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən «Forma 88» yazılaraq komissiyaya gındərildi. Yenidən heç bir əsas olmadan imtina edildi.

  Mən məcbur olaraq 2020-2021-ci il ərzində 4 dəfə xəstəxanaya müraciət etməklə 4 dəfə də stasionar müalicə olmuşam. Yenidən heç bir əsas olmadan mənə eyni məzmunlu imtina məktubları göndərilib. Görünür, komissiya tərəfindən təqdim olunan sənədlər oxunmur. Əgər oxunsaydı başa düşərdilər ki, məndə olan xəstəliyin müalicəsi yoxdur. Xəstəxanaya müraciət etməkdə məqsədim xəstəliyin yüngülləşdirməsidir. Əfsuslar olsun ki, həkim tibb komissiyasında xəstəliyimin mahiyyətini dərk etmirlər. Dərk etsəydilər, çox güman ki, məni bu imtiyazdan məhrum etməzdilər. Xəstəliyim ilə əlaqədar heç yerdə işləmirəm və heç bir yerdən əlavə gəlir yerim yoxdur. Odur ki, sağlamlıq imkanlarımın məhdudlaşdırılmasını nəzərə almaqla Sosial müavinətin verilməsinə köməklik göstərilməsi üçün aidiyyatı qurumların köməklik göstərməsini xahiş edirəm. Mümkünsə, bu ərizəmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova göndərin. İnanıram ki, sədr bu məsələdə ədalətli qərar verəcək".  

REDAKSİYADAN: şikayət məktubu tərəfimizdən aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova göndərildi. İnanırıq ki, hörmətli sədr şikayətçinin probleminin həllinə qanuni köməkliyini əsirgəməyəcək.

«Təzadlar»   

 

     

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN