Xuraman xanım Muradova: “İnsan üçün ən böyük şərt azadlıqdır. Azad olmayan insan heç bir gözəllikdən, uğurdan, sahibkarlıqdan danışa bilməz”
(Yazıçının gündəliyindən- 3-cü yazı)
Eşitdim ki, “Milan” Hospitalın yadıcısı, çox dəyərli ziyalı, xeyirxah insan Xuraman xanım Muradova Respubliaka Azad Sahibkar Qadınlar İctimai Birliyinin təsis etdiyi “Xurşudbanu Natəvan” mükafatına layiq görülüb. Bu mükafat qələbəmizdən sonra çox böyük dəyər və mahiyyət daşıyır. Ən əsası da Xan qızı, böyük xeyriyyəçi, Qarabağda maarifləndirmənin əsasını qoyanlardan biri, Qarabağ mədəniyyətinin, ədəbiyyatının, səhiyyəsinin inkişafında əvəzsiz xidmətləri olan gözəl şairə Xurşud Banu Natəvanın adını daşıyır. Qərara gəldim ki, Xuraman xanımla görüşüb söhbətləşim.
... Yol boyu 1985-88-ci illərdə Ağdamdakı stadionda, İmarətdə, Natəvan xanımın və Qarabağ xanlarının uyuduğu müqəddəs yerdə keçirdiyimiz “Natəvan” qızlar bayramı yadıma düşdü. Çünki o vaxtlar mən Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru kimi həmin bayramların ssenari müəllifi və quruluşçu rejissoru olmuşdum. Bu bayramın əsas qəhrəmanı təkcə Natəvan xanım deyildi. Bayram həm də rayonda bir ildə uğurlu işlər görən əmək adamlarına həsr olunurdu. Bayramın əsasını isə həmin vaxtlar Ağdam rayonuna rəhbərlik eləmiş, çox dəyərli ziyalı, böyük alim, ictimai xadim və bu ilin fevral ayının 4-də haqq dünyasına qovuşan Sadıq Murtuzayev qoymuşdu. Bu bayrama respublikanın demək olar ki, hər yerindən nümayəndələr gəlirdi. Bakıdan isə çoxlu alim, elm xadimi, şair, yazıçı, ictimai xadim gəlirdi.
Hətta bayramlardan birinə, səhv etmirəmsə, 1986-cı ildə Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi netçi- geoloq, millətimizin fəxri Fərman Salmanov da Moskvadan gəlmişdi. Bayram tədbiri başlamamışdan əvvəl Natəvan xanımın rolunu ifa edən, mərhum aktrisa, Əməkdar artist Simuzər xanım Namazova və onun yanında başqa faytonlarda əyləşən xanımlar Ağdamın mərkəzi küçələrindən keçərək hamını təbrik edir və insanların Ağdam satadionuna, İmarətə gəlməsini, orada keçiriləcək bayram şənliyində iştirak eləməsini deyirdilər. Sonra şənlik başlayırdı. Simuzər xanım Natəvan xanım rolunda özünəməxsus, yüksək səviyyədə və peşəkarlıqla bütün insanları təbrik edirdi. Yəni, bayrama toplaşanları böyük coşqu ilə salamlayırdı. Natəvan xanımın bir-iki şeirini deyirdi. Üç-dörd saat davam edən bu teatrlaşdırılmış tamaşada ən azında 400-500 adam iştirak edirdi. Onlar rəqslər oynayır, mahnılar oxuyur, Natəvanın və başqa şairlərin şeirlərini söyləyirdilər.
Bəli, bu bayram Qarabağda doğrudan da böyük el şənliyi olurdu. Yarandığı yeddi ildə təkcə ölkəmizin deyil, həm də çoxlu xarici dövlətin vətəndaşlarının şəfa tapdığı “Milan”Hospitalın yaradıcısına indi həmin mükafatın verilməsi çox təqdirəlayiq iş olduğuna görə mən, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin rəhbərlərini alqışlayıram. Atalarımız deyib ki, “xeyirxah iş yerdə qalmaz”. Xuraman xanım da böyük xeyirxahlığına görə bu mükafatı alıb:
-Xuraman xanım, Sizi bu mükafatı almağınız münasibətilə təbrik edirəm. Xüsusən də Vətən müharibəsindəki qələbəmizin bir illiyi astanasında. Həm də Sahibkar Qadınlar İctimai Birliyinin yaranmasının 20 illik yubileyində...
-Bu mükafat təkcə mənə deyil, həm də rəhbərlik etdiyim böyük bir kollektivə verilən mükafat olduğuna görə, buna çox sevinirəm. Qeyd etdiyiniz kimi, bu mükafatın mənə Vətən müharibəsində qələbəmizin bir illiyi ərəfəsində Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin 20 illiyinə həsr olunmuş tədbirdə verilməsi çox önəmlidir. Çünki ilk öncə bu mükafat İctimai Birliyin sədri, təşkilatçı xanım Zenfira xanım Ağayevanın təşəbbüsü ilə verildi. Həmin tədbirdə tanınmış sima Fəxriyyə xanım Xələfova da iştirak edirdi. O, bu Birliyin fəaliyyətinə çox köməklik edir, böyük dəstək olur.Tədbirdə, həmçinin Azərbaycanın əksər sahibkar qadınları var idi. Çoxumuz bir-birimizlə tanış olduq, nailiyyətlərimizdən söhbət açdıq. Tədbirdəki çıxışımda Zenfira xanıma dərin təşəkkürümü bildirdim. Əsasən vurğuladım ki, bu günki azad sahibkarlığı iyirmi il bundan qabaq bizə bəxş edən Ulu öndər, müasir Azərbaycanın memarı, qurucusu Heydər Əliyev olub. Bu dahi şəxsiyyət əlindən gələni edirdi ki, Azərbaycanda sahibkarlıq geniş vüsətlə inkişaf eləsin. Ondan sonra Azərbaycana rəhbərlik edən cənab İlham Əliyev Ulu Öndərin siyasi və iqtisadi kursunu daha yüksək səviyyədə davam etdirdi. Məhz buna görə də bu gün Azərbaycan sahibkarları dünya sahibkarları arasında layiqli yer tuturlar. Sevindirici haldır ki, bu müqəddəs işdə cənab İlham Əliyevə Vitse-prezident Mehriban xanım Əliyeva da çox böyük köməklik edir. Bizm üçün böyük fəxrdir ki, bu iki liderin sayəsində biz sahibkar qadınlar işlərimizi istədiyimiz kimi qurur və xalqımıza köməklik edirik. Fəaliyyətimizə heç kəs maneçilik eləmir. Biz, həmçinin Vətənimiz üçün canlarından keçən şəhidlərimizə və sağlamlıqlarını itirən qazilərimizə borcluyuq. Çünki bu gün qalib xalq kimi hamımız başda Ali Baş Komandanımız olmaqla, məhz onlara minnətdarıq. Qələbə qazanmağımız biz sahibkarları da çox ruhlandırıb. Tədbirdə eyni zamanda onu da vurğuladım ki, aldığımız bu mükafatda igidləri yola salan anaların, onların xanımlarının, “Get vuruş, torpağımız azad olsun. Biz qız-gəlinlər əsir düşməyək”, -deyən bacılarının, gözləri yolda qalan, həsrətlə ata yolu gözləyən balalarımızın da payı vardır. Əldə etdiyimiz hər bir uğur, mükafat zamanı hökmən bunları deməliyik. Qətiyyətlə deyə bilərəm ki, azad olunmuş Qarabağımızın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin qanı var. Bu gün Sahibkar Qadınlar İctimai Birliyinin 20 illiyini qeyd elədiyimiz bir vaxtda, Azərbaycanın hansısa bölgəsində oğul həsrəti ilə gözü yolda qalanlar var. Biz də öz növbəmizdə həmin ağsaçlı ataları, anaları, gəlinləri, bacıları, övladları yaddan çıxarmamalıyıq. Onlara əlimizdən gələn bütün köməkliyi eləmək bizim mənəvi borcumuz olmalıdır. Çünki biz igid övladların sayəsində öz işlərimizi qururuq. Onlar özlərini bu müqəddəs torpaqda əkdilər. Qanları ilə bu torpağı suladılar. Şəhidlərimiz itmiş namusumuzu, adımızı, şərəfimizi geri qaytardılar. Şuşa qalasını almaq elə də asan bir iş deyildi. Dünya xalqlarının hərbçiləri hələ də bu işə mat qalıblar. Hər bir xalq azad torpağı, azad milləti və qüdrətli ordusu ilə güclüdür!
- Azad ölkənin Azad Sahibkar Qadınlar İctimai Birliyinin yaranması da çox böyük işdir. Deməli, artıq 20 ildir ki, siz bu qurumdasınız. Ataların müdrik məsəli var: “Güc birlikdən doğar”. Xahiş edirəm, bu təşkilatın üzvü kimi fəaliyyətinizdən danışasınız.
- Mən çox şadam ki, bu təşkilatın ilk üzvlərindən biriyəm. Təşkilat yaranan vaxtdan öz məqsədinə, ənənəsinə sadiq qalır. Təşkilatçı Zenfira xanım Ağayeva çox sağ olsun ki, bu təşkilatın möhkəmlənməsində səbrlə böyük işlər görür. Biz vaxtaşırı bir yerə toplaşır, görəcəyimiz işləri müzakirə edir, fəaliyyət istiqamətlərimizi müəyyənləşdiririk. Bu tədbirimiz də yüksək təşkilatçılıqla keçirildi. Fəxriyyə xanım Xələfova da tədbirimizin keçirilməsində çox böyük dəstək oldu. Tədbirin əvvəlində Azərbaycan himni səsləndi. Hamımız qalib ölkənin xanımları olaraq himni böyük həvəslə oxuduq. Ən sevindirici hal odur ki, burada xan qızı Xurşudbanu Natəvan adına mükafat təkcə Azərbaycanda yox, həm də xarici ölkələrdə sahibkarlıq sahəsində öz işini yaxşı bacaran və böyük uğurları olan bir neçə xanıma verildi. Bu, böyük stimuldur. Deməli, fəaliyyətimiz respublika səviyyəsində dəyərləndirilir. İnanıram ki, gələcəkdə də təşkilatımızın üzvlərinin sayı artacaq, uğurlarımız bol olacaq, respublikamızın inkişafına mühüm töhfələr veriləcəkdir.
-Tanınmış qadın sahibkar kimi uğurunuzun əsasını necə səciyyələndirirsiniz?
-Biz sahibkar xanımların respublikada və ondan kənarlarda böyük iş qurmasında ökləmizin Birinci vitse-prezidenti, igid xanım - Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Mehriban xanıma igid xanım deməyimin səbəbi var. Mehriban xanım ona görə igid xanımdır ki, 44 günlük Vətən müharibəsində çox böyük qələbə qazanmağımızda Ali Baş Komandanımızla çiyin-çiyinə addımlayıb. Özü də Prezidentimiz kimi hərbi geyimdə. Bu, danılmazdır. Deməli, o da öz ağlı, bacarığı, səbri ilə döyüşürdü. Bu müharibədə təkcə güc, silah döyüşmürdü. Həm də ağıl, bacarıq və ən əsası isə böyük maliyyə vəsaiti var idi. Çünki bu döyüşdə dünya hərb elminin son nailiyyətləri olan silahlar var idi. Bəli, bir daha vurğulayım ki, bu işdə Mehriban xanım Prezidentə çox böyük dəstək oldu. Otuz ildən çox müddət ərzində biz namərd, gavur qonşularımıza görə çox çətinliklə yaşamışıq. Bu illərdə xeyli qaçqınımız, köçkünümüz, əsirimiz, şəhidimiz olub. Hansı ölkə bizim yerimizə olsaydı, bütün bu illərdə dirçələ bilməzdi və 44 günə belə böyük qələbə çala bilməzdi. Bu illərdə ilk öncə ölkə başçılarımız ulu öndər Heydər Əliyevin və cənab prezidentimiz İlham Əliyevin yeganə ali məqsədi belə olub: Azərbaycanda iqtisadiyyatı, sənayeni, sahibkarlığı dirçəltmək. Respublkamıza xarici ölklərdən böyük maliyyə gəlirləri gətirmək. Bütün bunlar özünü tam doğrultduğuna görə bu gün Azərbaycan MDB ölkləri arasında ən yüksək yerdə durur. Mənə elə gəlir ki, insan üçün ən böyük şərt azadlıqdır. Azad olmayan insan heç bir gözəllikdən, uğurdan, yaxşı nəticədən danışa bilməz. Bizim iqtisadiyyatımız da azad olduğuna görə böyük uğurlar qazana bilirik. Bunu elə mən öz simamda görürəm. Sahibkarlıqla məşğul olduğum illərdə uğurları əbəs yerə əldə etməmişəm. Bunun arxasında dərin ağıl, yuxusuz gecələr, ağır zəhmət, gərgin əziyyət, ağarmış saçlar, hədsiz səbr, dözüm və ən əsası böyük inam dayanır. İnam - insanın söykəndiyi ən uca dağdır. Axı sahibkar olmaq elə də asan deyil. Asan olsaydı, hamı sahibkar olardı. Sahibkar o deməkdir ki, sən nəyinsə sahibisən. Təbii ki, həyatda hər şey, mal da, mülk də Allaha məxsusdur. Bu iş isə Allah tərəfindən müəyyən dövr üçün bizə verilmiş bir məsuliyyətdir. Böyük Tanrı deyib ki, “mən bu mal-mükü sənə müəyyən müddətə əmanət verirəm. Görüm sən bundan necə istifadə edəcəksən, onu necə idarə edəcəksən. Hesab edirəm ki, rəhbərlik etdiyim”Milan” Hospitalda bizi ümid çırağı bilərək bizə müraciət edən xəstələrin qulluğunda lazımi səviyyədə dayanmalıyıq. Onlar burada gerçəkdən şəfa tapmalıdırlar. Burada məsuliyyətlə çalışan insanlar da öz ailələrini halallıqla dolandırmalıdırlar. Ona görə də Allahın biz sahibkarlara verdiyi ruzini ətrafımızda olanlar arasında haqq-ədalətlə düzgün bölməliyik. Əgər bunu edə bilsək, onda biz özümüzə bir sahibkar kimi baxa bilərik... Sonda haqq dünyamıza bizimlə birgə qazandığız mal-mülk yox, yalnız əməllərimizin hesabı gedəcək.Ona görə də bir daha vurğulayıram: Yaradana şükürlər! Bizə belə böyük mükafatı verənlər var olsun! Azad ölkəmizin azad insanları, sahibkarları var olsun! Qalib ölkənin Ali Baş Komandanına, Birinci Vitse-prezidentə eşq olsun!
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
P.S. Xurşudbanu Natəvan adına mükafatı Xuraman xanımın otağında, masanın üstündə görəndə fikirləşdim ki, xan qızının da ruhu burada, bizimlədir. Söhbətimizə diqqətlə qulaq asır. Həmin ruh bizə deyir: “Mən vaxtilə Qarabağda səhiyyənin də inkişaf etməsində əlimdən gələni etmişəm. Çünki mənim bir amalım olub. Sağlamlığın keşiyində durmaq. Yəqin zaman gələcək, “Milan” Hospitalı doğulduğum Şuşada filialını yaradacaq və bütövlükdə Qarabağ insanlarına xidmət edəcək...”