Tanınmış jurnalist, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Natiq Qasımovun ailəsi ilə həmsöhbət olub, onun döyüş yoldaşlarının xatirələrini toplamaqdadır…

 «Düşünürəm ki, ölümündən 32 il sonra qəhrəmanlığına bəraət alan, Azərbaycan Prezidentinin Sərəncamı ilə Milli Qəhrəman Fəxri adına layiq görülən Natiq Qasımovun qəhrəmanlıq dastanı yazılmalı, gələcək nəsillərə ötürülməli, dünya ictimaiyyətinə çatdırılmalıdır ki, ermənilərin kimliyi hər kəsə bəlli olsun…».

  «Təzadlar» qəzetinin baş redaktoru, jurnalist Asif Mərzili qəhrəmanlığı dillərdə əzbər olmuş Natiq Qasımov haqqında yazmağa başladığı yeni əsərindən danışarkən belə dedi. Yazıçı-publisist yeni bədii əsərindən bəhs edərkən əlavə olaraq bunları bildirdi: «…Azərbaycanın müharibə tarixində çoxsaylı igid oğlanlarımız və qızlarımız olub. Onların bir çoxu Milli Qəhrəman və yaxud Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüblər. Bu qəhrəmanlarımızın böyük əksəriyyəti şəhid olublar. Lakin Natiq Qasımovun qəhrəmanlığının fəlsəfəsində başqa bir məna da yatır: o açıq döyüş meydanında deyil, düşmənlə üzbəüzdə- düşmən mühasirəsində neçə gün ac-susuz qalaraq döyüşüb, atışıb, düşməni məhv edib və sonadək düşmənə baş əyməyib. Lakin sonra çoxsaylı Xocalı girovlarının xilası naminə həyatına qıyıb, təslim olub… Təsəvvür edirsinizmi, ermənilərin dini məbəd saydıqları Allahın evində- kilsədə bir insan torpağını düşməndən müdafiə etmək üçün, haqq və ədalət uğrunda mübarizə aparır-döyüşür, həyatına qıyır, hər an ölümlə üz-üzə qalır… Haqsız olan, torpaq iddialı düşmən isə min bir hiylə ilə onu məhv etməyə çalışır, amma bu baş tutmur, Allahın evi oradan sağ çıxmağında Natiqi mühafizə edir, qoruyur… Və sonda Natiq Qasımov ölümü ilə düşmənə dərs verir, qalib olur, Qəhrəman olaraq qalır! Hazırda bu əsər üzərində çalışıram, xarici mənbələrdə olan və Natiq Qasımovla birgə döyüş yolu keçmiş hərbçilərimizin xatirələrini toplayıram. Həmin məşhur kilsənin yerləşdiyi coğrafi ərazi də mənə tanışdır, ərazini canlı olaraq görmək üçün bölgəyə getməyə hazırlaşıram… İnanıram ki, görmək istədiyim bədii əsər yazılacaq. Təkrar edirəm, Natiq Qasımovun qəhrəmanlıq dastanı ibrətamizdir, qeyri-adidir, müharibə tariximizin şərəfli səhifələrindən biridir. Biz yazarların da borcu bu qəhrəmanlığı dünyaya çatdırmaqdır…».

Elçin Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN