Təkcə Türkiyə üçün deyil, türk dünyası və bəşəriyyət üçün terror təhlükəsinin müəllifi olmuş Abdullah Öcalanı yaxalama əməliyyatında girov düşüb işgəncələrə məruz qalmış Salih KURT «Təzadlar»a 22 il sonra Türkiyə Milli Müdafiə Nazirliyində aşkarlanmış bir sirri danışdı…
Qısa olaraq deyək ki, Salih Kurt 1997-1998-ci illərdə Türkiyə Baş Nazirliyinə terror başçısı Abdullah Öcalanın Suriyadakı yerini bildirmiş və ilk həbs qrupunun toplanmasında mühüm rol oynamışdır. Salih Kurt həm də 1998-1999-cu illər arasında Baş Nazirliyin Terrorla Mübarizə üzrə Yüksək Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb (5188 Çavuş rütbəsi ilə). O, Öcalanın yaxalanma əməliyyatı zamanı girov düşüb və ağır işgəncələrə məruz qalıb… Sonralar səhhətinin pisləşməsi səbəbindən 2009-cu ilə qədər müalicə olunub və bu günədək- 22 ildir haqqını tələb edir, amma müəyyən səbəblərdən bəzi dairələrdə buna imkan verilmir. Bəs buna səbəb nədir? Niyə Öcalan kimi terrorçunun yaxalanmasında xidməti olan, bu yolda ağır işgəncələrə məruz qalan bir şəxsə qarşı ədalətsizlik edilsin? Yoxsa hansısa bir gizli əl öz işinimi görür???
Beləliklə, Öcalanın həbsində rolu olan şəxsin dindirilmə və işgəncəyə məruz qalmasına dair hesabatlarda onlarla şahidin ifadəsinə baxmayaraq, bunlar 22 ildir bütün rəsmi orqanlardan, Türkiyənin DGM məhkəmələrindən və xüsusi səlahiyyətli prokurorlardan gizli saxlanılmış, nəhayət, poçtla Türkiyə Prezidentinin Aparatına göndərilmişdir. Bu barədə Salih KURT «Təzadlar»a açıqlamasında bildirdi.
İnanılmazdır, 2005-ci və 2012-ci illərdə müsadirə edilərək götürülmüş bəzi elektron materiallar (kompüterlər və sərt disklər, işgəncə sənədləri və fotoşəkillər xüsusi səlahiyyətli prokurorlar və Türkiyə DGK məhkəmələrinin birgə əməkdaşlığı sayəsində yalnız 22 ildən sonra Milli Müdafiə Nazirliyinin arxivində tapılmışdır. Məlum olur ki, işgəncə qurbanı, işgəncədən sonra 1,5 il müddətində 7 xəstəxanada müalicə almış Salih KURT üçün xəstəxana qeydlərində işgəncə faktının olduğu açıq-aşkar görünsə də, sonda ona haqqının qazanılmasına mane olunmuşdur. Qartal Anadolu Ədliyyəsinin xüsusi səlahiyyətli prokurorunun 2018-ci il tarixli, 41762 saylı istintaq materiallarını təhlil edərək verdiyi rəsmi sorğusuna aldığı rəsmi cavabında da xəstəxanadan işgəncə qurbanının nə müalicə aldığı xəstəxananın adı, nə də işgəncəli rəftarın olmadığı bildirilib. Hətta Baş Qərargah polkovniki Məsud Çətinin imzaladığı 13.09.2000-ci il tarixli, 10848 saylı xəstəxana qeydlərindən də açıq şəkildə görünür ki, işgəncə faktları nə dərəcədə olmuşdur. Arayışda bir çox şahidlərin, eləcə də şahid M.Tokurun da dediyi kimi, daxil olarkən işgəncə qurbanının ağır qanaxmaları (yaralı) olduğu aydın görünür.
Daha bir vacib məqam: hətta Ankara GATA Gülhanə Hərbi Tibb Akademiyasının torakal cərrahiyyə reanimasiya şöbəsində müalicə alarkən Salih KURT-a sui-qəsd cəhdi də edilib.
***
Salih KURT bizimlə söhbətində maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, o, bu günədək haqqının tanınmasında və Öcalanın yaxalanması zamanı məruz qaldığı işğəncə faktlarını aidiyyəti dövlət qurumlarına sübut etməkdə olduqca çətinlik çəkib. Və bununla bağlı ötən zamanlarda bir neçə dəfə Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib. Sonuncu dəfə Prezidentlə təkbətək görüşəndə və bu məsələni söyləyib kömək edilməsini rica edəndə cənab Prezident Ərdoğan hansısa hesabatın belə ortada olmamasına baxmayaraq, “Narahat olmayın, Sizi çox gözlətməyəcəyik”, -deyib.
Beləliklə, Öcalanın həbsi əməliyyatları ilə bağlı olan sirlər 22 il sonra Türkiyə Milli Müdafiə Nazirliyinin arxivində tapıldı. Deməli, ortaya çıxarılan hesabatların açıqlanmasının ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın verəcəyi qərar olduqca maraq doğuran mövzu olacaq. Axı necə ola bilər ki, Türkiyəmiz, bütövlükdə türk dünyası və bəşəriyyət üçün təhlükəli terrorçu olan Öcalanın tutulması əməliyyatında ziyan çəkmiş, işğəncələrə məruz qalmış bir şəxsin sənədləri dövlətdən və cəmiyyətdən 22 il gizli saxlanılsın?! Bunun arxasında kimlər durub???
Asif MƏRZİLİ