“Azercell” bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir. Baxıram ki, ölkənin ən öndə gedən mobil operatoru "5G-nin sınaqdan keçirilməsi haqqında" məlumatı beynəlxalq konfrans iştirakçıları ilə bölüşür. Hətta qürurla bununla bağlı açıqlama da yayır.
Bu fikri Multi-Media Mərkəzinin rəhbəri, İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bununla da “Azercell” sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoymuş olur.
Ekspert region ölkələrinin artıq sınaq işlərini başa vurduğunu, 5 G şəbəkəsini qurduğunu və bunun üzərində biznes şəbəkələrini də inkişaf etdirdiklərini diqqətə çatdırıb, "Azercell"i isə hələ də Bakının "Tarqovı"sında ilişib qalmaqda qınayıb və bunu biabırçılıq adlandırıb.
"....Hansı ki, bu gün konfrans zalında onlarla yanaşı əyləşən regionun bütün ölkələri "Azercell"in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar. Azercell isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün Torqovı-ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də Torqovıda ilişib qalıb. Sadəcə biabırçılıqdır", - deyə o, bildirib.
Osman Gündüz təklif də irəli sürüb:
"Ən doğrusu o olardı ki, "Azercell" aidiyyatı qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər 5G tezliyinin üstündə "oturanlarla" problemi həll edəydi. Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir.
Gərək xeyli öncədən, "Azercell" və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə "oturanlarla" dil tapıb, hökümətə bununla bağlı təkliflər verəydi", -deyib.
Onun sözlərinə görə, baş verənlərdən belə görünür ki, "Azercell" və digərləri müftə, göydəndüşmə tezlik gözləyir - yəni, dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli , yalvar-yaxar etməli və operatorlara bu tezliyi hədiyyə etməlidir.
"Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı", - deyə Osman Gündüz diqqətə çatdırıb.
Xatırladaq ki, 2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operatoru da "Azercell" olub.
JASMİN