"Caucasus Ventures" vençur fondunun direktoru Məmməd Kərim Bakıda keçirilən Fintex Forumunda bildirib ki, Azərbaycan bazarında "Unicorn" şirkətlərin fəaliyyət göstərməsi hazırda məqsədəuyğun deyil və reallıqdan uzaqdır.
TEZADLAR.AZ xəbər verir ki, şirkət rəhbəri bildirib ki, Azərbaycanda "Unicorn" şirkətləri xarici bazara çıxmaq üçün yaratmaq olar, lakin biz bu məsələni məqsəd olaraq görməməliyik.
"Bunun əvəzinə texnoloji innovasiyalara cavab verən və tələblərə uyğun gələn startaplar yaratmalıyıq. Azərbaycanda bazara uyğun gələn və sağlam texnoloji həllər təklif edən adi şirkətlər daha uğurla fəaliyyət göstərə bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, "Unicorn" ("taybuynuz") bir milyard dollar və ya daha yuxarı qiymətləndirilən startapdır. Bu cür şirkətlər nadir olur və sürətlə böyüyərək böyük investisiyalar cəlb etmək qabiliyyətinə görə qiymətləndirilir.
Misal üçün, "Uber" "Unicorn"un ən tanınan nümunələrindəndir. Taksi və karşerinq xidmətləri göstərən beynəlxalq şirkət olan "Uber" ənənəvi daşınma sektorunu əhəmiyyətli dərəcədə dəyişərək "Unicorn" statusu əldə edib.
İlon Maskın "SpaceX" şirkəti "Unicorn"a çevrilərək kosmik uçuşlar və kosmosun tədqiqi sahəsində innovativ texnologiyaların cəlbi üçün mühüm investisiyalar cəlb edib. Çinin videoçarxlar paylaşmaq üçün "TikTok" tətbiqi də bütün dünyadakı populyarlığı sayəsində "Unicorn"a çevrilib.
Dünya üzrə unicornlar daha çox Çin, ABŞ, Hindistan, Cənubi Koreya və Böyük Britaniyada yaranır və inkişaf etməkdədir.