Azərbaycanda idarəetmə sahəsində çox pis bir ənənə formalaşmaqdadır…

Bu barədə Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz özünün sosial platforma səhifəsində yazıb. Ekspert yazır: «Prezident aktual, strateji əhəmiyyət kəsb edən vacib məsələ ilə bağlı ciddi bir fərman imzalayır. Aidiyyatı qurumlara konkret müddət göstərməklə tapşırıqlar verilir. Vəssalam, bundan sonra sanki quyuya daş atılır. Tapşırıqlar nəinki həmin müddət, hətta uzun müddət, uzun illər icra olunmur…».

Osman Gündüz konkret misallar gətirir: «…Ötən ilin bu günü Prezident “Rəqəmsal Azərbaycan” konsepsiyasının hazırlanması ilə bağlı fərman verib. Bu fərmana görə Nazirlər Kabineti 4 ay ərzində Konsepsiyanı hazırlayıb Prezidentə təqdim etməliydi. Bu gün fərman veriləndən bir il keçir. Hələ də Konsepsiyadan xəbər yoxdur. RİNN rəsmiləri çıxışlarında Konsepsiyanın çoxdan hazırlandığını və aidiyyatı qurumların razılaşdırmasına verildiyini bildiriblər. Onda belə çıxır ki, bu cür strateji bir sənəd hansısa bir mərkəzi orqanda ilişib qalıb, güman ki, heç gedib NK-ya da çatmayıb. Daha bir nümunə. Ötən ilin bu ayı Prezident daha bir vacib məsələ ilə bağlı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar tapşırıq verib. Bir il tamam olub. Maraqlıdrı ki, ölkədə “Ağıllı şəhər” və “Ağıllı kənd” quruculuğu istiqamətində ciddi işlər də aparılır. Bu gün-sabah güman ki, Prezident Qarabağda layihələndirilən “Ağıllı şəhər”in açılışını da edəcək. Amma qəribədir ki, konsepsiya ortada yoxdur. Bu sənədin layihəsinin də çoxdan hazırlanaraq razılaşdırmalara verildiyi bildirilirdi. Güman etmək olar ki, yenə haralardasa, hansısa mərkəzi icra qurumunda, kiminsə stolunun üstündə razılaşma gözləyir". 

Ekspert mövzuya belə bir sonluq gətirib: «Bu qeyd etdiklərim hələ şükürlüdür, Prezident tərəfindən onların tapşırığı ötən il verilib. Amma elə sənədlər var ki, onların hazırlanması tapşırığı illər öncə verilibdir. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik konsepsiyasının hazırlanması üçün 4 il öncə, İnnovasiyaların inkişafı konsepsiyasının hazırlanması üçün isə 3 il öncə Prezident fərmanı ilə tapşırıqlar verilib. Cavabdeh qurumlar tərəfindən bu sənədlərin layihələrinin də hazırlanıb başa çatdırıldığı bildirilsə də hələ də bu sənədlər ortada yoxdur. Güman ki bunlar da hansıa mərkəzi orqanlarlda razılaşmalardadır. Təsəvvür edin ki, bu sənədlərin adında “innovasiya”, “rəqəmsallaşma”, “texnologiya” sözləri var. Hansı ki bu sahələr nəinki illər ərzində, hətta hər gün dəyişir. Belə olduğu təqdirdə bu tip sənədlərin bu qədər ləngidilməsi yolverilməzdir. Bununla bağlı məsuliyyət gücləndirilməlidir. Düşünürəm ki, Prezident Administrasiyasında icraya nəzarət şöbəsi yeni yanaşmalar tətbiq etməlidir. İcraya nəzarətlə bağlı yaradılan elektron sistemə ictimai nəzarət imkanları yaradılmalıdır. İcraya nəzarət sərtləşdirilməlidir. Məsələn, hansısa layihənin razılaşmaları üçün də konkret bir vaxt müəyyən etmək lazımdır…».

Bəli, O.Gündüz haqlı olaraq qeyd edir ki, problemin həlli üçün bir optimal yol var: çalışmaq lazımdır ki, hansısa bir sənədin layihəsinin hazırlanması prosesi, onun gedişi də şəffaf olsun, cəmiyyət görsün ki, sənəd hansı dövlət qurumunda və nə üçün “ilişib qalıb”. Yalnız belə olarsa, vəziyyətin düzələcəyinə inam artar…

Təqdim etdi: A.Məmmədli

***

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN