“Ukrayna ilə eyni səbətdə olmaq istəyən ölkələr Ukraynanın cavab verdiyi yüksək standartlara cavab verməlidir."
Ukrayna Moldova ilə birlikdə Aİ-yə qoşulmaqdan məmnun olacaq və ölkələrin eyni sürətlə irəliləməsində maraqlıdır.
Bu sözləri Ukraynanın baş nazirinin Avropa və avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev heç vaxt Ukrayna və Moldovanın Aİ-yə qoşulması məsələsini bir-biri ilə əlaqəli hesab etməyib, lakin Aİ üçün bu cür paket həllər ənənədir.
O, Gürcüstanın bu genişlənmə üçlüyünün bir hissəsi olmamasından təəssüfləndiyini bildirib.
Stefanişinanın fikrincə, Aİ-nin Gürcüstana namizəd statusu verməkdən çəkinməsinin əsas səbəblərindən biri onun Avrointeqrasiya kursunun müəyyənliyi və dönməzliyinə ictimai rəy və hökumət səviyyəsində şübhələr olub.
Ukrayna məsələsində Stefanişina qeyd edir ki, cavab birmənalı olub: məsələyə baxılan zaman vətəndaşların Aİ üzvlüyünə dəstəyi 91% olub və Avropaya inteqrasiya kursu 2014-cü ildən dəyişməz qalıb və Konstitusiyada təsbit olunub.
"Moldova və Gürcüstan məsələlərində bəlkə də bu məsələlərin qiymətləndirilməsi lazım idi və gələcəkdə Gürcüstan kimi ölkələrin Avropa istəkləri baxımından bu qədər proqnozlaşdırıla biləcəyinə əminlik yox idi. Hesab edirəm ki, bu, müstəsna əhəmiyyət kəsb edirdi... Əminəm ki, Gürcüstan vətəndaşları öz mövqelərini dəqiq dəyişmirlər, lakin onlar müəyyən siyasi proseslərin girovudurlar”, - baş nazirin müavini qeyd edib.
O, Gürcüstanın keçmişdə əldə etdiyi mühüm islahat nailiyyətlərinin dövlət daxilində müəyyən siyasi münaqişələr nəticəsində məhv edilə biləcəyindən narahatlığını ifadə edib. "Biz bu vəziyyəti müşahidə etdiyimiz üçün çox təəssüflənirik. Amma biz onu da başa düşürük ki, Ukrayna ilə eyni səbətdə olmaq istəyən ölkələr Ukraynanın cavab verdiyi yüksək standartlara cavab verməlidir", - Olqa Stefanişina vurğulayıb.
***
Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyası (AK) Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsinə baxılmasını 2023-cü ilə qədər təxirə salmaq qərarına gəlib.
Beləki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Maykl Rupp bildirib ki, əvvəlcə Tbilisinin Aİ-yə inteqrasiyasının növbəti mərhələsi məsələsinə 2022-ci ilin dekabrında baxılacağı planlaşdırılırdı.
O, təxirə salınma qərarının "diqqətli siyasi müzakirələrdən" sonra verildiyini vurğulamışdı.
Belə görünür ki, Stefanişanın açıqladığı səbəbə görə sonradan fikir dəyişilib...
Y.MƏMMƏDLİ