Bildiyimiz kimi, Azərbaycanın regionlarında istirahət etmək çox bahalıdır – xidmətlər, oteldə gecələmə və s.

Və bu səbəblər, nəinki xarici vətəndaşları, hətta yerli vətəndaşları belə bölgələrdəki otellərə, istirahət mərkəzlərinə üz tutmaqdan vaz keçirir. Belə yerlərin bir çoxunda 1 günlük istirahət, bəzən orta gəlirli vətəndaşın bir aylıq məvacibi hesabına başa gəlir…

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov  turistləri Azərbaycana gəlməkdən gen salan -  turizm xidmətlərinin, tur paketlərin qiymətinin baha olması səbəblərindən danışarkən bildirib ki, qiymətlərin bahalığı regionlarda otellərin sayının az olması ilə əlaqədardır.

“ Təəssüf olsun ki, bəzi rayonlarımızda cəmi 1-2 otel var. Rayonlardakı otellərin, istirahət mərkəzlərinin sayı nə qədər çox olarsa, qiymətlər də o qədər münasib olar. Bazar özü bu qiymətləri tənzimləyəcək. Bu baxımdan, rayonlarda otel və istirahət mərkəzlərinin sayı artırılmalı, aşağı büdcəli otellər açılmalı, yerli insanlar turizm sektoru üzrə iş yerlərinə, xüsusilə turizm menecmenti sahəsinə cəlb edilməli, yerli turizm menecmentləri hazırlanmalıdır”, - o, vurğulayıb.

 Həmçinin o, yerli sahibkarlara otel tikintisi üçün subsidiyaların verilməsinin də vacibliyini qeyd edib.

“… Yerli sahibkarları otel inşaatı ilə maraqlandıra bilsək, onlara subsidiyalar verilsə, otellərin sayı artar və qiymətlər tənzimlənərək rəqabətə daha dözümlü olar”, - deyə sədr təklif verib.

 ***

Xatırladaq ki, turizmin inkişafını nəzərdə tutan layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 234 turizm layihəsinin maliyyələşdirilməsi məqsədilə 60,3 milyon manat güzəştli kredit vəsaiti ayrılıb.

2022-ci ilin ötən dövrü ərzində isə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 milyon manat güzəştli kredit verilib.

Dövlət zəmanətli kredit və subsidiya mexanizmi 2022-ci ildə başa çatıb və bu proqram çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verilib. Zəmanət verilmiş kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.

Lakin görünən budur ki, hələ də Azərbaycanda turizmin inkişafı zəifdir və turist cəlb etməkdə qonşu ölkələrdən çox geri qalmışıq...

 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN