Sağlamlıq və təhlükəsizlik xidmətləri şirkəti olan International SOS 2023-cü il üçün ölkələrin turistlər üçün təhlükəsizliyinə dair reytinq proqnozunu tərtib edib.
Reytinqə görə, təhlükəsizlik üzrə lider ölkələrlər - İsveçrə, Sloveniya, Finlandiya, Norveç və Danimarkadır. Həmçinin reytinq tərtibçiləri təhlükəsiz ölkələr sırasına Avropa ölkələrinin, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qətər, BƏƏ, ABŞ, Oman, Tailand və digərlərinin adlarını da qeyd ediblər.
Bu ölkələrdə zorakılıq cinayətləri çox aşağı səviyyədədir, heç bir siyasi təzyiq, vətəndaş iğtişaşları, əcnəbilərə qarşı dini və ya irqi təcavüz yoxdur, həm də təhlükəsizlik və fövqəladə hallar xidmətləri, nəqliyyat sektoru səmərəli işləyir.
Əfqanıstan, Ukrayna, Suriya, Mali, Liviya, İraq, Yəmən və Somali isə turistlər üçün ən təhlükəli ölkələr kimi tanınıb.
***
Qeyd edək ki, hazırda Əfqanıstanda hakimiyyətdə müvəqqəti hökumət kimi “Taliban” təmsil olunur və ölkədə qarşıdurma, özbaşınalıq davam edir, Ukraynada isə Rusiyanın hərbi müdaxiləsi səbəbində son bir ilə yaxındır ki, dəhşətli müharibə gedir, ölkə nəinki turist qəbul etmək iqtidarında deyil, əksinə əhalisinin 7 milyondan çoxu Aİ ölkələrinə sığınmaq məcburiyyətində qalıb. Digər adları qeyd edilən ölkələr də uzun illərdir ki, həm daxili, həm də xarici çəkişmələrdədir...
JASMİN