Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan: "Məqsədimiz bir il ərzində zəlzələdən ziyan görmüş şəhərlərimizi normal həyata qaytarmaqdır”.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan dünən Malatyada verdiyi açıqlamada zəlzələ fəlakətindən sonra axtarış-xilasetmə, dağıntıların aradan qaldırılması, təcili yardım və müvəqqəti sığınacaq kimi işlərlə yanaşı, daimi yaşayış evlərinin tikintisi ilə əlaqədar hazırlıqlara başladıqlarını bildirib.
Dövlət başçısı qeyd edib ki, zəlzələ bölgəsində ümumilikdə 650 min mənzil inşa ediləcək, onlardan 319 mininin 1 il ərzində təhvil edilməsi gözlənilir.
Qeyd edək ki, Türkiyədə fevral ayında baş vermiş zəlzələ qurbanlarının sayı 50,5 min nəfərə çatıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu günkü açıqlamasında bu barədə məlumat verib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ 4 ballıq təkanlarla hələ də davam etməkdədir.
İnanırıq ki, Türkiyə tezliklə bütün zəlzələ bölgəsinə yenidən nəfəs verəcək, həyat yenidən canlanacaq.
Y.MƏMMƏDLİ