“Özbəkneftqaz” "Taliban"ın iddiasını təkzib edib.
Əfqanıstan hakimiyyəti neft məhsullarının keyfiyyətinin aşağı olması səbəbindən 67 yanacaq çənini Özbəkistana qaytarmaq qərarına gəlib.
Bu barədə avqustun 6-da Əfqanıstanın Milli Standartlar Agentliyi (ƏMSA) məlumat yayıb.
“Milli Standartlaşdırma İdarəsi keyfiyyət problemlərinə görə ilk dəfə olaraq 67 neft vaqonunu Özbəkistana qaytarıb”,- məlumatda deyilir.
Dövlət qurumu onu da əlavə edib ki, keyfiyyətsiz neft məhsullarının idxalının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirirlər.
“Özbəkneftqaz” şirkətindən isə bildirilib ki, cari il iyunun 24-26-da “Uzbekistan GTL” “Taliban”a yanacaq alıcısı və tədarükçüsü qismində çıxış edən adı açıqlanmayan türk şirkəti ilə bağlanmış müqavilə əsasında 3,4 min ton (67 vaqon) məhsul göndərib.
Alıcıya izah edilib ki, Əfqanıstana göndərilən sintetik dizel komponenti O’zDSt 3134-2017 dövlət standartı əsasında EN 15940 Avropa standartına uyğun istehsal olunur.
“Bu günə qədər bu standart Əfqanıstanda tətbiq edilməyib. Məhsulun ixracı zamanı sintetik dizel yanacağı və onun komponentinin ƏMSA-da qeydiyyatdan keçmədiyi alıcıya çatdırılıb. Alıcı bildirib ki, məhsulun Əfqanıstan bazarına ənənəvi dizel yanacağı ilə qarışıq şəklində idxalı planlaşdırılır”, - “Özbekneftqaz”ın açıqlamasında bildirilir.
Şirkət 3,4 min ton məhsulun ödənişinin tam olaraq alındığını, yanacağın özünün isə Əfqanıstan hakimiyyəti tərəfindən Özbəkistan GTL zavoduna keyfiyyətsiz məhsul kimi geri qaytarılmadığını vurğulayıb.
Statistika Agentliyinin məlumatına görə, 2023-cü ilin ilk dörd ayının nəticələrinə görə, Əfqanıstan və Özbəkistan bir-birinə 259,5 milyon dollar dəyərində mal göndəriblər.
Çin Özbəkistanla ticarət həcminə görə lider olub - ötən dövr ərzində qarşılıqlı ticarətin həcmi 3,3 milyard dollara çatıb.
ÇXR-dən başqa, Rusiya (2,9 milyard dollar), Qazaxıstan (1,5 milyard dollar) və Türkiyə (1,0 milyard dollar) Özbəkistanın əsas ticarət tərəfdaşları olub. Koreya ilə qarşılıqlı tədarük 802 milyon dollar, Almaniya ilə isə 787,4 milyon dollar təşkil edib.
JASMİN