Rusiya Nəqliyyat Nazirliyinin tabeliyində olan "Rosqranstroy" müəssisəsi tərəfindən Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsindəki "Yaraq-Qazmalar" keçid məntəqəsində yeni avtomatlaşdırılmış sistem tətbiq olunacaq.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu texnoloji həll nəqliyyat vasitələri barədə məlumatların toplanması prosesini avtomatlaşdıracaq, eləcə də onların hərəkətinin sıxlığına və hərəkət müddətinə nəzarət edəcək. Sistemin quraşdırılması Azərbaycan ərazisindən yüklərin daşınmasına artan tələbatla bağlıdır.
Bildirilir ki, “Yaraq-Qazmalar” buraxılış məntəqəsi Rusiya və Azərbaycan sərhədində ən böyük keçid məntəqəsidir. İlin sonunadək bu keçid məntəqəsində yenidənqurma işlərinin tam başa çatdırılması planlaşdırılır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu keçid məntəqəsinin buraxılış qabiliyyəti 3,5 dəfə artaraq sutkada 1870 nəqliyyat vasitəsinə çatdırılacaq ki, bunun da 1100-nü yük avtomobilləri təşkil edəcək.
TEZADLAR.AZ