Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, hazırda Qərbin Ukraynaya yardımını azaltmaq riskləri var.
Bununla belə, o, bunun baş verməyəcəyinə zəmanət verən tərəfdaşlarına inanır.
Bu barədə Ukraynanın dövlət başçısı Belçikanın Baş naziri Aleksandr De Kroonun iştirakı ilə keçirilən birgə brifinqdə danışıb.
"Dəstəyin düşəcəyindən qorxuram? Belə risklər var... amma tərəfdaşlar Ukraynanın prioritetlərini bilirlər və bunun üzərində işləyirlər.
Biz İsraildəki çox gərgin vəziyyət və onun təsiri ilə bağlı məsələni müzakirə etdik. Təbii ki, tərəfdaşlar əmin edirlər ki, Ukrayna yenə də yardım alacaq və heç kim Ukraynanı atmayacaq. Biz tərəfdaşlarımıza güvənirik”, - deyə o,vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, zənglərin sayının artması, əlbəttə ki, tərəfdaşları diqqətlərini cəmləşdirməyə məcbur edəcək, onun fikrincə, bu, tamamilə başa düşüləndir.
Beləliklə, Zelenski hesab edir ki, vəziyyət indi təhlükəlidir...
***
Xatırladaq ki, ötən gün ABŞ-da respublikaçı senator Coş Hauli də Ukraynaya ayrılan pulların İsrailə yönəldilməsinin zəruriliyini bəyan edib.
O, müvafiq təklifi X şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində səsləndirib.
"İsrail ekzistensial təhlükə ilə üz-üzədir. Ukrayna üçün istənilən maliyyə dərhal İsrailə yönəldilməlidir", - o, qeyd edib.
Daha əvvəl isə NBC telekanalı məlumat vermişdi ki, Amerika administrasiyası Ukraynaya əlavə maliyyə xahişi ilə İsrailə yardım müraciətini birləşdirmək imkanını nəzərdən keçirir.
Göründüyü kimi, artıq dünyanın diqqətinin HƏMAS terror təşkilatının İsrailə hücum etməsi fonunda Yaxın Şərqdə alovlanmış münaqişə ocağına yönəlməsi, fikirləri Ukraynadan dgər istiqamətə yönəltməkdədir. Bu ocağın nə zaman söndürüləcəyi isə məlum deyil...
Y.MƏMMƏDLİ